Məhkəmə qərarları › İş №2-1(112)-8795/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8795/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8795/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 130, mənzil 3-ün qeyri-yaşayış sahəsinə çevrilməsi və həmin binanın birinci mərtəbəsində, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ev 130 (yeni qaydalara uyğun Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 426A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə birləşdirilərək mövcud 83,8 kvadrat metr vəziyyətdə vahid çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev l.tu (yeni"qaydalara uyğun Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 426A) ünvanında 21,40 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi vardır və mülkiyyətə müvafiq qrum tərəfindən Çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsinin üzərində 2-ci mərtəbədə, yəni Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 130, mənzil 3-də iddiaçıya məxsusdur. Həmin mənzilin də iddiaçıya məxsusluğuna dair Çıxarışı vardır. Mənzildə və qeyri-yaşayış sahəsində yenidənqurma və bərpa işləri aparılmış, mənzilə küçədən giriş qapısı qoyulmuş, qeyri-yaşayış və mənzilin qarşısında iki səviyyəli tikinti inşa edilərək, ikinci mərtəbədəki mənzil birinci mərtəbədəki qeyri-yaşayış sahəsi ilə birləşdirilmişdi. Nəticədə isə qeyri-yaşayış sahəsi ilə mənzilin birlikdə sahəsi 83,8 kvadrat metr olmuşdu. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı, 11 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 130, mənzil 3-ün qeyri-yaşayış sahəsinə çevrilməsinə və həmin mənzilin birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilməsinə, ümumi sahəsi 83,8 kvadratmetr olmaqla mövcud vəziyyətə uyğun sənədləşdirilməsinə icazə verilmişdir. Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 130, mənzil 3-ün qeyri-yaşayış sahəsinə çevrilməsi və Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 130 (yeni qaydalara uyğun Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 426A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə birləşdirilərək, mövcud vəziyyətə uyğun 83,8 kvadratmetr sahəyə birlikdə çıxarışın verilməsi üçün cavadehə ünvanladığı müraciətə bu günə kimi cavab verilməmişdir.

3. Cavabdehin etirazında qeyd olunur ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 130, mənzil 3-ün qeyri-yaşayış sahəsinə çevrilməsi və həmin binanın birinci mərtəbəsində, Bakı şəhəru Yasamal rayonu Şərifzadə küçəsi ev 130 (yeni qaydalara uyğun ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə birləşdirilərək, mövcud 83,8 kvadratmetr vəziyyətə vahid çıxarışın verilməsi öhdəliyinin cavabdeh Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən sənədlərə əsasən qeyri-yaşayış sahəsinin və mənzilin qarşısında 2 səviyyəli əlavə tikili inşa edilmişdir. Belə ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş sahəyə aiddir. Qeyd olunanlarla yanaşı birinci mərtəbə ilə ikinci mərtəbəni əlaqələndirən daxili pilləkən faktiki olaraq inşa edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmışxx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir.

II. İddianın geri götürülmüş sayılması

6. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

7. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

8. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hazırlıq icraatı iclaslarında da iddiaçı eyni qaydada iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar