Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-88/2024 26.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının pensiya alt sistemində yanlışlıq aradan qaldırılaraq məcburi dövlət sosial sığorta haqqı yenidən hesablanması ilə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Qax Rayon Filialına qarşı «işlədiyi və təhsil aldığı müddətin sığorta stajına daxil edilməsi və ailə başçısı itirməyə görə əmək pensiyasnın ləğv edilərək əlilliyə görə pensiyanın təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinə əlavə iddia ərizəsi təqdim etmiş və iş üzrə həmin ərizədə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh DSMF Qax Rayon Filialı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının iş stajı və əmək pensiyası düzgün hesablanmamışdır. Ona pensiya təyin olunarkən əmək fəaliyyətinə aid dövrdə ödənilmiş məcburi dövlət sosial siğorta haqqı düzgün hesablanmamış (2.000 manatadək kəsirlə), ali təhsil müəssisəsinə daxil olmamışdan əvvəlki əmək fəaliyyəti və ali təhsil müddət iş stajına daxil edilməmişdir. İddiaçı mövcud problemlə bağlı DSMF Qax Rayon Filialına müraciət etmişdir. Həmin şöbədən şikayətdə qeyd olunan hallara baxmadan ona pensiyasının düzgün hesablandığını bildirilmişdir. İddiaçı hesab edir ki, əmək pensiyasının az hesablanmasının səbəblərindən biri də “Dövlət sosial siğorta şəhadətnaməsi”nin soyadındakı səhvə görə 2018-ci ildə dəyişdirilməsi olmuşdur. Belə ki, əvvəlki şəhadətnamədə onun soyadı “Səfərova” kimi qeyd olunmuşdur. Bununla yanaşı, DSMF Qax Rayon Şöbəsi 13 mart **********8 nömrəli məktubunda iddia edir ki, əri X4 vəfatından sonra onun pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 14, 17 və 18-ci maddələrinə əsasən (ailə başçısını itirməyə görə əmək pensiyası) iddiaçı və qızı X9 arasında bölüşdürülmüşdür. İddiaçı İ qrup əlilliyə görə əmək pensiyası alır və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçı isə, əliliyyə görə əmək pensiyası almaq istəmiş və hazırda da alır. Mərhum əri X4 ölümündən sonra əmək qabiliyyəti olmayan ailə üzvü kimi iddiaçıya təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasından qanun yol vermədiyi üçün imtina etmişdir. Həmin pensiya (ailə başçısını itirməyə görə əmək pensiyası) övladı X5 təyin edilmiş, lakin sonradan həmin pensiya məbləği qanunsuz olaraq bölünmüş və X5 əmək pensiyasının artıq ödənildiyi iddia olunan 1 may 2018-ci il tarixdən 30 noyabr 2019-cu il tarixədək olan hissəsi geri tutulmuşdur. Halbuki, bu halda da ya şəxsin razılığı, ya da məhkəmə qərarı olmalı idi. Göründüyü kimi, DSMF Qax Rayon Filialının qanunsuz hərəkətlərinə görə iddiaçı və övladı X9 çətinliklərlə üzləşir. Qeyd olunan məsələlərlə bağlı DSMF Qax Rayon Filialına dəfələrlə müraciət olunsa da, həmin müraciətlərdən yalnız ikisinə DSMF Qax Rayon Şöbəsinin 13 mart 2020ci il tarixli **********8 nömrəli məktubu və DSMF-nin 26 oktyabr 2020-ci il tarixli **********7 nömrəli məktubu ilə cavab vermişdir. Digər müraciətlər cavablandırılmamışdır. 1 oktyabr 1956-cı il tarixdə qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiya təminatı haqqında» SSRİ Qanununun müddıalarına və Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən təhsil müddəti iş stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 60-cı maddələrinə, İPM-in 34.1, 35.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına əsaslanaraq, iddiaçının 7 oktyabr 1979-cıı il tarixdən 29 noyabr 1982-ci il tarixədək Qax Rayon İstehsalat Kombinatının Tikiş sexində işlədiyi müddətin və 1 dekabr 1982-ci il tarixdən 19 iyul 1988-ci il tarixədək ali təhsil aldığı müddətin sığorta stajına daxil edilməsi, soyadı ilə bağlı yanlışlığın mərkəzləşmiş vahid pensiya programı olan "PAS''-da (pensiya alt sistemi) düzəliş edilərək məcburi dövlət sosial siğorta haqqının yenidən hesablanması, iddiaçıya razılığı olmadan təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının ləğv edilməsi və əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Şəki İnzibati Məhkəməsinin qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinə vəsatət təqdim etmiş və vəsatətdə bildirilmişdir ki, iş materiallarına əsasən İddiaçı TSEK-in 30 aprel 2014-cü il tarixli qərarı ilə əlillik səbəbi “Ümumi xəstəlik”lə əlaqədar olmaqla 2 il müddətinə İ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Daha sonra İddiaçı müraciəti əsasında 16 may 2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iddiasında 3 tələb irəli sürür. O, işlədiyi və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını, soyadına PAS-da düzəliş edilərək məcburi dövlət sosial sığorta haqlarının yenidən hesablanmasını və ona razılığı olmadan təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının ləğv edilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 1979 – 1982-ci illərdə Qax RİK Tikiş Sexində işlədiyi dövr ona ilkin əlilliyə görə əmək pensiyası təyin edilən zaman nəzərə alınmışdır. Ona məxsus əmək kitabçasına müvafiq olaraq iddiaçı 1979 – 1982-ci illərdə Qax RİK Tikiş Sexində, 12 dekabr 1988-ci il tarixdən 5 iyun 2000-ci il tarixədək və 20 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək X21 İdarəsində işlədiyi dövr nəzərə alınmaqla 2006-cı il tarixədək 18 il 09 ay 02 gün və 2006-cı il tarixdən sonrakı dövr üçün 6 il 10 ay olmaqla, ümumilikdə 25 il 7 ay sosial sığorta stajına müvafiq olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi Qax RİK-də işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmişdir. İddiaçı ona 16 may 2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilən zaman onun ali təhsil alması barədə diplomu təqdim etməmişdir. Eyni zamanda həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq təhsil illərinin staja daxil edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 2006 – 2008-ci illər, “X20 və Satışı” MMC tərəfindən 2006 – 2010-cu illər və “Azəriqaz” İB tərəfindən 2011 – 2014-cü illər ərzində təqdim edilmiş hesabatlara müvafiq olaraq onun məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta hagları PAS-a daxil edilmişdir. Müvafig məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məsələlər DSMF-nin müvafiq filialının deyil, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olan halda iddiaçının bu tələbi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı deyil, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı yönəlməlidir. X10 vəfat etdikdən sonra iddiaçının övladı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 1 may 2018-ci il tarixdən 30 noyabr 2019-cu il tarixədək 1.659,36 manat məbləğində artıq vəsait ödənilmişdir. Ailə başçısını titirməyə görə əmək pensiyası təyin edilən zaman buna yalnız X6 hüququ olmuşdur. Belə ki, iddiaçı həmin vaxt əlilliyə görə əmək pensiyası almışdır. Sözügedən mübahisəli məsələ ilə bağlı qeyd edilməlidir ki, iddiaçının bu tələbə subyektiv hüququ yoxdur. Belə olan halda o, bu tələb ilə iddia irəli sürə bilməz. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 22 dekabr 2021-ci il tarixli məktubunda bildirilir ki, Cəfərova X1 elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə xxxxxxx FİN koda bağlı **********207 saylı sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alınmışdır. “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə X11 adlı sığortaolunan uçota alınmamışdır. Sığortaolunan üçün ilkin sosial sığorta şəhadətnaməsi sifariş verilən zaman soyadı səhv qeyd olunduğundan sığortaedən “Azəriqaz” İB (SUN: **********8) tərəfindən sığortaolunanın soyadında müvafiq dəyişikliyin olunması ilə bağlı 19 dekabr 2017-ci il tarixdə “Dövlət sosial sığorta şəhadətnaməsində yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edilməsi” səbəbindən eyni sosial sığorta nömrəsi ilə yeni sosial sığorta şəhadətnaməsi sifariş verilmişdir. “«Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 23 aprel 2021-ci il tarixli 297-VİQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 1 yanvar 2021-ci il tarixdən etibarən sosial sığorta şəhadətnaməsi ləğv edilmişdir. Sığortaolunanın **********207 saylı sosial sığorta nömrəsində yığılan pensiya kapitalı pensiya təyinatı zamanı nəzərə alınacaqdır. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə olunmuşdur: 1) İddiaçı əmək pensiyasının təyin olunması ilə əlaqədar onun 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə fərdi hesabında nəzərə alınıbalınmaması, habelə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının hesablanmasının düzgünlüyünün müəyyən edilməsi; 2) İddiaçı təyin olunmuş dövlət sosial sığorta şəhadətnamələrinə (AA 1729250, FİN xxxxxxx) dair hesabların vahid və ya ayrıayrı olmasının müəyyən edilməsi; 3) həmin sığorta şəhadətnamələrində şəxsin adının (soyadın) fərqli olmasının İddiaçı pensiya təyinatına təsirinin olub-olmaması, ona pensiya təyinatı zamanı pensiya kapitalında hansı şəkildə nəzərə alınmasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 11 yanvar 2023-cü il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 9/4414 nömrəli “ekspert rəyi”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci sual üzrə) İddiaçı pensiya işi ilə bağlı sənədlər Mərkəzə təqdim olunmadığından və DSMF-nin mütəxəssisi məsələ ilə baölı fikir bildirmədiyindən, ekspert qarşısında qoyulmuş 1-ci sual üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı; - (2-ci və 3-cü suallar üzrə) Ekspert qarşısında qoyulan 2-ci və 3-cü suallar məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 27 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubu 10 yanvar 2023-cü il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 27 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə xxxxxxx saylı FİN-ə bağlı **********207 saylı sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alınmışdır. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta nömrəsi sığortaçı tərəfindən srğortaolunana verilən daimi (dəyişməz) nömrədir. MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə soyad, ad və ata adı “X11” olan sığortaolunan aşkar edilməmişdir. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış 27 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə xxxxxxx saylı FİN-ə bağlı **********207 saylı sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alınmışdır. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta nömrəsi sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrədir. MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların 'eyestri” bölümündə soyad, ad və ata adı “X11” olan sığortaolunan aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur: 1) İşdə olan materiallara əsasən İddiaçı əmək pensiyasının təyin olunması ilə əlaqədar onun 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə fərdi hesabında nəzərə alınıb-alınmaması, habelə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının hesablanmasının düzgünlüyünün müəyyən edilməsi; 2) İddiaçı təyin olunmuş dövlət sosial sığorta şəhadətnamələrində (AA 1729250, FİN xxxxxxx) şəxsin adının (soyadın) fərqli olmasının İddiaçı pensiya təyinatına təsirinin olub-olmaması, ona pensiya təyinatı zamanı pensiya kapitalında hansı şəkildə nəzərə alınmasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli məktubu və ekspertinin Mərkəzin ekspertinin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə iş materialları məhkəməyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə ekspert qarşısında eyni suallar (13 aprel 2023-cü i tarixli qərardaddakı) qoyulmaqla iş materialları ekspertiza keçirilməsi üçün Ədliyyə Nazirliyinə gösdərilsə də, Məhkəzin 21 dekabr 2023cü il tarixli məktubu və ekspertinin Mərkəzin ekspertinin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə iş materialları məhkəməyə qaytarılmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 22 dekabr 2023-cü il tarixli məktubunda bildirilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı 29 yanvar 2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Onun təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 1 sentyabr 1983-cü il tarixdən 25 iyul 1988-ci il tarixədək təhsil aldığı dövr nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 23 il 7 ay sığorta stajı müəyyən edilmişdir. (23 + (7 : 12 ay) x 170 = 4.009,17 manat. Həmin məbləğin 2014-cü il tarixinə indeksləşdirilmiş məbləği 7.335,58 manat. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 29 yanvar 2014-cü ii tarixədək qeydə alınmış pensiya kapitalı 3.772,18 manat (2014-cü il tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH – əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxii olmaqla); Т – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К – sığorta davamiyyəti əmsalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il tarixində sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda adıçəkilən şəxsə münasibətdə 29 yanvar 2014-cü il tarixdə vətəndaşın 51 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 144 ay sığorta stajı tələb olunur ((51 – 15) x 4 = 144). К – 144/184 = 0,78, KT – 0,78 x 144 = 112,7, SH – (7335,58 + 3772,18) : 112,7 = 98,56 manat. Nəticədə 29 yanvar 2014-cü il tarixə iddiaçının əmək pensiyasının əsas məbləği; BH – 100 + SH – 98,56 = 198,56 manat hesablanmışdır. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək aşağıdakı qaydada hesablanmışdır: 1 yanvar 2015-ci il tarixə 98,56 + 98,56 x 1,4% + 100 (baza hissə) = 199,94 manat, 1 yanvar 2016-cı il tarixə 99,94 + 99,94 x 4% + 100 (baza hissə) = 203,94 manat, 1 fevral 2016-cı il tarixə 103,94 + 110 (baza hissə) = 213,94 manat, 1 yanvar 2017-ci il tarixə 103,94 + 103,94 x 12,4% + 110 (baza hissə) = 226,83 manat, 1 yanvar 2018-ci il tarixə 226,83 + 226,83 x 5,7% = 239,76 manat, 1 yanvar 2019-cu il tarixə 239,76 + 239,76 x 3% = 246,95 manat, 1 yanvar 2020-ci il tarixə 246,95 + 16,6% = 287,94 manat, 1 yanvar 2021-ci il tarixə 287,94 + 11,4% = 320,66 manat, 1 yanvar 2022-ci il tarixı 320,66 + 3,4% = 331,56 manat, 1 yanvar 2023-cü il tarixə 331,56 + 16,6 (maddi yardım) + 14,7% = 399,41 manat. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə iddianın “iddiaçının işlədiyi və təhsil aldığı müddətin sığorta stajına daxil edilməsi” hissəsində iş üzrə icraata xitam verilmiş və iddia “ailə başçısı itirməyə görə əmək pensiyasnın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddi tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir, 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi – fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir, 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi – fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, mövcud əmək pensiyaları haqqında qanunvericiliyin normaları şəxsin əmək pensiyasının formalaşdırılması mənbələrindən biri kimi onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğini nəzərdə tutur. Bu isə belə qənaət yaradır ki, əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının ona təyin olunmuş pensiya pensiyasının məbləğində xüsusi çəkisi var və hər bir əmək pensiyaçısının həmin pensiya kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmasında marağı var. Bu baxımdan hazırkı İddiaçı da müvafiq dövrdə əmək fəaliyyəti üzrə DSMF orqanı tərəfindən adına iki dövlət sosial sığorta şəhadətnaməsi (birində soyadı fərqli göstərilməklə) verildiyini və hər şəhadətnamə üzrə müvafiq hesablarda pensiya kapitalının yığıldığını əsas gətirərək, ona təyin olunmuş pensiya məbləğində yalnız bir hesab üzrə məbləğin nəzərə alındığını iddia edir və cavabdeh tərəfindən yenidən hesablanmanın aparılmasını tələb edir. Məhkəmə icraatında tərəflərin mülahizələri, təqdim edilmiş sənədlər və təyin edilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğində onun hesabında hər iki şəhadətnamə üztə toplanmış pensiya kapitalının nəzərə alındığı tam təsdiqlənmir. Məhkəmə diqqətə çəkir ki, tədqiq olunmuş 11 yanvar 2023-cü il tarixli 9/4414 nömrəli ekspertiza rəyində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə İddiaçı xxxxxxx FİN koda bağlı **********207 saylı sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alındığı və Sığortaolunanların reyestri” bölümündə soyad, ad və ata adı “X11” olan sığortaolunanın (ikici şəhadətnamə üzrə) aşkar edilmədiyi qeyd edilsə də, bu, yalnız cavabdeh inzibati orqanın ekspertə ünvanlanmış məktubuna əsasən gəlinən nəticədir ki, məhkəmə rəyi həmin hissədə mötəbər qiymətləndirmir. Ekspertin qənaəti işin həllində marağı olan tərəfin sadə yazılı mülahisəsi əsasında açıq bəyan olunmuşdur və ekspertiza tədqiqatında digər tutarlı sübuta istinad olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan qeyd olunan məsələdə özünün mövqeyini heç bir sübut və dəlillə əsaslandırmamışdır. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiamının adına iki şəhadətnamənin tərtib olunması birbaşa DSMF orqanının iradəsi üzrə hərəkətinin (səhvinin) nəticəsidir. Odur ki, yol verilən texniki uyğunsuzuq aradan qaldırılmalı və iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış bütün pensiya kapitalı ona təyin olunmuş əmək pensiyasının məbləğində yer almalıdır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin hərəkəti (imtinası qanuni sayıla bilməz. və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 68-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı pensiya alt sistemində yanlışlıq aradan qaldırılaraq məcburi dövlət sosial sığorta haqqının yenidən hesablanması ilə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı pensiya alt sistemində yanlışlıq aradan qaldırılaraq məcburi dövlət sosial sığorta haqqının yenidən hesablanması ilə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-88/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-88/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver