Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8809/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı – növbədənkənar mənzil verilməsi barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 1994-cü ildən mənzil növbəsində olmasını və yaşının 90 olmasını nəzərə alaraq ona növbədənkənar mənzil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 Xidmətində Texniki-bazanın sahil matrosu olaraq işləmişdir. xx.xx.1994-cü ildən isə güzəştli şərtlərlə mənzil növbəsindədir. Lakin, 31 ildirki mənzillə təmin olunmur. Artıq 90 yaşı var, daha gözləyə bilmir, haqqı olanı tələb edir. Hətta bununla bağlı 16 il bundan öncə 2009-cu il tarixində Azərbaycan Dövlət Xəzər X4 Dəniz Yolları Xidmətinə müraciət də etmişdir. Lakin, müraciətinə müsbət cavab verilməmiş və gözləməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Dövlət Xəzər X4 Dəniz Yolları Xidmətinin rəisi F.S. Xəlilov tərəfindən müraciəti əsasında xx.xx.2009-cu il tarixli, 1/16-225 saylı cavab məktubu verilmişdir. Cavab məktubunda qeyd olunmuşdur ki, onun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı xx.xx.2009-cu il tarixli müraciət-xahiş xx.xx.2009-cu il tarixdə Azərbaycan Dövlət X5 tərəfindən X7 Xidmətinə göndərilmişdir. X7 Xidməti mənzil tikintisi ilə məşğul olmadığı üçün fəaliyyətdə olduğu bütün dövr ərzində işçilərin mənzil təminatı X5 tərəfindən pay bölgüsü üzrə ödənilmişdir. Hal-hazırda X5 də, mənzil tikintisi ilə məşğul olmadığından və dövlət tərəfindən mənzil təminatı olmadığından onun mənzil şəraitinin yaxşılaşdırılması mümkün deyil. Nəzərə çatdırırlar ki, o, xx.xx.1994-cü ildən güzəştli şərtlərlə siyahı üzrə 4-cü olaraq mənzil növbəsindədir. X5 mənzil tikintisi ilə məşğul olduğu təqdirdə növbə üzrə mənzillə təmin olunacaqdır. Göründüyü kimi, verilmiş cavab məktubunda siyahı üzrə 4-cü olaraq mənzil növbəsində olduğu qeyd edilmişdir. Lakin, 4-cü olsa da, hələ də, həmin mənzili əldə edə bilməmişdir. Hətta, sonradan şifahi aldığı məlumata əsasən ondan aşağı növbələrdə olan işçilər artıq mənzillə təmin olunmuşlar. Lakin, o, hələ də, gözləmə mövqeyindədir. Qeyd edir ki, "Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X3 birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılmışdır. "Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci il 22 yanvar tarixli 13 nömrəli və Azərbaycan Dəniz Nəqliyyatı X2 Respublika Komitəsinin 2018-ci il 19 yanvar tarixli 03 nömrəli əmr-qərarı ilə təsdiq edilmiş "Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” mənzil-tikinti kooperativinə üzv olma barədə Qaydalar" haqqında məlumat yerləşdirilmişdir. Məlumatda qeyd edilmişdir ki, ASCO üzrə mənzil növbəsi siyahısına yenidən baxılması, müvafiq şəxslərin güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunması üçün “Dənizçi” mənzil-tikinti kooperativinə (bundan sonra "Kooperativ" adlanacaq) üzvlüklə bağlı məsələlərin tənzimlənməsi, habelə ümumilikdə qeyd olunanlarla əlaqədar həyata keçiriləcək tədbirlərin, prosedurların, görüləcək işlərin, şəffaf, ədalətli şəkildə və vahid qayda, prosedur əsasında yerinə yetirilməsi məqsədilə ASCO və Azərbaycan Dəniz Nəqliyyatı X2 Respublika Komitəsinin (ADNİHİRK) birgə əmr-qərarına əsasən adıçəkilən Qaydalar təsdiq edilmiş və tərkibi veteran dənizçi, qeyri-hökümət təşkilatların nümayəndəsi, struktur idarələrin nümayəndələri, müstəqil ekspert və hüquqşünas olmaqla Mənzil Məsələləri Komissiyası yaradılmışdır. Komissiyanın Kooperativə üzvlüklə bağlı daxil olmuş ərizələrə baxılması, zərurət yarandıqda müraciət edən şəxsin mənzil şəraitinə yerində baxış keçirilməsi, faktiki yaşayış vəziyyətinin yoxlanılması, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacın qalıb-qalmaması məsələsinin araşdırılması və həmin şəxslərin Kooperativ üzvlüyünə namizəd olması və ya namizədlikdən imtina edilməsi barədə qərar verilməsi və sair vəzifə və səlahiyyətləri vardır. Bu səbəbdən, hesab edir ki, onun 1994-cü ildən mənzil növbəsində olması, yaşının 90 olduğunu nəzərə alaraq növbədənkənar mənzillə təmin olunmasına zərurət vardır. Bununla əlaqədar olaraq, “Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmişdir. Cavabdeh “Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyətinin 12 fevral 2025-ci il tarixli, 13-3/2-Q-1xx-xx/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, onun "Azərbaycan X5" QSC-yə (ASCO) ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə ASCO-da müvafiq qaydada baxılmışdır. Nəzərə çatdırırlar ki, ASCO yaradılarkən hüquqi varisi olduğu müəssisələrdə və onların tərkibinə daxil olan bütün qurumlardakı mövcud olmuş mənzil növbələri birləşdirilərək, ASCO-nun vahid mənzil növbəsi yaradılmışdır. Həmin vahid mənzil növbəsindəki sıralama şəxslərin mənzil növbəsinə dayandıqları vaxta uyğun olaraq aparılmışdır. Mənzil növbəsi və mənzillə təmin edilmə məsələlərinə baxılması məqsədilə ASCO üzrə yaradılmış "Mənzil məsələləri Komissiyası" tərəfindən işlərə baxılarkən sıra üzrə ardıcıllıq prinsipinə qeyd-şərtsiz riayət olunur. Məlumat üçün bildirirlər ki, o, xx.xx.1994-cü il tarixində ev növbəsinə qəbul olunmuş və mənzil növbəsi siyahısında sıra nömrəsi 652-dir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər üçün növbəti sosial layihə həyata keçiriləcəyi təqdirdə, növbədə qalan şəxslərin sənədlərinə yenidən baxılacaq və yalnız ondan sonra nə qədər şəxsin hansı müddətdə mənzillə təmin ediləcəyi barədə məlumatı əldə etmək mümkün olacaqdır. Hazırda bununla bağlı dəqiq məlumat verilməsi mümkün olmur. Qeyd edir ki, cavab məktubunu poçt vasitəsilə xx.xx.2025-ci il tarixində almışdır. Göndərilən cavab məktubunu faktiki olaraq imtina kimi qəbul edir. Hesab edir ki, imtina əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasnda iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarından və işin digər hallarından aşkar surətdə göründüyü kimi, hazırki iş üzrə tərəflər subyektiv tərkibinə görə inzibati icraatın iştirakçıları hesab edilə bilməzlər, bundan əlavə onlar arasındakı münasibətlər inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə aid deyildir. Hazırki iddianın predmetini iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərindən irəli gəlmiş, iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsindən yaranan mübahisə təşkil edir. Bu səbəbdən də, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilməsi qeyrimümkündür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alğısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq münasibətləri sahəsində münasibətlər yaranmadığından; habelə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mövcud olması müəyyən olunmadığından iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8809/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8809/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver