Məhkəmə qərarları › İş №2-1(112)-8800/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8800/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8800/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) ilə bacısı X4 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanılmış və 4Ə-654 nömrəsi ilə reyestrdə qeydə alınmış 04 iyul 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,21 kv.metr, yaşayış sahəsi 31.22 kv.metr olan 2 otaqlı mənzil onun mülkiyyətinə verilmişdir.

2. İddiaçı 22.06.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 33 ünvanında yerləşən 20 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh **********62 nömrəli, 23.06.2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və qeyd etmişdir ki, məsələ ilə bağlı 15.07.2017-ci il tarixli **********83 nömrəli məktubla cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır.

4. Bundan sonra İddiaçı 26.07.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanılmış 4Ə- 654 reyestr nömrəli 04 iyul 2017-ci il tarixli daşınmaz əmlakı bağışlama müqaviləsinə əsasən ona bağışlanmış Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 33 ünvanında yerləşən 20 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8800/2021 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

6. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və bildirdi ki, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-654 reyestr nömrəli 04.07.2017-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasına əsas olmuş ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışın etibarsız hesab olunduğu haqqında mətbuatda elan və Bakı şəhər Baş Polis İdarəsinin 039-10693-1217 saylı, 03.07.2017-ci il tarixli Arayışı idarəyə daxil olmuşdur. Bununla əlaqədar vətəndaş X1 mənzilə dair RX ******* nömrəli 08.07.2021-ci il tarixli yeni çıxarış təqdim edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********356 saylı 12.08.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

8. Üçüncü şəxsin nümayəndəsi (vəkili) iddiaya etiraz edərək, bağışlanma müqaviləsinin mülki mühakimə icraatı qaydasında mübahisələndirildiyini və buna görə hazırkı tələbin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

10. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

11. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

13. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

14. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

15. Məhkəmə qeyd edir ki, işdə olan 04.07.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 (onun adından etibarnamə əsasında X6 çıxış etmişdir) DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.02.2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 20 saylı mənzili İddiaçı bağışlamışdır.

16. X3 təmsil etməsinə və 04.07.2017-ci il tarixli müqaviləni bağlamasına əsas olan 01.07.2017-ci il tarixli 7E-10283 reyestr nömrəli etibarnaməyə 08.07.2017-ci il tarixdə xitam verilmişdir.

17. Həmçinin G.Yaqubova onun adına olan ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itdiyi üçün onun etibarsız sayılması barədə mətbuatda elan vermişdir.

18. Bakı şəhər Baş Polis İdarəsinin 03.07.2017-ci il tarixli məktubundan görünür ki, G.Yaqubovaya məxsus olan ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilə dair verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

19. G.Yaqubova tərəfindən dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması haqqında mətbuatda elan və Bakı şəhər Baş Polis İdarəsinin 039-10693-1217 saylı, 03.07.2017-ci il tarixli arayışı cavabdehə təqdim edildikdən sonra cavabdeh G.Yaqubvanın müraciəti əsasında 08.07.2017-ci il tarixdə G.Yaqubovaya ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilə dair ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir.

20. Həmin çıxarışın verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsvirinə əsasən: - 1.2. Dövlət reyestrindən çıxarış ciddi hesabat sənədidir və onun iki hərfdən ibarət seriyası və yeddi rəqəmdən ibarət nömrəsi olur. - 1.3. Dövlət reyestrindən çıxarışı qanunla müəyyən olunmuş qaydada hüquqların qeydiyyatı üçün əsas olan sənədlər əsasında, Azərbaycan Respublikasının dövlət dilində, A4 formatlı qoruyucu nişanlı xüsusi kağızda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərtib edir. - 1.4. Dövlət reyestrindən çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda – hüquq sahibinə (sahiblərinə), daşınmaz əmlak üzərində hüquqların yüklülüyü qeydiyyata alındıqda – xeyrinə hüquq yüklü edilən şəxsə (şəxslərə) bu sənədin 1 və 2 nömrəli əlavələrində göstərilən nümunələrdə verilir. - 2.5. Dövlət reyestrindən çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat dövlət reyestrindən çıxarışı verən qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. - 2.6. Dövlət reyestrindən çıxarış itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən çıxarış itirildikdə şəxsə yeni çıxarış deyil, onun dublikatı verilir. Lakin cavabdeh G.Yaqubovaya dublikat əvəzinə yeni qeydiyyat nömrəli çıxarış vermişdir.

21. Belə olan halda aydın olur ki, iddiaçı ilə G.Yaqubova arasında bağlanmış müqavilədə istinad olunan çıxarış hazırda mövcud deyil, G.Yaqubova həmin çıxarşın itirilməsi ilə bağlı etibarsız hesab olunması barədə mətbuatda elan dərc etdirmiş və 08.07.2017-ci il tarixdə mübahisəli əmlaka dair yeni çıxarış əldə etmişdir. Həmin çıxarış hazırda qüvvədədir, ləğv edilməmişdir.

22. Eyni zamanda işdən müəyyən olunur ki, G.Yaqubova onunla iddiaçı arasında bağlanmış və hazırda iddiaçının tələbinin hüquqi əsasını təşkil edən 04.07.2017-ci il tarixli bağışlama müqaviləsini mübahisələndirərək mülki qaydada iddia qaldırmış, tələb kimi həmin müqavilənin etibarsızlığını qoymuşdur.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin hazırkı mərhələsində G.Yaqubovaya verilmiş çıxarış qüvvədə olduğundan və iddiaçının tələbinin əsasını təşkil edən müqavilə mübahisələndirildiyindən iddiaçının hazırkı tələbi mümkün sayıla bilməz. Bu zaman o da nəzərə alınır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

24. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar