Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-880/2021 10.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçı Kamilov Mirmehdi Kamil oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Kamilov Mirmehdi Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı «iddiaçının kredit borcu ilə bağlı kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona kompensasiya hesablanması» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kamilov Mirmehdi Kamil oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «artıq ödənilmiş pul vəsaitinin iddiaçıya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, "xxxx" ASC tərəfindən artıq tutulmuş 3.440 manat pul vəsaitinin ona qaytarılmasına dair müraciətə dair cavabda qeyd olunur ki, iddiaçı (Kamilov Mirmehdi Kamil oğlu) ilə ASC-nin Şamaxı Filialı arasında 22 yanvar 2015-ci il tarixdə illik faiz dərəcəsi 13,2% olmaqla 6 ay müddətinə 3.850 ABŞ dolları və 6 avqust 2015-ci il tarixdə 6 ay müddətinə 4.130 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Artıq ödədiyi 3.440 manat pul vəsaiti Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən ona qaytarılmalıdır. Odur ki, məhkəmədən həmin vəsaitin qaytarılması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 12 iyun 2020-ci il taroxli qərardadı ilə "xxxx" ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçının kredit borcu ilə bağlı kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona 3.440 manat məbləğində kompensasiya hesablanması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı Kamilov Mirmehdi Kamil oğlu iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan "xxxx" ASC-nin 5 dekabr 2019-cu il tarixli arayışında aşağıdakılar bildirilir: - "xxxx" ASC (Şamaxı Filialı) ilə Kamilov Mirmehdi kamil oğlu arasında bağlanmış 6 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.130 ABŞ dolları məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu 9 fevral 2016-cı il tarixdə Banka tam qaytarılmş və ona hesablanmış faizlər tam ödənilmişdir. Kamilov Mirmehdi Kamil oğlunun həmin kredit müqaviləsi üzrə 5 dekabr 2019-cu il tarixə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Kamilov Mirmehdi Kamil oğluna ünvanlanmış 20 fevral 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bank tərəfindən müraciətə baxılmışdır. Kamilov Mirmehdi Kamil oğlu ilə "xxxx" ASC-nin Şamaxı Filialı arasında 22 yanvar 2015-ci il tarixdə illik faiz dərəcəsi 13,2% olmaqla 6 ay müddətinə 3.850 ABŞ dolları, 06 avqust 2015-ci il tarixdə 6 ay müddətinə 4.130 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə banklara fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, banklara tövsiyə olunmuşdur ki, banklar həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Qeyd olunan Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatasına banklarla birlikdə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fətmana əsasən hər bir bank üzrə restrkturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixdə təsdiq edilmiş «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi. Məhkəmə qeyd edir ki, iddiaçı Kamilov Mirmehdi Kamil oğlunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi ilə bağlı hərəkətləri (hərəkətsizliyi) əsassızdır. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının götürdüyü kreditin məbləği və verilmə tarixi, habelə decikdirmə müddəti onun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə kompensasiya ödəniləcək şəxslərin siyahısına daxil olunmasına əsas verir. İddia tələbində kompensasiyanın məbləği kimi “3.440 manat” isə işin mübahisə olunmayan halıdır (cavabdeh tərəf bunu mübahisələndirmir), Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı Kamilov Mirmehdi Kamil oğlunun kredit borcu ilə bağlı kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona 3.440 manat məbləğində kompensasiya hesablanması öhdəliyi cavabdeh AR Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Kamilov Mirmehdi Kamil oğlunun kredit borcu ilə bağlı kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona 3.440 manat məbləğində kompensasiya hesablanması öhdəliyi cavabdeh AR Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-880/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-880/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver