Məhkəmə qərarları › İş №2-1(112)-8794/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8794/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8794/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK barəsində keçirilmiş yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 21 may 2021-ci il tarixli **********142128 saylı "xxxx" aktının etibarsız hesab edilməsi və onun əsasında qəbul edilmiş 30 iyun 2021-ci il tarixdə **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixdə **********147921 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.05.2020-ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 21 may 2021-ci il tarixli **********142128 saylı "xxxx" Aktı tərtib edilmişdir. Yoxlama ilə MTK tərəfindən ƏDV üzrə 762 770,29 manat və mənfəət vergisi üzrə 216,08 manat azaldılması, eyni zamanda MTK-nin lisenziyasız fəaliyyətdən 706 268,79 manat qanunsuz xalis gəlirinin əldə edilməsi müəyyən edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 30 iyun 2021-ci il tarixdə **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla MTK-ya ƏDV üzrə 762 770,29 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 381 385,15 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 216,08 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 108,04 manat maliyyə sanksiyası, ümumilikdə 762 986,37 manat əlavə vergi hesablanmış və 381 493,19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. 22.05.2020-ci il tarixdə başlamış səyyar vergi yoxlaması 22.06.2020- ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 14 gün sonra, yəni 06.07.2020-ci il tarixli qərarla dayandırılmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 14 gün sonra qəbul edilmişdir ki, bununla da yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, 01.04.2021-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haggında” Qərarla 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, yoxlama qərara əsasən 30.04.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 18 gün sonra 18.05.2021-ci il tarixdə başa çatdırılmışdır ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Belə olan halda, vergi orqanının əlavə vergi yoxlamasının keçirilməsinə dair 01.04.2021-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Çünki, səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərarda səyyar vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Bu, həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin müddəalarından irəli gəlir. Qeyd olunmaldır ki, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201455368 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi 22.05.2020, sona çatma tarixi 10.07.2020 tarixidir. Halbuki, yoxlama 22.05.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 il keçdikdən sonra 18.05.2021-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi 10.07.2020 göstərilsə də, faktiki olaraq yoxlama 18.05.2021-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Göründüyü kimi, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Digər tərəfdən qeyd olunmalıdır ki, MTK-nın yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən ümumiyyətlə xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış edilməmiş, MTK-nın onun Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra MTK-ya onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir ki, bununla da MTK-nin hüquqları məhdudlaşdırımış və vergi organı tərəfindən kobud ganun pozuntusuna yol verilmişdir. Bundan başqa, ekspertizanı aparan “Azərekspertiza” Birliyinin ekspertinin xüsusi biliyinin olmasını təsdiq edən müvafiq sənədlər, ekspertiza ilə bağlanmış müqavilə və “Azərekspertiza” Birliyinin qiymətləndimrə fəaliyyəti sahəsində ekspertiza aparmaqsəlahiyyətinin olmasını təsdiq edən sənədlər nə ekspert rəyinə əlavə edilmiş, nə də ki MTK- ya yoxlama zamanı təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, 21 may 2021-ci il tarixli **********142128 saylı "xxxx" ilə büdcəyə ƏDV üzrə 762 770,29 manat, mənfəət vergisi üzrə 216.08 manat əlavə vəsait hesablanmış və Azərbaycan Respublikası Vergi Məcələssinin 58.1-ci maddəsinə əsasən 381 493,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması vergilərin hesablanması üçün zəruri olan sənədlər (o cümlədən götürülmüş alqı-satqı müqavilələri və sair sənədlər) əsasında aparılmışdır. MTK tərəfindən təməl qoyma 01.01.2007-ci ilədək olmuşdur. Tikintinin ümumi yaşayış sahəsi 12100,8 kv.m. və 150 mənzildən ibarət olmuşdur. Azərişıqdan alınan məlumata görə 159 sayğac quraşdırılmışdır. Quraşdırılan 159 sayğacdan 149 sayğac yaşayış mənzillərində, digər 10 sayğac qeyri-yaşayış sahələrində quraşdırılmışdır. Bu mənzillərdən 20 mənzil (cəmi 1544.8 kv/m x 650 manat) AR Dövlət Sosial Müdafiə Fonduna satdığı mənzilin 1 kv.m. 650.00 Manat təşkil etmişdir. Bunlar nəzərə alınmaqla 150 mənzilin sahəsi 12100,8 kv.m. Ötən dövr üzrə yoxlama ilə əhatə olunan sahə 3752,13 kv/m təşkil etmişdir. Eyni zamanda qeyri-yaşayış üzrə ümumi sahə 1961,1 kv/m təşkil etmişdir. Beləliklə VM-nin 67.16-cı naddəsinə əsasən 2020-ci ilin mart ayı üçün mənzillər üzrə 6803,87 kv/m üzrə 6803.87x400=2721548,0 manat, ƏDV-siz 2306396.61, ƏDV- 415151,39 hesablanmış, əlavə vəsait hesablanmış məbləğə 207575,69 manat m/s tətbiq edilmişdir.Qeyri-yaşayış üzrə 1961,1 kv/m üzrə 1961,1 x 650=1274715,0, ƏDV-siz 1080266,95, ƏDV-194448,05 hesablanmış, əlavə vəsait 97224,02 manat m/s tətbiq edilmişdir. 2019-cu ildə satdığı mənzilin 1544,8kv/m mənzil üzrə 1544,8x650=1004120 manat. ƏDV-siz 850949,15, ƏDV 153170,85 hesablanmış, əlavə vəsait 76585,42 manat m/s tətbiq edilmişdir. MTK-nın 2017-ci ildə fəaliyyəti olmadığı üçün həmin il üzrə mənfəət vergisinin hesablanmasında kənarlaşma aşkar edilməmişdir. 2018-2019-cu illər üzrə icarədən əldə etdiyi gəlirə uyğun xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı üçün Vergi Məcəlləsinin 83.9-cu və 104-cü maddələrinin tələbləri nəzərə alınmaqla NK-nın 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2018-ci il üzrə 79,36 manat, 2019-cu il üzrə 136,742 manat, cəmi 216,08 manat azaldılmasına görə 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş 21.05.2020-ci il tarixli **********200075 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyriiş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının 79-1-ci maddəsinin də tələbləri baxımından iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin fərdi işlər üzrə çıxardığı məhkəmə qərarlarında da Yoxlamanın iş günləri ilə deyil, təqvim günləri ilə aparılmalı olması ilə bağlı hüquqi mövqe bəyan edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201455368 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi 22.05.2020, sona çatma tarixi 10.07.2020 tarixidir. Halbuki, yoxlama 22.05.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 il keçdikdən sonra 18.05.2021-ci il tarixində başa çatmışdır. Göstərilənlərdən aydın olur ki, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi 10.07.2020 göstərilsə də, faktiki olaraq yoxlama 18.05.2021-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201455368 saylı çıxarışdan görünür ki, cavabdeh vergi orqanının 01.04.2021-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Beləliklə, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 30 iyun 2021-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, əvvəlki yoxlamalar ilə 3.752,13 kv.m (3500+252,13) sahənin satışı yoxlama ilə əhatə olunmuş, yoxlama ilə əhətə olunmayan 16.170,79 kv.m (19922,92-3500-252,13) qalıq sahə qalmışdır. Hal-hazırki yoxlama ilə 10.309,77 kv.m sahə yoxlama ilə əhatə edilmiş, 3.805,5 kv.m qalıq sahəsi isə yoxlama ilə əhatə edilməmişdir. Tikintinin ümumi yaşayış sahəsi 12.100,8 kv.m və 150 mənzildən ibarət olmuşdur. "xxxx" ASC-dən alınan məlumata əsasən ümumilikdə 159 sayğac quraşdırılmışdır. Quraşdırılan 159 sayğacdan 149 sayğac yaşayış mənzillərində, digər 10 sayğac qeyri-yaşayış sahələrində quraşdırılmışdır. Bu mənzillərdən 20 mənzil (cəmi 1.544,8 kv/m x 650 manat) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satdığı mənzilin 1 kv.m 650.00 manat təşkil etmişdir. Bunlar nəzərə alınmaqla 150 mənzilin sahəsi 12.100,8 kv.m. Ötən dövr üzrə yoxlama ilə əhatə olunan sahə 3.752,13 kv/m təşkil etmişdir (12.100,8-3.752,13=8.348,67) Eyni zamanda qeyriyaşayış (obyekti) üzrə ümumi sahə 1.961 kv/m təşkil etmişdir. Beləliklə VM-nin 67.16-cı maddəsinə əsasən 2020-ci ilin mart ayı üçün məzillər üzrə 6.803,87 kv/m üzrə 6.803,87x400=2721548,0 manat, ƏDV-siz 2306396,61, ƏDV-415151,39 hesablanmış, əlavə vəsait hesablanmış məbləğə 207575,69 manat m/s tətbiq edilmişdir. Qeyri-yaşayış üzrə (obyekt) 1.961,1 kv/m üzrə 1.961,1x650=1274715,0, ƏDV-siz 1080266,95, ƏDV 194448,05 hesablanmış, əlavə vəsait 97224,02 manat m/s tətbiq edilmişdir. 2019-cu il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satdığı mənzilin 1.544,8 kv/m mənzil üzrə 1.544,8x650=1004120 manat, ƏDV-siz 850949,15, ƏDV 153170,85 hesablanmış, əlavə vəsait 76585,42 manat m/s tətbiq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində vergi borcunu müəyyən edərkən inşa edilmiş bina üzrə 6.803,87 kv/m yaşayış, 1.961,1 kv/m qeyri-yaşayış və Nazirliyə satılan 20 mənzilin (1.544,8) sahələrini əsas götürmüş, həmin sahələrin hər kv.m-nə ekspert rəyində göstərilən orta bazar qiymətini tətbiq edərək 762.770,29 manat məbləğində ƏDV hesablamışdır.(415151,39+194448,05+153170,85=762.770,29). Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, hətta, qanunvericiliyin tələbləri əsasında iddiaçı tərəfindən əlavə dəyər vergisini inşa edilmiş binaların real bazar qiyməti əsasında müəyyən edilməsi mümkün olsa idi belə, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətini nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, bazar qiymeti haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, vergi orqanı 22.05.2020-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 02.06.2020-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək yaşayış və qeyriyaşayış sahələrinin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni parametrlərlə bina tikən, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-yaşayış və qeyri-yaşayış sahələrinin satıldığı gündən 30 gün ərzində hansı oxşar sahələrin daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Beləliklə, məhkəmə ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin əsassız olması ilə bağlı belə nəticəyə gəlir ki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Bundan başqa, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə səyyar vergi yoxlaması aktının məzmununa nəzər salaraq qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən ƏDV üzrə ümumilikdə 762 770,29 manat məbləğində əlavə hesablama aşağıdakı qaydada və hesabat dövründə aparılmışdır:

1. İddiaçı tərəfindən inşa edilmiş bina üzrə 6.803,87 kv/m yaşayış və 1.961,1 kv/m qeyri-yaşayış sahəsinə görə 609 599,44 manat məbləğində 2020-ci ilin mart ayı üzrə;

2. İddiaçı tərəfindən inşa edilmiş bina üzrə AR Dövlət Sosial Müdafiə Nazirliyinə satılan 20 mənzilin (1.544,8 kv/m) sahəsinə görə 153 170,85 manat məbləğində 2019-cu ilin noyabr ayı üzrə. Cavabdeh vergi orqanın ƏDV üzrə birinci hesablamasına dair məhkəmə aşağıdakı halları göstərməyi zəruri hesab edir. Məhkəmə zamanı iddiaçı tərəfindən təqdim edlmiş mənzillərin alqı-satqısına dair müqavilələrindən və borcun ödənilməsinə dair maliyyə arayışlarından görünür ki, mənzillər hazırkı yoxlama ilə əhatə edilən aprel 2017 - mart 2020-ci hesabat dövrlərində deyil, ondan əvvəlki hesabat dövrlərində təqdim edilmişdir. Belə ki, cavabdeh vergi orqanı qeyd edilən mənzillərin məhz yoxlama ilə əhatə edilən hesabat dövrlərində təqdim edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir ki, bu da bir daha həmin mənzillərin yoxlama ilə əhatə edilən hesabat dövrlərindən əvvəlki hesabat dövrlərində satılmasına dəlalət edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və iddiaçının iddia ərizəsindəki dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdeh vergi orqanı mənzillərin alqı-satqı əməliyyatlarından Vergi Məcəlləsinin 56.1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddəti ötürdüyü üçün həmin mənzillərə görə iddiaçıya əlavə vergi öhdəlikləri yarada bilməz və iddiaçını məsuliyyətə cəlb edə bilməz. Bununla bağlı qeyd edilməlidir ki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən əgər vergi ödəyicisi hər hansı dövr üzrə vergi öhdəliklərini yerinə yetirməyibsə və bu qanun pozuntusu vergi orqanı tərəfindən aşkar edilmişdirsə, həmin vergi öhdəliklərinin yerinə yetirilməsinin aid edildiyi hesabat dövründən 3 illik müddətin axımı vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edildiyi tarixədək hesablanırdı. Başqa sözlə desək, məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Başqa sözlə desək, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 21 may 2020-ci il tarixdə, yəni yeni qanunvericilikdən sonra qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsindən asılı olmayaraq yoxlamanın keçirilməsi haqqında 21 may 2020-ci il tarixdən əvvəlki 3 illik müddət ərzində vergilərin hesablanması həyata keçirilməlidir. Çünki, məlumdur ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid ediə bilər. Qeyd olunan vergilərin və mliyyə sanksiyaların 3 illik müddətin keçməsinin əsaslandırılması üçün aşağıdakı qanunvericilik normalarını məhkəmənin nəzərinə çatdırırıq: Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin, Məcəllənin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun tərədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 3 il müddəti keçdikdən sonra məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, bu isə yuxarıda istinad edilmiş Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Bundan başqa, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh vergi orqanı iddiaçıya yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə Vergi Məcəlləsinin 67.16-cı maddəsini tətbiq etməklə vergiləri hesablayarkən maddi hüquq normaların tətbiqində kobud nöqsana yol vermişdir. Belə ki, qeyd olunmalıdır ki, cavabdeh vergi orqanın istinad etdiyi 67.16-cı maddə isə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və həmin qanun yalnız 1 yanvar 2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Həmin normada isə təsbit edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Qeyd olunmalıdır ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə edilən yeni 67.16-cı maddəsi yalnız həmin tarixdən sonra olan yaşayış və qeyriyaşayış sahələrin təqdim edilməsi əməliyyatlarına tətbiq edilə bilər. İddiaçı isə 2020-ci ilin 1 yanvar tarixindən sonra hər hansı yaşayış və qeyri-yaşayış sahələri təqdim etmədiyi üçün bu barədə vergi orqanına hər hansı məlumat təqdim etməmişdir. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə görə əvvəl satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən normanı tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə ki, qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh vergi orqanı maddi hüquq normaları düzgün tətbiq etməmiş, yeni normanın qüvvəyə minən tarixədək baş vermiş əməliyyatlara sonradan qanunvericiliyə əlavə edilən normanı tətqbiq etməklə iddiaçını əlavə vergi yükünə məruz qoymuşdur ki, bununla da iddiaçının qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Ümumiyyətlə yeni qəbul edilən norma qəbul edildiyi tarixdən yalnız sonrakı əməliyyatlara şamil edilməsi qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğundur. İstisna hal kimi yalnız şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırıldığı təqdirdə həmin normanın geriyə şamil edilməsi məsələsinə baxıla bilər. Cavabdeh vergi orqanın ƏDV üzrə ikinci hesablamasına dair məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktndan göründüyü kimi əvvəlki yoxlamalar ilə 3.752,13 kv.m (3500+252,13) sahənin satışı yoxlama ilə əhatə olunmuş, yoxlama ilə əhətə olunmayan 16.170,79 kv.m (19922,92-3500-252,13) qalıq sahə qalmışdır. Hal-hazırki yoxlama ilə 10.309,77 kv.m sahə yoxlama ilə əhatə edilmiş, 3.805,5 kv.m qalıq sahəsi isə yoxlama ilə əhatə edilməmişdir. Belə ki, iddiaçı tərəfindən 2019-cu ilin noyabr ayı üzrə AR Dövlət Sosial Müdafiə Nazirliyinə satılan 20 mənzilin (1.544,8 kv/m) məhz əvvəlki yoxlamalar ilə satışı əhatə edilmiş 3 752,13 kv.m sahəsindən ibarət olduğu məhkəmə baxışı zamanı öz təsdiqi tapmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vətəndaşların mənzilin borcunu ödəyə bilmədikləri üçün həmin mənzillərin geri qaytarılmasına dair ərizələrindən və mənzillərin ödənilmiş haqqlarının geri qaytarılmasına dair məxaric orderlərindən görünür ki, satışı əvvəlki yoxlamalar ilə əhatə edilmiş 20 mənzil iddiaçıya geri qaytarılmış və iddiaçı həmin mənzilləri 2019-cu ildə yenidən Nazirliyə satmışdır. Başqa sözlə desək, iddiaçı həmin mənzillərə görə əvvəlki yoxlamaları zamanı vergiləri ödəmiş və bu səbəbdən də həmin məzillərin geri qaytarılaraq yenidən satılması vergitutma obyekti kimi çıxış edə bilməz. Ona görə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Cavabdeh vergi orqanı qeyd olunan halları və vergi qanunvericiliyinin tələblərini nəzərə almayaraq iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satmış mənzillərə görə iddiaçıya ikinci dəfə əlavə vergilər hesablamaqla kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə baxışı zamanı iddiaçının mənzillərin qaytarılaraq yenidən satılmasına dair məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyinə şübhə ilə yanaşsa da, həmin sənədlərin mötəbərliyini şübhə altına alan və həmin sənədləri təkzib edən digər hər hansı sübut və ya dəlillər məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının satdığı mənzillərə görə ƏDV-nin tətbiq edilməsi ümumiyyətlə vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə nəzər yetirildikdə görünür ki, iddiaçı 15 aprel 2008-ci il tarixdə inşa etdiyi binalar üzrə ümumi sahəsinə görə həmin anda qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi öhdəliyini (8 rübə bölməklə) hesablayaraq vergi orqanına hesabat verərək bəyan etmiş və hər rüb üzrə 21 361 manat olmaqla, ümumilikdə 8 rüb üzrə 170 888,00 manat məbləğində MTFSV hesablamış və vaxtı çatdıqca həmin vergi öhdəliyini tam olaraq yerinə yetirmişdir. Həmin zaman vergi qanunvericiliyinə görə inşa edilən binanın tikinti-quraşdırma işləri başlandığı rübdə ümumi sahəsinə görə MTFSV və mənzillərin satışı zamanı isə ƏDV hesablanırdı. Həmin vaxtda qüvvədə olan 159.9-ci maddəsinə görə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il 1704-VQD nömrəli Qanunun keçid müddəaların 2.2-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. Sadalanan normalardan göründüyü kimi, MTFSV ödəyicisi olmuş vergi ödəyicisinə mənzillər satılarkən ƏDV yalnız həmin vaxtda qüvvədə olmuş 159.9-cu maddəsində nəzərədə tutulmuş qaydada hesablana bilərdi. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019cu il 1704-VQD nömrəli Qanunla qanunverici bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisinə əvvəlki qaydada vergilərin ödənilməsi hüququnu vermiş və onun 1 yanvar 2020-ci il tarixdən sonra təqdim etdiyi yaşayış və qeyri-yaşayış sahələrə görə isə ƏDV və gəlir (mənfəət) vergisinin hesablanmasını qadağan etmişdir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının MTFSV ödəyicisi olmasını (MTFSV üzrə vergiləri hesablayaraq ödənilməsini) nəzərə almayaraq və vergi qanunvericiliyinin normalarını düzgün tətbiq etməyərək iddiaçıya ƏDV hesablamaqla onu əlavə vergi yükünə məruz qoymuşdur ki, bununla da kobud qanun pozntusuna yol vermişdir. Beləliklə, cavabdeh vergi orqanı iddiaçıya inşa etdiyi binalar üzrə həm MTFSV, həm də ki satılan mənzillərə görə yeni qayda ilə ƏDV-ni hesablamaqla vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Çünki, əgər iddiaçı inşa etdiyi binalar üzrə MTFSV üzrə hesabat verərək həmin vergiləri ödəmişdirsə, ona satdığı mənzillər üzrə yalnız hazırda qüvvədən düşmüş 159.9-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada ƏDV hesablana bilərdi. Məhkəmə mübahisələndirilən qərar əsasında iddiaçı barəsində hesablanmış 216,08 manat mənfəət vergisinə və 108,04 manat maliyyə sanksiyasına münasibətdə hesab edir ki, həmin hissədə məbləğlərin düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə prosessual pozuntulara yol verildiyindən və ən əsası aparılan yoxlama üzrə müvafiq reyestrdə zəruri qeydiyyat aparılmadığından (qərarlar əlavə olunmamış), yoxlamanın hüquqi nəticəsi olmamış, bununla da iddiaçı hüquqi nəticəsi olmayan səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş qərar üzrə hesablanmış vergi borcunu ödəməmək hüququna malikdir. Məhkəmənin qənaətinə görə, iş üzrə aparılmış araşdırma nəticəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixli qərarı üzrə hesablanmış ƏDV və mənfəət vergisi əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası MPM-nin 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən dəvət edilən və məhkəmə iclasında tədqiq edilən səyyar vergi yoxlaması barədə aktın tərtibatında iştirak edən şahid ifadələri də məhkəmə hesab edir ki, cavabdehin mövqeyinin düzgün olmasının əsası qismində çıxış edə bilməz. Belə ki, şahidlər öz ifadələrində hər nə qədər səyyar vergi yoxlamasının tərtibatının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq aparıldığı qeyd etsə də, işin yuxarıda göstərilən faktiki və hüquqi halları cavabdehin vergi hesablanması ilə bağlı hərəkətlərinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlirik ki, cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixdə **********147921 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar