Məhkəmə qərarları › İş №2-1(112)-8813/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8813/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8813/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2016-cı ildə Dövlət Sərhəd Xidməti Hospitalında yoxlamadan keçmiş və iddiaçıya bildirilmişdir ki, boğazında düyün var, biopsiya olunmalıdır. İddiaçı həmin hospitalın UZİ-dən keçmiş, biopsiya götürülmüş və biopsiya götürüldükdən aşkar edilmişdir ki, qalxanabənzər vəzinin bədxassəli yeni törəməsidir. 2016-ci ilin noyabr ayında analizin cavabı aşkar olan gündən iddiaçı xəstəxanaya yerləşdirilmişdir. 1 həftə müddətində iddiaçıya sistemlər qoşulmuş, analiz götürülmüş, cavvablar çıxan kimi əməliyyat edilmişdir. İddiaçı əməliyyatdan sonra Milli Onkologiya Mərkəzinə göndərilmiş və yod qəbul etmişdir. 3 gün Milli Onkologiya Mərkəzində qaldıqdan sonra yenidən xəstəxanaya göndərilmişdir. Dövlət Sərhəd Xidməti Hospitalında 2 həftə müddətində müalicə olunmuş və sonra iddiaçıya 45 gün məzuniyyət verilmişdir. Bundan sonra iddiaçı təxris edilmişdir. İddiaçı Silahlı Qüvvələrin istehfasına buraxılmış, həm sülh dövründə, həm də müharibə dövründə xidmətə yararsızlığı qeyd edilmişdir. Bundan sonra iddiaçıya 5 il müddətinə 2-ci qrup əlillik təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya imtina cavabı gəlmişdir. İddiaçı hazırda müalicəni Milli Onkologiya Mərkəzində davam etdirir, vəziyyətində yaxşılaşma yoxdur. Xəstəliyin fonunda diabet xəstəliyi, hipertoniya, mədəmdə yırtıq, prostat vəzinin şişi, bel fəqərələrinin yırtığı, Ü.İ.X-dən əziyyət çəkir. Hal-hazuda nevrpotoloqun bilavasitə müalicəsini də alır. İddiaçı dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müşayiət məktubu ilə aidiyyəti üzrə baxılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş sağlamlıq vəziyyəti ilə əlaqədar əlillik dərəcənizin bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətə Agentlik daxilində baxılmışdır. DZ: Qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi, qalxanabənzər vəzinin papilyar karsinoması PTNOMO mərhələ 1. Total tiroidektppnıiyadan və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət xx.xx.2022-ci ildə iddiaçıya imtina verilmiş: Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı deyil.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi və mənzil təminatı barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından daxil olan müraciətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra -Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 125 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Tireoid vəzinin karisomasına görə xx.xx.2016-cı il tarixdə aparılmış “Total tireoidektomiya, sağtərəfli limfa disseksiya” əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Funksiyaların mülayim dərəcədə pozulması ilə diafraqmanın qida borusu dəliyinin yırtığı. Nadir kəskinləşmələrlə birinci mərhələ babasil. Funksiyaların pozulmaması ilə bel oma nahiyyəsinin osteoxondrozu. OD-Refraksiyası 2.5D; OS-2.0 D olan zəif dərəcəli miopiya. OU-Görmə itiliyinin 0.1 korreksiya ilə =1.0 (vahid) olması. Prostatın sadə sisti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Belə ki, obyektiv müayinə zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas vermədiyindən, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məktubun mənzil təminatı barədə hissəsinə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin məlumatını olduğu kimi nəzərə çatdırılır: “Bildirilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda qeyd olunmuş sərəncamlarla əhatə olunan şəxslər kateqoriyasına aid edilmədiyindən sosial-məişət şəraitinin Nazirlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir”.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz dövlət tibb müəssisəsinin göndərişləri və müraciətləriniz əsasında xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

5. Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0008 nömrəli Qərarı ilə İddiaçı diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik verilməsindən imtina edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

9. İddia tələbindən görünür ki, iddiaçının tələbi əlillik təyin edilməsidir.

10. İPM-in 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

11. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. Hazırki iddia məcburetməyə dair iddiadır.

14. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

18. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

20. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

21. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

22. Məhkəmə nəzərə alır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0008 nömrəli Qərarı ilə İddiaçı diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik verilməsindən imtina edilmişdir.

23. Məhkəmə eyni zamanda nəzərə alır ki, xx.xx.2022-ci il tarixdən sonra cavabdeh orqan tərəfindən İddiaçı Qurban oğluna sonuncu imtina məktubu xx.xx.2024-cü il tarixdə ünvanlanmış, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edildiyi bildirilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə qərarın qəbul edilməsindən təxminən 02 il 03 ay sonra, sonuncu imtinanın verildiyi vaxtdan təxminən 01 il 02 ay 07 gün sonra məhkəməyə şikayət etmişdir.

25. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.

26. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

27. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

28. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.

29. Odur ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli tarixli hüquqi yardım məktubunda 2022-ci ildən sonra tibbi göndərişlə müraciət edilməməsinin səbəbləri haqqında ətraflı məlumatın verilməsini təklif edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən müddətlərin üzrlü hesab edilməsini əsaslandıran hər hansı hal məhkəməyə bildirilməmişdir.

30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

31. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq göndərişin tərtib edilməsi üçün səhiyyə müəssisəsinə (yenidən) müraciət edə, həmin göndərişin verilməsindən imtina edildiyi təqdirdə səhiyyə müəssisəsinə qarşı, həmin göndəriş əsasında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən müvafiq təyinat aparılmasından imtina edildiyi təqdirdə, iddiaçı yuxarıda qeyd edilən müddətlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə müraciət etməkdə haqlıdır.

32. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

34. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar