Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8803/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanına daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət olunaraq, xahiş edilib ki, iddiaçının yaşayış sahəsinə qanunla istifadə hüququ olan, ailə üzvləri ilə birgə yaşadığı, ailəsinə məxsus olan ünvan 1 ünvanına pasport qeydiyyatına götürülməsi təmin olunsun. Müraciətinə verilən 05 aprel 2024-cü il tarixli, 3-13-49/2- Z11989/11/24 saylı cavab məktubunda tələbinin icrasının mümkünsüz olduğu bildirilib və imtinaya səbəb olaraq, pasport qeydiyyatına alınmaq istədiyi ünvana dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı göstərilib. İddiaçı hesab edir ki, pasport qeydiyyatı əmlaka hər hansı pay hüququ vermir, bu yalnız dövlət, cəmiyyət və sair qarşısında vəzifələrimizin icra olunması, hüquqlarımızın və azadlıqlarımızın həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və.s) üçün zəruri şərait yaradılmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçının qeyd olunan ünvanda birgə yaşadığı ailə üzvlərinin (əri, uşaqları) hamısı bu ünvanda pasport qeydiyyatındadırlar. Onların iddiaçının bu ünvana qeydiyyata alınmasına hər hansı iradları yoxdur və ola da bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin üçüncü hissəsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində olan hər kəs özünə yaşayış yerini seçməkdə azaddır. Bu sadalananlar onu deməyə əsas verir ki, cavabdeh orqanın iddiaçının tələbindən imtinası qanunsuz hərəkətsizlik kimi qiymətləndirilməlidir. İddiaçı qeyd edir ki, ən azından bir şəhid ailəsi olması nəzərə alınaraq, iddiaçıya tələbi ilə əlaqədar biganəlik göstərilməməli idi. Qeyd olunanları nəzərə alaraq, iddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi X1 müraciətinə cavab olaraq Sabunçu rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Qeyd olunan sənədlər tərəfinizdən təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeyd olunan məsələ ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab olunur.
4. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən arayışda İddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşdığı qeyd edilmişdir.
5. Məhkəmənin sorğusuna əsasən AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, sorğu edilən ünvan 1 ünvanında (xx.xx.2010-cu il təvəllüdlü) X3, (xx.xx.2013-cü il təvəllüdlü) X2, xx.xx.2017-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar.
6. Cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanan məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
12. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
15. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
17. Yuxarıda qeyd olunan qanunvericilik normasından da göründüyü kimi, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin ünvan ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı hazırda başqa ünvanda (Zəngilan rayonu, Ağalı kəndi) qeydiyyatdadır. Odur ki, iddianın təmin edilməməsi onun üçün əlverişsiz nəticələr yaratmır.
19. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun iddiaçıya münasibətdə fəaliyyəti qanunauyğun olmuşdur, bu səbəbdən iddia rədd edilməlidir.
21. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva