Məhkəmə qərarları › İş №2-1(112)-8815/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8815/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8815/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi N.Hüseynzadə və cavabdehin nümayəndəsi Ş.Ağayevanın iştirakı ilə, İddiaçı Əlihadi oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın etibarsız hesab edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əlihadi oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pensiyanın hesablanası” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbinə dəqiqləşmə əsasında məhkəmənin qərardadı ilə həmin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi pensiya məbləğinin tutulmasının dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdeh tərəfindən pensiya məbləğinin dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin qəbul etdiyi 14392 saylı 18 noyabr 2020-ci il tarixli inzibati aktın etibarsız hesab edilməsi və iddiaçının pesiyasından tutulmaların dayandırılaraq tutulan məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, inzibati icraatla bağlı qanunvericiliyin tələbləri pozulmuş, inzibati icraat məlumatlandırma ilə bağlı tələblərə riayət edilmədən aparılmışdır. Eyni zamanda əmək pensiyasına əlavənin tutulması məhkəmə qaydasından kənar olaraq razılıq əsasında həyata keçirilməli olmasına baxmayaraq iddiaçı tərəfindən belə razılıq verilmədən, cavabdeh səlahiyyətindən kənar olaraq pulu tutmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə pensiyaların sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. İddiaçının elmi dədqiqat və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda yanlışlıqla 07.07.2017-ci il tarixdən 01.10.2020-ci il tarixinədək onun əmək pensiyasının sığorta hissəsinə 200 manat əlavə hesablanmışdır. Bu səbəbdən də artıq ödəmə yaranmış, onun bir hissəsi pensiyadan tutulmuş və aylıq pensiyadan tutulmada davam etdirilir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia - cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərarın qismən- yəni 01.09.2017-ci il tarixindən 30.11- 2020-ci il tarixinədək 7894,35 manat hər ay əmək pensiyasından tutulması hissəsində etibarsız hesab edilməsi, İddiaçı Əlihadi oğluna elmlər doktoru elmi dərəcəsinə görə ümumilikdə 7894,35 manat əlavə ödənilmiş pensiya məbləğinin tutulmasının dayandırılmasının və həmin məbləğin, yəni 7894,35 manat pulun ödənilməsi ilə bağlı İddiaçı Əlihadi oğlunun əmək pensiyasından hər ay tutulmuş pul məbləğinin geri qaytarılmasının cavabdeh Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. İddianın bir hissədə təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan inzibati akt qəbul etmək səlahiyyətinə cavabdehin malik olub-olmamasının müzakirəsinə əsas yaranır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Lakin, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərar isə inzibati aktın etibarlılığı xüsusiyyətinə malik hesab edilmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Hazırkı iş üzrə də mübahisələndirilən qərarın bir hissəsi ilə bağlı cavabdehin səlahiyyətə malik olmasından söhbət gedə bilməz. Bu zaman isə cavabdehin artıq ödəmənin geri qaytarılması barədə qərar qəbul edib-etməməsində səlahiyyəti barədə qiymətləndirmə yox, iddiaçının razılığı olmadan pul məbləğinin geri qaytarılmasına münasibətdə etibarsızlıq əlamətlərinin mövcud olub-olmamağı yoxlanılmalıdır. Təbii haldır ki, vətəndaşın razılığı olacağı təqdirdə həmin qərarın qəbulunda cavabdeh tam səlahiyyət daşıyan inzibati orqan qismində çıxış edir. Lakin, razılıq olmadan həmin formada qərarın qəbulu isə ümumiyyətlə qanunvericiliklə qadağan edilmişdir. Bununla bağlı qərarı ləğvi ilə etibarsızlığı anlayışları arasında mühüm fərqləndirmənin mövcudluğuna qiymət verilməsi zərurəti müəyyən edilir ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ümumiyyətlə nəzəri olaraq inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsi əsası ilə etibarsız hesab edilməsinə münasibətdə inzibati akt qəbul edilməsinə səlahiyyəti olmama bir-neçə aspektdən qiymətləndirilməlidir. İlkin olaraq qeyd olunur ki, ümumiyyətlə inzibati akt qəbul etmək səlahiyyətinə malik olmama mahiyyəti etibarı ilə inzibati aktın qəbulunda səlahiyyətli hesab edilməmə anlamına gəlir ki, qeyd olunan hal inzibati aktın etibarsızlığı deməkdir. Belə ki, hər nə qədər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsində inzibati aktın inzibati orqan kimii dövlət qurumları ilə yanaşı hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilməsi müəyyən edilmiş olsa da, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə uyğun olaraq fiziki şəxslərin və hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməsə də, burada hər hansı fiziki və hüquqi şəxsdən yox, məhz inzibati akt qəbul etmək səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş fiziki və hüquqi şəxsin inzibati akt qəbul etmək səlahiyyətindən gedir. Bu səbəbdəndir ki, həmin səlahiyyətə malik olmayan hər hansı kommersiya qurumunun, sahibkarlıq fəaliyyətini həyata keçirən və keçirməyən fiziki şəxsin inzibati akt qəbul etməsindən söhbət gedə bilməz, həmin şəxslər tərəfindən verilmiş akt isə ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməyə yönəlmiş olsa da ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmağa çalışılmışsa da hüquqi nəticəyə malik olmayacaqdır ki, qeyd olunan hal da həmin aktın mütləq mənada etibarsızlığı deməkdir. Göründüyü kimi səlahiyyəti olmama dedikdə aşağıda göstəriləcək digər meyarlarla yanaşı şəxsin ümumiyyətlə inzibati akt qəbul etmə səlahiyyətinin olmamasını da özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsində səlahiyyətin olmaması ilə bağlı, həmçinin onun da qeyd edilməsi zəruridir ki, işin hallarından asılı olaraq inzibati akt qəbul etmə səlahiyyətinə malik olub, ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək, hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq səlahiyyətinə malik olmama da qəbul edilmiş akta münasibətdə etibarsızlıq əsası qismində çıxış edir. Belə ki, yuxarıda adıçəkilən misaldan fərqli olaraq inzibati orqan ümumilikdə öz səlahiyyətləri çərçivəsində inzibati akt qəbul edə bilir, lakin səlahiyyətləri çərçivəsindən kənara çıxan konkret halda inzibati akt formasında qərar və s qəbul etmişsə, qəbul edilən həmin akt da etibarsızdır. Buna misal olaraq təyinatı daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən orqanın vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etməsi, pensiya təyin edən orqanın torpaq sahəsinin ayrılması barədə sərəncam verməsi, torpaq ayırmaq səlahiyyəti olan qurumun pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsi göstərilə bilər. Həmin hallardan da göründüyü kimi həmin qurumların öz səlahiyyətləri çərçivəsində inzibati akt qəbul etmək səlahiyyəti olsa da, öz səlahiyyətlərindən kənara çıxan məsələlərdə inzibati akt formasında olsa da qəbul etdiyi qərar və hakimiyyət tədbiri xarakteri olan hər hansı sənəd etibarlılıq əlaməti daşımır və etibarsızdır. İnzibati akt qəbul etmə səlahiyyətinə malik olmamanın digər meyarı isə məhkəmə qeyd edir ki, həmin inzibati orqanın ümumilikdə ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək, hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq səlahiyyətinə malik olması, lakin həmin səlahiyyətin yalnız müəyyən şərtlərdən asılı olaraq qəbul edilə bilməsi ilə bağlıdır. Həmin şərtin pozulması etibarsızlığına səbəb ola bilər. Hazırkı iş üzrə də cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın 7894,35 manat hər ay əmək pensiyasından tutulması hissəsində qəbulu ilə qanunvericiliklə müəyyən edilmiş şərt pozulmuş, inzibati aktın qeyd olunan hissədə etibarsız hesab edilməsi üçün əsas yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi konkret olaraq Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin əmək pensiyaçısının razılığı olmadıqda məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir ki, belə razılığın mövcud olmamasına baxmayaraq inzibati orqan tərəfindən qəbulu həmin inzibati aktın ləğvi yox, məhz etibarsızlığı üçün əsas yaradır. Belə ki, həmin şərt yoxdursa ümumiyyətlə inzibati aktın qəbulundan söhbət gedə bilməz. Doğrudur ki, qanunvericiliyin tələblərinin pozulması ilə (misal müddətlə bağlı şərt yerinə yetirilmədən, məlumatlandırma aparılmadan, araşdırma aparılmadan və s) inzibati aktın qəbul edilməsi hallarında həmin hallar inzibati aktın ləğvi əsası kimi çıxış edə bilsə də, qanunvericiliklə dairəsi müəyyən edilmiş elə şərtlər mövcuddur ki, həmin şərtin pozulması inzibati aktın ləğvinə yox, etibarsızlığına səbəb olur. Qanunvericiliklə dairəsi müəyyən edilmiş şərtlər isə konkret olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqədardır. Belə ki, digər hallardan fərqli olaraq əgər inzibati akt qəbul etmək səlahiyyətinə malik olan qurum tərəfindən qəbul edilmiş olsa belə 65.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozularsa etibarsızdır və hazırkı iş üzrə qəbul edilmiş qərarda isə ümumiyyətlə inzibati orqanın səlahiyyətli olması şübhə yaradır. Beləliklə, adıçəkilən Qanunun 39.1-ci maddəsində inzibati orqan tərəfindən şəxsin razılığı alınmadan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə qərar qəbul edildiyindən inzibati aktın həmin hissədə etibarlılığından söhbət gedə bilməz. Həmin orqanın razılıq mövcud olduğu təqdirdə həmin qərarı qəbul etmək səlahiyyəti mövcud olsa belə, razılıq olmadığı təqdirdə digər maddi və prosessual hüquq normalarının tələbləri yerinə yetirilməsinə baxmayaraq (misal araşdırma aparılmış, məlumatlandırma həyata keçirilmiş, inzibati araşdırma ilə bağlı müddətlərə riayət olunmuş) hər bir halda etibarsızdır. Beləliklə, hazırkı vəziyyətdə yuxarıda adıçəkilən Qanunun 39.1-ci maddəsinin tətbiqi zamanı qərarın ləğv edilməsinə münasibət bildirilməsi mübahisələndirmə növündə iddiaya baxılması məqsədləri ilə uyğunluq təşkil etmir. Belə ki, AR İPM-nin 2.2-ci, 2.2.1-ci və 32.1-ci maddələri ilə müəyyən edilmiş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni ləğv olunmasına dair mübahisələndirmə növündə iddia “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 67 maddəsinin tələbləri nəzərə alınmaqla inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın ləğvi ilə bağlıdır. Doğrudur maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə yanaşı ümumilikdə inzibati icraat haqqında hüquq normalarının, o cümlədən özündə prosessual normaları da ehtiva edən inzibati icraat haqqında hüquq normalarının tələblərinə əməl olunmaması da mübahiləndirmə iddiası nəticəsində qərarın ləğv edilməsinə əsas müəyyən edir. Lakin prosessual hüquq normalarının pozulmasının hansı hallarda inzibati aktın ləğvi, hansı hallarda inzibati aktın etibarsızlığına səbəb olması ilə bağlı ciddi fərq mövcuddur. Həmin fərqləndirmənin nəticəsidir ki, inzibati aktın ləğvi ilə, inzibati aktın etibarsızlığının hüquqi nəticələri də bir birindən ciddi şəkildə fərqlənir. Belə ki, inzibati aktın ləğvindən fərqli olaraq inzibati aktın etibarsızlığı zamanı hər bir halda adıçəkilən Qanunun 65.2-ci maddəsi ilə öz hüquqi nəticələrini qüvvədən salır. Adıçəkilən maddədən də müəyyən edilir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərar 7894,35 manat pulun hər ay iddiaçının əmək pensiyasının tutulması ilə bağlı hissədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinin tələbinə uyğun olaraq etibarsız hesab edilməli, qərarın həmin hissədə icrası, yəni 7894,35 manat pulun hər ay iddiaçının əmək pensiyasının tutulması dayandırılmalı, həmin pulun büdcəyə ödənilməsi ilə bağlı hər ay iddiaçının əmək pensiyasından tutulmuş pul məbləği geri qaytarılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.2-ci maddəsinə əsasən Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Beləliklə, inzibati orqanın bir hissədə etibarsız hesab edilən qərarı əsasında pul vəsaiti tutulduğundan və qalıq məbləğdə tutulmağa davam etdirildiyindən, bir hissədə etibarsız hesab edilmiş inzibati aktın həmin hissədə hüquqi nəticəsi olmaması səbəbi ilə də həmin qərar əsasında tutulmuş pul məbləği geri qaytarılır, eyni zamanda həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilir, yəni dayandırılır. İddia tələbinin digər hissələri ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlkin olaraq etibarsızlığı tələb edilən qərarın etibarsızlığının əsassız olduğu hissəsindən görünür ki, cavabdeh əmək pensiyasının yenidən hesablanması barədə mövqeyini mübahisələndirilən qərarda nümayiş etdirmiş, iddiaçınının əmək pensiyasının məbləğini dəyişdirərək 280,50 qəpik müəyyən etmişdir. Məhkəmə hesab edir ki, hər nə qədər qərar artıq ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı olsa da, qərarın həmin adla adlandırılması formal olmuş, əslində qərar, həmçinin əmək pensiyasının məbləğinin aşağı salınması, yəni əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmuşdur ki, yuxarıda qərarın etibarsız hesab edilməsi ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinin həmin qərarın qeyd olunan hissədə qəbulu zamanı pozuntusu baş verməmişdir. Qərarın bir hissədə etibarsız hesab edilməsi əsaslarından da göründüyü kimi, məhkəmə qərarı bir hissədə səlahiyyəti olmama əsası ilə etibarsız hesab etmişdir ki, hazırkı halda əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehin səlahiyyətsiz olmasından söhbət gedə bilməz. Təbii haldır ki, əmək pensiyasının təyini, yenidən hesablanması, dayandırılması ilə bağlı cavabdeh səlahiyyətli orqan qismində çıxış edir. Bu səbəbdən də iddia qərarın digər hissədə, yəni əmək pensiya məbləğinin dəyişdirilməsi və 280,35 manat müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsinə münasibətdə əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, iddia işin faktiki hallarının araşdırılması zamanı da müəyyən edilmişdir ki, ümumilikdə iddiaçıya ödənilmiş əlavə 200 manat məbləğin də tutulmasının qanunsuzluğu ilə bağlı olmuşdur. Belə ki, son iddiaya dəqiqləşmədən və məhkəmə araşdırmasından da müəyyən edilir ki, iddiaçı təkcə 7894,35 manat məbləğin tutulmasından yox, eyni zamanda əlavə ödənilən 200 manat məbləğin də ödənişinin dayandırılmasından narazıdır. Yəni, iddiaçı həm həmin məbləğin, yəni hər ay ödənilən əlavə 200 manat məbləğində pulun da tutulmasının dayandırılması və geri qaytarılmasını xahiş edir, Bu səbəbdən də, məhkəmə iddiaçıya ödənilən 200 manat əlavənin ödənilməsinin dayandırılması və hər ay ödənilməsi nəzərdə tutulan ödənişin ödənilməməsi səbəbindən onun iddiaçıya geri qaytarılmalı olmasına münasibətdə də iddiaya qiymət verərək, qeyd edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 2021-ci il 1 yanvar tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsindən görünür ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Göründüyü kimi elmlər doktoruna elmi dərəcəyə görə 200 manat əlavənin ödənilməsinin əsasında əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışma dayanır ki, həmin şərt, iddiaçı barəsində ödənilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasından da müəyyən edilir ki, 18.09.1958-ci il tarixdən başlayan və 20.11.2019-cu il tarixədək iddiaçının həyata keçirdiyi əmək fəaliyyəti zamanı, iddiaçının yerinə yetirdiyi peşə və vəzifələr nəzərə alınarsa elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışma sübut olunmur. Əmək kitabçasına əsasən həyata keçirilən fəaliyyətdən görünür ki, xronoloji ardıcıllıqla iddiaçı sexdə fəhlə, şagird, komsomol komitetində katib, şəhər nəqliyyat komitəsində katib, komsomol təşkilatında təlimatçı, çörəkbişirmə sahəsində çörəkçi, zavodda mühəndis, istehsalat texniki şöbəsində mühəndis, çörək kombinatında usta, texniki şöhbədə mühəndis-texnoloq, istehsalat –texniki şöbədə rəis müavini, texnoloq, çörəkbişirmə sexində sex rəisi və digər elmi işə aid olmayan sahələrdə, eyni zamanda Azərbaycan Standartları İnstitutunda ixtisasların artırılması üzrə təlim mərkəzində baş mütəxəssis,daha sonra texnologiya müəllimi, Bakı Qida Sənayesi Kollecində müəllim vəzifəsində çalışmışdır. Göründüyü kimi iddiaçının Azərbaycan Standartları İnstitutunda ixtisasların artırılması üzrə təlim mərkəzində baş mütəxəssis,daha sonra texnologiya müəllimi, Bakı Qida Sənayesi Kollecində müəllim vəzifələrinin icra etməsi 22.10.2007-ci il tarixdən başlamış müəyyən fasilələrlə 10.07.2019-cu il tarixədək davam etmişdir ki, qeyd olunan hal onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmadığının və elmi dərəcəyə dərəcəsinə görə pensiyaya əlavə 200 manat almalı olmadığının sübutudur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və əsaslı olduğu hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 18 noyabr 2020-ci il tarixli 14392 nömrəli qərar – 01.09.2017-ci il tarixdən 30.11.2020-ci il tarixinədək 7894,35 manat hər ay iddiaçının əmək pensiyasından tutulması hissəsində etibarsız hesab edilsin. İddiaçı Əlihadi oğluna elmlər doktoru elmi dərəcəsinə görə ümumilikdə 7894,35 manat əlavə ödənilmiş pensiya məbləğinin tutulmasının dayandırılması və həmin məbləğin, yəni 7894,35 manat pulun ödənilməsi ilə bağlı İddiaçı Əlihadi oğlunun əmək pensiyasından hər ay tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar