Məhkəmə qərarları › İş №2-1(112)-880/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-880/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-880/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X8 və X4, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili X14 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X8, X10 və X27) “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarının icarədarı hesab edilməsinə, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onunla ayrıca icarə müqaviləsinin bağlanması öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-ci ildən mübahisəli Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 75.99 kv.metr yaşayış sahəsi olan 31 saylı mənzilində yaşayır. O, 1997-ci ildə vəfat etmiş əri X13 ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin gəlib orada yaşamağa başlamışdır. Gəldiyi gündən onların ailə mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarında yaşayıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3091/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və oğlu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 salı evin 31 saylı mənzilinin 16,69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmüşlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-986/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə ərizə göndərərək cavabdehdən həmin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 salı evin 31 saylı mənzilinin 16,69 kv.mdən ibarət 5 və 6 saylı otaqlarına dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Lakin məktubun cavabdehə xx.xx.2020-ci il tarixdə çatmasına baxmayaraq indiyədək onu cavablandırmamışdır. Mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı 2000-ci ildə vəfat etmiş qaynatası X9 olmuşdur. Mənzildə yaşayan maraqlı şəxslərlə aralarında daim mübahisə olduğundan razılığa gəlib mənzili indiyədək özəlləşdirə bilməmişlər. Onlarla aralarında kommunal ödənişlərinin aparılmasında daim mübahisələr baş verir. Hər dəfə işıq, su, qaz və digər kommunal xidmətlərə görə ödənişlərin verilməsi vaxtı gələrkən heç cür razılığa gələ bilmirlər. Bu xidmətlərə görə daim borc olduğundan, hətta yaşayış yerindən arayış almaq mümkün olmur. Həmin səbəbdən də iddiaçı mübahisəli mənzilin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlara dair onunla ayrıca icarə müqaviləsinin bağlanmasını istəyir. Onunla qeydiyyatda olan oğlu və qızı buna razıdırlar. İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqların icarədarı hesab edilməyi, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onunla ayrıca icarə müqaviləsinin bağlanmasını istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5893/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadı ilə X8, X10 və X27 hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın yazılı münasibəti (yazılı etirazı) məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Z-34-091 saylı, xx.xx.2020-ci il tarixli ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarının şəxsi hesab vərəqələrinin ayrılmasını və həmin otaqlara dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasında müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Şıxnısibovna və X15 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına yalnız köçürülməsi haqqında qətnaməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlər və mövcüd qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5893/2021 nömrəli, 02 iyul 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçılar İddiaçı və X15 cavabdehlər X5, X7 və X16rşı “mənzilə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi və ayrıca şəxsi hesab vərəqəsinin ayrılması barədə” ilkin iddia, X1 və X4 cavabdehlər İddiaçı və X21 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” qarşılıqlı iddialarına dair mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5893/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X8, X10 və X27) “şəxsi hesabın ayrılması və ayrıca icarə müqaviləsinin bağlanması” barədə iddia tələbinə dair iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci ildə elektron kabinet vasitəsilə iddia ərizəsinə dəqiqləşmə verərək İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarına dair ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli orderi əsasında Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı 05 otaqlı mənzili X2 adına onunla birlikdə yaşayan 06 nəfər ailə üzvü (Zəkiyeva Pərixan, X12, X13, X8, X11, X29) ilə birlikdə yaşamaq üçün verilmişdir. İddiaçılar İddiaçı və X26 cavabdehlər X5, X7 və X16rşı Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin müvafiq olaraq 5 və 6 literli 16,69 kv.m-dən ibarət otaqlarına köçürülmələri, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onların həmin otaqların icarədarı hesab edilməsi barədə ilkin iddia ərizəsi ilə, cavabdehlər isə iddiaçıların Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və X1 həmin mənzilin icarədarı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3091/2020 nömrəli, 13 avqust 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı və X15 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmələri, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqllı iddiaçılar X8 və X4 cavabdehlər İddiaçı və X21 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və X1 həmin mənzilin icarədarı hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-986/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh-iddiaçı İslixan Zəkiyeva tərəfindən verilmiş apelyasiya şikayəti rədd edilmiş, iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4958/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-986/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubunda qeyd olunmuşdur ki, G.Şıxlinski, ev 52, mənzil 31-də faktiki yaşayanlar və qeydiyyatda olanlar: 1. X17 q-1963, 2. X22 q-1959. Qeydiyyatda olan və yaşamayanlar: 1. İddiaçı Şıxnasib q-1957-2019-cu il tarixdən yaşamır, 2. X26 1988-2019-cu il tarixdən yaşamır, 3. X27-2017-ci ildən Rusiya Federasiyasında təhsilini davam edir, yaşamır, 4. X30 q-2004-cü il tarixdən ailə qurub, yaşamır. Göstərilən mənzil mərhum X3 (2000-ci ildə vəfat edib) adına olub, mənzil bu günə gədər sərəncam ilə heç kimin adına keçməmişdir. Kirayə müqaviləsi bu günə qədər mərhum Q.S.Zəkiyevin adınadır. Həmin məktubla göndərilmiş 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 1113 nömrəli şəxsi hesab vərəqəsinə əsasən G.Şıxlinski küçəsi, ev 52, mənzil 31, 5 nömrəli otağın sahibi X6r (1991 (ölüb)). Yaşayanlar: X8 - qızı 1963, X10 - qızı 1959, İddiaçı Şıxnəsib - gəlini 1957, X27 - nəvəsi 2000, X26 - nəvəsi 1988, X23 - nəvəsi 1981. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarına ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın qəbul edilməsi barədə ərizəsinə (müraciətinə) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən baxılması üçün 2 (iki) aylıq müddət təyin edilməsi və cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 948 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, Z-34-91 nömrəli məktubla rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadıqları Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 nömrəli evin, 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarının şəxsi hesab vərəqələrinin ayrılmasını və həmin otaqlara ayrıca sosial kirayə müqaviləsi bağlanmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən məsələ ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və X15 Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 52 nömrəli evin, 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına yalnız köçürülməsi haqqında qətnaməsi təmin edilmişdir. Bildirilir ki, 11.11 2020-ci il tarixli, Z-34-091 nömrəli məktubla vətəndaş İddiaçı nəzərinə çatdırılmışdır ki, mövcüd qanunvericiliyin tələbləri nəzərə alınaraq xahişini təmin etmək imkanımız xaricindədir, nəzərinizə çatdırırıq ki, rayon İcra Hakimiyyəti olaraq sözügedən Dövlət Mənzil fondunun yaşayış sahəsinin otaqları ayrıca yaşayış vahidi olmadığına, həmin yaşayış sahəsinə iki və sair ailələrlə ayrıca kirayə müqaviləsinin bağlanması hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Mənzil Məcəlləsinin 52-ci maddəsinə aiddir. Beləliklə, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı və X15 Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin müvafiq olaraq 5 və 6 saylı otaqlarına köçürülmələri qət edilmişdir. Hazırkı halda sözügedən mənzildə üçüncü şəxslər X8, X10 və X27 yaşayır və onlarla iddiaçılar aralarında mübahisə olduğundan mənzilin istifadəsində razılığa gələ bilmirlər. İddiaçı hazırkı inzibati məhkəmə icraatında Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı 1987-ci ildən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmış və müvafiq olaraq həmin tarixdən icarədarın ailə üzvü kimi mənzildə yaşamaqla əvvəlki Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin göstərişlərinə uyğun olaraq mənzildən istifadə hüququ əldə etmişdir. Beləliklə, iddiaçının mübahisəli mənzilə istifadə hüququ mövcuddur və o, mənzilin icarədarı olmuş şəxsin ailə üzvü kimi onunla bərabər hüquqlara, o cümlədən mənzilin otaqlarına dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi ilə bağlı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin mənzilin balansında olduğu Xətai rayonu ərazisində fəaliyyət göstərən Xətai Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyi nəzərə alındıqda hesab edilir ki, mübahisəli mənzilə dair sərəncam vermək hüququ da məhz Xətai Rayon İcra Hakimiyyətinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. Məcburetmə haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İstinad olunan normadan görünür ki, məhkəmə məcburetmə haqqında iddia tələbini yalnız o halda təmin edir ki, cavabdehin imtinası, yaxud hərəkətsizliyi müraciət edən şəxsin hüquqlarının pozulmasına səbəb olsun. İşin yuxarıda istinad olunan hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı halda belə bir pozuntu baş verməmişdir. Belə ki, tərəflərin mübahisəli mənzilə hüquqlarının yarandığı dövrdə (xx.xx.2009-cu il tarixədək) qüvvədə olan Mənzil Məcəlləsinin: -51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. - 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. İstinad olunan normalardan görünür ki, qanunverici icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə dair ayrıca icarə müqaviləsinin bağlanmasının mümkün hesab edilməsi üçün iki şərt müəyyən etmişdir:

1. həmin sahənin təcrid olunmasının mümkünlüyü;

2. həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı. Qanunvericilyə əsasən yalnız bu iki şərt ödənildiyi halda icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə münasibətdə ayrıca icarə müqaviləsinin bağlanması mümkündür. İşdən görünür ki, İddiaçı və oğlu X15 məhkəmənin qünuni qüvvəyə minmiş qətnaməsi ilə sözügedən dövlət mənzil fonduna aid mənzilin 5 və 6 saylı otaqlarına köçürülmələri qət edilmiş, iddiaçı tərəflə həmin mənzildə yaşayan üçüncü şəxslərin iddiaçının qeyd edilən otaqlarla bağlı ayrıca kirayə müaviləsinin bağlanmasına razılıqları yoxdur. Belə olan halda aydındır ki, hazırkı halda cavabdeh iddiaçının müraciətini təmin edə bilməzdi. Yuxarıda qeyd olunan normadan məlum olduğu kimi, ayrıca icarə müqaviləsinin bağlanması ilə bağlı mübahisə mövcuddursa, bu mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Məhkəmənin qənaəti belədir ki, bu həll qaydası yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması ilə mümkündür. Belə ki, yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bir neçə şəxsin birlikdə yaşamalı olduğu mənzildə də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Bu baxımdan əgər yaşayış sahəsindən kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisənin analogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur. Beləliklə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə ayrıca icarə müqaviləsinin bağlanması ilə bağlı ailə üzvləri arasında razılıq olmadıqda ilk növbədə mənzilin təcrid edilməsinin mümkünlüyü nəzərə alınmaqla mülki mühakimə icraatı qaydasında yaşayış sahəsinin ayrı-ayrı hissələrindən istifadə qaydaları müəyyən edilməli, həmin qaydalar müəyyən edildikdən sonra ayrıca kirayə müqaviləsinin bağlanması üçün müvafiq yerli icra hakimiyyəti orqanına müraciət olunmalıdır. Hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə iddiaçının mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi qət edilsə də bu hal iddiaçı və üçüncü şəxslərin mənzildən istifadə qaydalarının artıq məhkəmə qaydasında müəyyən edildiyi qənaətinə gəlməyə əsas vermir. Belə ki, mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə İddiaçı (həmçinin oğlu) sözügedən mənzilə bütövükdə istifadə hüququ tanınıb və eyni zamanda qətnamə ilə ona qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində də qeyd edilmişdir ki “(...) birinci instansiya məhkəməsi düzgün olaraq mənzilin 5 və 6 literli iki otağına köçürülməsini qət edib. Mənzilin həmin iki otağı ayrıca yaşayış vahidi deyil, lakin iddia ərizəsində iki otağa köçürülmə tələb olunduğuna görə belə nəticənin qət edilməsi Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin göstərişinə uyğundur” Başqa sözlə, hazırkı halda yalnız iddiaçının məhz iddia tələbinə uyğun olaraq oğlu N.N.Zəkiyevlə birlikdə dövlət mənzil fonduna aid mübahisəli mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi qət edilmişdir. Eyni zamanda, iddiaçının N.N.Zəkiyevlə birlikdə həmin mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi hələ mənzilin digər istifadəçilərinin həmin otaqlardan istifadə etməməsi və yaxud əksinə mənzilə istifadə hüququ tanınmış iddiaçının köçürüldüyü otaqlardan başqa yaşayış sahəsinin digər hissələrindən istifadə etməməsi, mənzildə yaşayanların yaşayış sahəsinin hissələrindən istifadə qaydalarının müəyyən edilməsi demək deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən mübahisəli mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydası ilə bağlı razılıqlarının olmaması hazırkı halda iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsini istisna etdiyindən iddia tələbi təmin edilə biməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar