Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8805/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2025-ci il tarixli hərəkətinin qanunsuz hesab edilməsi, əvvəlllər təyin edilmiş ailə başçısının pensiyanın yenidən hesablanılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ailə başçısını itirməyə görə 2015-ci il tarixdən pensiya alır. Pensiyanın məbləği 1031 manat təşkil etmişdir. Təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq 16 yanvar 2025-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan müraciətində nəzərdə tutulmuş məqsəddən fərqli olaraq 14 mart 2025-ci il tarixdə ona SMS vasitəsi ilə məlumat verərək qeyd etmişdir ki, əvvəllər, yəni 2015-ci il tarixdə təyin edilmiş pensiya məbləği azaldılaraq 711.05 qəpik kimi təyin edilib. İnzibati orqanın bu hərəkəti "İnzibati icraat haqqında" Qanunun tələbinə, eləcə də, formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, yuxarıda da, qeyd etdiyi kimi, ona 2015-ci il tarixdə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Pensiya təyini ilə əlaqədar cavabdeh tərəfindən bir inzibati akt qəbul edilmiş və o, vətəndaş olaraq bu inzibati akta etimad göstərmişdir. Həmçinin, xüsusilə vurğulamaq istəyir ki, ailə başçısını itirməyə görə pensiya və onun məbləği 10 ildən artıq müddətdə təyin edilmişdir. "İnzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, inzibati orqan ona pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək, "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Cavabdeh inzibati orqan 14 mart 2025-ci il tarixli SMS məlumatla onun müraciətinə cavab verərək "İnzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, SMS məlumatda hansı hallara görə 2015-ci ildən qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz müraciətə cavabdeh verərək 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini məlumatda bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsində qəbul edilmiş və məhkəmə tərcübəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən 2-1(102)-3135/2024 saylı qərarda yanaşma məhz bu formada olmuşdur ki: "Cavabdeh bu yanlış hesablanmanı nue zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu "İnzibati icraat haqqında" Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə "İnzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar "İnzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur". Vurğulamaq istəyir ki, qeyd etdiyi bu qərar üç ulduz statusuna malikdir və məhkəmə təcrübəsinin əsasını təşkil edir. Eyni zamanda bildirmək istəyir ki, ailə başçısını itirməyə görə təyin edilmiş pensiya hazırda həmin vəzifədə fəaliyyət göstərən dövlət qulluqçusunun vəzifə maaşına uyğun deyildir. Belə ki, mərhum əri Kənd Təsərrüfatı Nazirliyində aparıcı müfəttiş vəzifəsində işləmiş və bu hal ona məxsus olan əmək kitabçası ilə təsdiq edilir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-5590/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-6728/2025 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.2017-ci il tarixindən mərhum X1 həyat yoldaşı İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə 1032,72 manat məbləğində əmək pensiyası təyin edilərək ödənilmişdir. Təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixində iddiaçı cavabdeh orqana müraciət etmiş, müraciətin cavablandırılması ilə əlaqədar aparılmış araşdırma zamanı vaxtilə ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının, qulluq stajina görə əlavənin və sonrakı artımlar zamanı pensiyanın artım faizinin düzgün hesablanmadığı aşkar olunmuşdur. Nəticədə, inzibati orqanın xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 711,05 manat məbləğində, xx.xx.2025-ci il tarixli qərarla isə pensiyanın məbləği 722,93 manat məbləğində müəyyən edilmiş və hazırda da, ödəniş davam etdirilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının - ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Həmin Qanunun 18.3-cü maddəsinin tələblərinə əsasən vəfat etmiş ailə başçıSİ yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyaçıları kimi dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) təyin edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajinın müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajina görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. İşin halları üzrə bildirmək istəyirlər ki, mərhum M.Səfərəliyevin əmək kitabçasında 13 fevral 1980-ci il tarixində Füzuli rayon X5 baş mühasibin müavini vəzifəsinə təyin edildiyi və xx.xx.1984-cü il tarixində Füzuli rayon X7 işindən azad edildiyi qeyd olunsa da, sözügedən əmək kitabçasında M.Səfərəliyevin hansı tarixdən Füzuli rayon X3 Füzuli rayon X11 keçirilməsinə dair hər hansı məlumat göstərilməmişdir. Bununla əlaqədar, mərhum Mirzə Səfərəliyevin vaxtilə işlədiyi Füzuli rayon X4 adının hansı tarixdən dəyişdirilərək Füzuli rayon X12 adlandırılması ilə bağlı cavabdeh orqan tərəfindən müvafiq orqanlara sorğular verilmiş, Azərbaycan Respublikası Dövlət X8 Füzuli rayon X10 1984-cü ilə aid sənədlərinin arxivə təhvil verilmədiyini, ona görə də, mərhum M.Səfərəliyevin işdən azad olunması barədə arxivdə heç bir məlumat olmadığını bildirmişdir. Kənd Təsərrüfatı Nazirliyi isə sorğuya cavab olaraq 2002-ci ilə qədər daimi saxlanılan sənədlərinin mühafizə olunmaq üçün Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verildiyini qeyd etmişdir. Öz növbəsində məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7062/2025 saylı məktubunda göstərilir ki, dövlət reyestrində Füzuli rayon X9 və Füzuli rayon X12 adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcud deyildir. Göründüyü kimi, şübhəli məqamların mövcudluğu aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 Noli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından,. əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərə əsasən müəyyən edilir: əmək kitabçası; əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı; həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta. Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli, 638 Nli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 N-li Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın: 1.1-ci bəndi: əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdi edən əsas sənəddir; 3.1-ci bəndi: əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır; 3.4-cü bəndi: əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir; 3.11-ci bəndi: əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir; 7.1-ci bəndi: bu əsasnamənin 3.10-cu bəndinə müvafiq olaraq dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat" sözü yazılır; 7.2ci bəndi: Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur; 7.3-cü bəndi: əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericilik normalarının tələblərindən görünür ki, "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əməkhaqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Bundan başqa qeyd edirlər ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən mərhum M.Səfərəliyevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajina görə əlavəsi 153,22 manat, digər növ əlavəsi 146,06 manat olmaqla orta aylıq əmək haqqısı 1154,28 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqısı (769,52 manat) ilə 1 sentyabr 2019-cu il tarixinden sonrakı orta aylıq əmək haqqısı (1154,28 manat) arasındakı fərb məbləğinin (384,76 manat) 38,61 faizi-148,56 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (447,27 manat) üzərinə əlavə olunmaqla şərti əmək pensiyası 595,83 manat məbləğində hesablanıb. Qanunun 20.13-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası mərhuma ödənilməli olan şərti əmək pensiyasının (595,83 manat) 80 faizi-476,66 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 680,93 manat məbləğində köçürülüb. Buna görə də, həmin dövr üzrə İddiaçı 2352,40 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən İddiaçı əmək pensiyası 601,41 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 859,12 manat məbləğində köçürülüb. Buna görə də, həmin dövr üzrə İddiaçı 3092,52 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 668,76 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 955,34 manat məbləğində köçürülüb. Buna görə də, həmin dövr üzrə İddiaçı 3438,96 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2025-ci il tarixindəen indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 722,93 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2168,79 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 2776,49 manat məbləğində ödənilib. Buna görə də həmin aylar üzrə ümumilikdə İddiaçı 607,70 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 9491,58 (2352,40+3092,52+3438,96+607,70) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bundan başqa, maddi yardım üzrə xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün İddiaçı 235,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 9491,58 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunsa da, hal-hazıradək yazılı razılığını bildirmək üçün gəlməmişdir. İddiaçının razılığı olmadığı üçün pensiyasından heç bir tutulma aparılmamış, sadəcə 3-17-1/3-3-6728/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərara əsasən son tarix xx.xx.2025-ci il olmaqla iddiaçıya təyin olunmuş maddi yardımdan onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirməyəcək məbləğdə tutulma aparılır. Göründüyü kimi, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının, qulluq stajına görə əlavənin və sonrakı artımlar zamanı pensiyanın artım faizinin düzgün hesablanmadığı aşkar olunduğu üçün ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq müəyyən edilməsi və artıq ödənilmiş maddi yardımın qaytarılması üçün tutulma aparılması qanunidir, odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
5. Şifahi məhkəmə baxışı iclasına iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İş materiallarına iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış “Əmək pensiyasının yenidən hesablanması barədə” ərizə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Aidiyyəti üzrə sorğu göndərilməsi barədə” məktub, cavabdeh tərəfindən iddiaçıya “SMS bildiriş” vasitəsilə göndərilmiş əmək pensiyasının yenidən hesablanaraq müəyyən edilmiş məbləğ barədə bildirişdən çıxarış, əmək kitabçasının surəti əlavə edilmişdir.
8. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-6728/2025 nömrəli qərarına əsasən iddiaçının pensiya məbləği yenidən hesablanaraq 722.93 manat müəyyən edilmişdir. Yenidən hesablanmaya əsas kimi vətəndaşın ərizəsi göstərilmişdir.
9. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-5590 nömrəli qərarına əsasən iddiaçının pensiya məbləği yenidən hesablanaraq 711.05 manat müəyyən edilmişdir. Yenidən hesablanmaya əsas kimi vətəndaşın ərizəsi göstərilmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya ünvanlanmış “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/2-S- 52052/2025 nömrəli məktubun, “Əmək pensiyası haqqında” məktubun surəti, pensiya alt sistemindən çıxarışlar, xidməti məktub, mübahisəli qərarlar və pensiya işi materiallarının surətləri təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2- 7062/2025 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində Füzuli rayon X9 və Füzuli rayon X12 adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcud deyildir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 06 may 2025-ci il tarixli, 3-22/2-1332/2025 nömrəli məktubla bildirilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin 2002-ci ilə qədər müvəqqəti mühafizə olunan sənədləri daimi mühafizə olunmaq üçün Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən sorğu edilən informasiyanın təqdim edilməsi imkan xaricindədir.
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
18. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
18. İddiaçı cavabdehin xx.xx.2025-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı isə həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumat əldə etdikdən sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.
19. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.1 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
24. İş materiallarında olan cavabdehin mübahisəli qərarlarından görünür ki, iddiaçının müraciəti əsasında ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə inzibati aktlar qəbul edilsə də, həmin qərarlar iddiaçının hüquqi marağına xidmət etməmiş, onun üçün əlverişli inzibati akt olmamışdır. İddiaçının inzibati icraatda iştirakı təmin edilməmiş, ona lazımi qaydada məlumat verilməmişdir. Belə ki, əmək pensiyasının yenidən hesablanması barədə qərarın qəbul edilməsi ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilsə də, həmin inzibati icraat materiallarında iddiaçının lazımi qaydada məlumatlandırılması, maraqlı şəxs qismində inzibati icraata dəvət edilməsi ilə bağlı təsdiqedici sənədlərə mövcud deyildir. Materiallara İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” xx.xx.2025-ci il tarixli məktubla əlavə edilsə də, bu məktubun iddiaçı tərəfindən alınması ilə bağlı iş materiallarında hər hansı bir təsdiq edici sənəd müəyyən edilməmiş, əksinə iddiaçının mülahizəsindən və iş materiallarındakı digər sənədlərdən göründüyü kimi, o, yalnız xx.xx.2025-ci il tarixdə mobil nömrəsinə göndərilmiş “SMS bildiriş” vasitəsilə yenidən hesablanmış əmək pensiyasının məbləği barədə məlumatlandırılmışdır. Ümumiyyətlə, cavabdehin etirazında göstərdiyi əsaslar üzrə əmək pensiyasının yenidən hesablanmasından öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, artıq ödənilmiş əmək pensiyasının tutulması barədə iddiaçının razılığını almadan, razılığı olmadığı təqdirdə isə bununla bağlı məhkəməyə müraciət etmədən faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmiş və onun pensiya məbləğindən tutulmalar da, aparılmışdır.
25. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya məbləğinin yenidən hesablanması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də, “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində iddiaçı üçün əlverişsiz inzibati akt qəbul etməklə pensiya məbləğindən tutulmalar apara bilməz.
27. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
29. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
30. Məhkəmə bir daha vurğulayır ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan pensiyanın təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız pensiya məbləğinin yenidən hesablanması barədə qərar qəbul etdikdən sonra iddiaçının müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.
31. Odur ki, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3- 5590/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-6728/2025 saylı qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva