Məhkəmə qərarları › İş №2-1(112)-8804/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8804/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8804/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs xx.xx.1985-ci il təvəllüdlü X1 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2007-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. 2012-ci ildə oğlu evləndikdən bir müddət sonra gəlini X2 həmin evə qeydiyyata alınmışdır. Ailə münasibətlərinə xx.xx.2021ci ildə xitam verilmişdir.Həmin tarixdən bir müddət əvvəl X2 iddiaçıya məxsus fərdi yaşayış evindən çıxıb getmişdir. Faktiki olaraq həmin şəxs hal hazırda iddiaçının ünvanında yaşamır. Onun iddiaçının mənzilində qeydiyyatda qalması formal xarakter daşıyır. Həmçinin həmin şəxsin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qeyd olunan şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə müraciət etdikdə Binəqədi Rayon Polis İdarəsi imtina məktubu ilə onun müraciətini cavablandıraraq həmin şəxsi mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarmamışdır. Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş məktubda buna səbəb olaraq müraciətində göstərilən məsələnin onların səlahiyyətləri daxilində olmadığı və qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. İddiaçı qeyd etmişdir ki, hazırki vəziyyətdə X1 ona məxsus evdə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir.. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8804/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya vaxt verilməsinə baxmayaraq iddiaçı, mübahisələndirilən yaşayış sahəsinə dair subyektiv hüququnun mövcud olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə şifahi məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdiyini və iddia tələbinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazını təqdim edilməmiş və xx.xx.2023-cü il tarixli məktubu ilə nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını ddinləyərək, iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçının hazırda hüquqi marağı üçüncü şəxsin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə (iddiaçı) İddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olduğu iş üzrə toplanılmış sənədlərdən və işin faktiki halları ilə öz təsdiqini tapmır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi yaşayış sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcudluğu müəyyən olunmamışdır. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığı təqdirdə iddiaçının həmin mənzildən qeydiyyatdan çıxarlma ilə bağlı da hüququ da yaranmış olmur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvana dair fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin qənaətinə görə, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığına əsasən iddiaçının sözügedən ünvanda qeydiyyatda olan başqa şəxsin (üçüncü şəxsin) qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1. torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, həmin normalara görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq,icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən hazırkı mübahisəyəmünasibətdə şəxsin iddia etdiyi tələb hüququna malik olması üçün ən azından onun həminyaşayış sahəsi üzərində qanuni istifadə hüququ (mülkiyyət, icarə və ya istifadə hüququ) mövcud olmalı və həmin hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmalıdır. Mübahisəyə dair işin müəyyən olunmuşhallarından görünür ki, qeyd olunan həmin tikilinin rəsmiləşdirilmədiyi və bunun üzərindən iddiaçının həmin tikili üzərində hər hansı qanuni istifadə hüququnun mövcud olmadığı görünür. Bu baxımdan iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququ istisna olunur. Nəzərə almaq lazımdır ki, şəxsin tələb hüququna malik olması inzibati məhkəmə icraatında iddianın əsas mümkünlük şərtlərindən sayılır. Tələb hüququna malik olmayan şəxsin iddiası mümkün sayıla bilməz. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda qeyd edilən normalara əsasən, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də, iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçınin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar