Məhkəmə qərarları › İş №2-1(112)-8805/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8805/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8805/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X48 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X21 və qeyriləri işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər qismində X21, X7, X26, X22, X16, X17, X23, X31, X11, X27, X32, X28, X1, X29 göstərilməklə həmin şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili 2019-cu il tarixdə vərəsəlik qaydasında aralarında paylı mülkiyyət əsasında bölünərək hərəsi öz adlarına çıxarış almışlar. Bu yaxınlarda onlar sözügedən mənzili satmaq istədikdə, ona məlum olmuşdur ki, sahib olduqları mənzildə 14 nəfər iddia ərizəsində göstərilən şəxslər qeydiyyatdadırlar və həmin şəxslərin razılığı olmadan onlar mənzili sata bilmirlər. Həmin şəxslərin qeyd olunan mənzildə necə qeydiyyata düşmələri hələ də, sual yaradır. Odur ki, cavabdehlərin sözügedən mənzildə formal olaraq qeydiyyatda qalmaları onların mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirmələrinə maneçilik törədərək bu hüquqdan tam istifadə etmək imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, qeyd edirlər ki, cavabdehlərin də, əvəzinə kommunal xidmət haqqlarını ödəmək onlar üçün maddi çətinliklər yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflərindən cavabdehlərin özlərinin tapılmasının mümkün olmaması və onlara məxsus mənzildən çıxmayacaqlarını anlayıb, pasport qeydiyyatından çıxarılmaları ilə bağlı cavabdehə müraciət etmişlər. Cavabdeh isə onlara xx.xx.2022-ci il tarixli, 078-9951N saylı cavab məktubunda cavabdehlərin qeydiyyatdan çıxarılmalarına dair imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8805/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsində 3-cü şəxslər qismində göstərilmiş şəxslərdən yetkinlik yaşına çatmış X21, X7, X16, X17,X27, X32, X1, X29 üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçıların ünvan 2 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciətləri Polis İdarəsinə daxil olmuşdur. Tərəflərindən məktubla ərizəçilərə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələrinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəməyə məlum olan ünvana 3-cü şəxslərə göndərilmiş məhkəmə bildirişləri isə, sözügedən şəxslər ünvanda olmadıqlarından məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 37.50 kv.m ümumi sahədən ibarət mənzil paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı3, 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 adına müvafiq olaraq xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubla verilmiş cavab məktubundan görünür ki, iddiaçıların müraciətlərinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri məqsədə müvafiq hesab edilmişdir. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 50443215 nömrəli, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X21, xx.xx.1989-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X26, xx.xx.2017-ci il təvəllüdlü X25, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı2, xx.xx.2009-cu il təvəllüdlü X22, xx.xx.1992-ci il təvəllüdlü X16, xx.xx.1961ci il təvəllüdlü X17, xx.xx.2008-ci il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X31, xx.xx.2013cü il təvəllüdlü X11, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı3, xx.xx.1987-ci il təvəllüdlü X27, xx.xx.1968-ci il təvəllüdlü X18, xx.xx.1983-cü il təvəllüdlü X32, xx.xx.2017-ci il təvəllüdlü X28, xx.xx.1985-ci il təvəllüdlü X1, xx.xx.1986-cı il təvəllüdlü X29 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubla təqdim edilmiş sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 176 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 10 nömrəli evin, ümumi sahəsi 36.26 kv.m, yaşayış sahəsi 26.0 kv.m olan 2 otaqlı, 10-cu mənzilinin icarə müqaviləsi, ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu və qızı) N.M.Quliyevin adına dəyişdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin mənzil N.M.Quliyevin adına rəsmiləşdirilən zaman sözügedən ünvanda X2 - özü, İddiaçı2 - arvadı, İddiaçı1 – oğlu , X19 – qızı yaşayış yeri üzrə daimi qeydiyyatda olmuşlar. Daimi qeydiyyatda olan şəxslər sözügedən mənzili X3 adına rəsmiləşdirilən zaman notarial qaydada razılıq ərizəsi təqdim edərək, həmin mənzilin X3 adına özəlləşdirilməsinə və sənədləşməsinə etiraz etmədiklərini bildirmişlər. xx.xx.2011-ci il tarixdə həmin mənzil X3 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. N.Quliyev xx.xx.2017-ci il tarixdə ölmüş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2018-ci il tarixli şəhadətnamələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 10 ünvanında yerləşən 10 saylı mənzildən miras əmlak kimi iddiaçıların hər biri 1/3 hissədə pay almışlar. Bundan sonra sözügedən mənzil paylı mülkiyyət hüququ ilə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan 37 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 37/009 saylı, xx.xx.2022-ci il tarixli Forma 2 arayışından görünür ki, 2015-ci il tarixdə qeydiyyata alınmış X29, X27, X32, X17, X24, X21, X16 və X7 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. İşdə olan cavabdeh tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli, 078- 17573 nömrəli məktubla verilmiş cavab məktubunun surətindən görünür ki, ünvan 2 ünvanına X21 xx.xx.2016-cı il tarixdə, X8 xx.xx.2016-cı il tarixdə, X16 xx.xx.2016-cı il tarixdə, X17 xx.xx.2015-ci il tarixdə, X27 xx.xx.2015-ci il tarixdə, X32 xx.xx.2015-ci il tarixdə, X1 xx.xx.2015-ci il tarixdə və X29 xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyata alınmışlar. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 19 aprel 2022-ci il tarixli, 078-9951N nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, ünvan 1 Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 176 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı əsasında xx.xx.2011-ci il tarixdə ilkin olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin vaxt sözügedən ünvanda X9 və onun ailə üzvləri hazırki iddiaçılar yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. X9 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyəəsasən sözügedən mənzil paylı mülkiyyət hüququ ilə hazırki iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3-cü şəxslər iddiaçılara məxsus mənzildə yaşamamalarına və onların həmin mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmçinin həmin şəxsin mübahisəli ünvanda yaşamamasının müəyyən edilməsi onun mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, iddiaçılar iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçıların müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçıhəmin şəxslərinmübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciətetməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X6 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X15 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X21, X7, X26, X22, X16, X17, X23, X31, X11, X27, X32, X28, X1, X20 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar