Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8807/2022 26.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında məhkəmə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: -8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə inzibati orqan üzərinə inzibat akt qəbul edilməsi və ya hər hansı bir öhdəliyin qoyulmasına dair iddialar üzrə şəxsin yaşayış yeri və olduğu yerinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu növ yəni məcburetmə və öhdəldiyi növündə iddialarda 2 hala nəzər yetirilməlidir: 1) inzibati orqanın səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olması; 2) iddiaçının yaşayış yerinin müəyyən edilməsi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən Məcəllənin 8.1.2-ci maddəsinin son cümləsindən də aşkar şəkildə müəyyən edilir ki, mübahisələndirmə növündə iddiada olduğu kimi, həmçinin məcburetmə və öhdəliyin icrası növündə iddia tələbləri üzrə də həmin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu təqdirdə, işə şəxsin yaşayış yeri üzrə inzibati məhkəmə baxılmalıdır. Yuxarıda göstərilənləri hazırki iddia tələbinə tətbiq etdikdə məlum olur ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ əlilliyə görə ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, həmin tələb İPM-nin 2.2.3cü maddəsinin əhatə dairəsinə düşməklə, öhdəliyin icrası haqqında iddia hesab olunur. Bundan başqa hazırkı iş üzrə iddiaçının şəxsiyyət vəsiqəsi ilə də müəyyən edilir ki, iddiaçının yaşadığı yeri (Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 19), o cümlədən hazırkı iş üzrə cavabdeh olan orqanın səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasını nəzərə alındığı halda hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, iddiaçının hazırda faktiki olaraq Bakı şəhərinin dislokasiyasında yerləşən Binəqədi rayonu ərazisində yaşaması aidiyyət qaydaları müəyyən edilməsi zamanı əhəmiyyət kəsb etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən şəxsin qeydiyyatda olduğu yer olan Beyləqan rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8807/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8807/2022
26.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver