Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8818/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16 iyun 2021-ci il tarixli, 038- 124141-3221 saylı məktubu ilə ifadə edilmiş hərəkətsizliyin qanunsuz hesab edilərək, hərbi xidmət dövrü (1990-1992-ci illər) də daxil olmaqla 1 sentyabr 2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddətim güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququm təmin edilməsi üçün müvafiq məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin göstərilməsini məhkəmə formal xəta hesab etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 12 sentyabr 1992-ci ildən 24 aprel 2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət edib. Əmək kitabçasındakı yazıdan da görünür ki, "Azərbaycan Respublikasının daxili işlər oqranlarında xidmət müddəti təqvimi -15 il, 05 ay 05 gün imtiyazla - 20 il, 00 ay 24 gün təşkil edir". Beləliklə də, rəsmi sənəd olan əmək kitabçasında mənim ümumi əmək stajımın 20 il, 00 ay 24 gün təşkil edildiyi göstərilir. İmtiyazlı xidmətim X1 döyüşlərdə iştirakı ilə bağlıdır və bununla əlaqədar mənə "Müharibə veteranı" statusu verilmişdir. “Əmək Pensiyaları haqqında” qanunun 31.1 -ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1 -ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Tərəfindən 11 iyun 2021 -ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə müraciət edilərək, pensiya hüququmun aydınlaşdırılması üçün hərbi xidmət dövrü (1990- 1992-ci illər) də daxil olmaqla 1 sentyabr 2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddətim güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququm məsələsinə yenidən baxılması xahiş edilmişdi. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16 iyun 2021-ci il tarixli, 038- 124141-3221 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 24.04.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəriniz təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etdiyindən əmək pensiyası təminatı hüququnuz yaranmamışdır. Qeyd edilən məktub 23.06.2021-ci il tarixdə qeydiyyat ünvanım üzrə poçt şöbəsinə daxil olmuşdur. Göründüyü kimi, həmin cavab məktubunda 1990-1992-ci illərdə hərbi xidmət dövrü nəzərə alınmamışdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, pensiya hüququnun təmin edilməsindən cavabdehin imtinası əsassız və qanunsuzdur. “İnzibati icraat haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin qanunun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında göstərilmişdir ki: “1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən”Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. ” X3 Məhkəməsinin hüquqi mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, "... “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə iş stajına daxil edilirdi. ”Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. ”Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Göründüyü kimi, pensiya hüququmun qanunvericiliklə müəyyən edilmiş qaydada, 1990- 1992-ci illəri əhatə edən hərbi xidmət dövrü də daxil olmaqla hesablanması tələbindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur.
4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bildirmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməmin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 24.04.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəri təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etdiyindən əmək pensiyası təminatı hüququ yaranmamışdır.
5. Məhkəmənin hazırki iş üzrə 03.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pensiya təyin edilməsi barədə məlumatların göndərilməsi” iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Üçüncü şəxs tərəfindən iddiaya yazılı mülahizə təqdim edilərək bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndələrinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Bildirir ki, “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən – hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmçinin həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara şamil edilir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinəəsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, Əmək kitabçasında olan qeydlərdən və DİN Baş Mühafizə İdarəsinin 16 iyun 2021-ci il tarixli 038-124141-3221 saylı məktubundan görünür ki, iddiaçının xidmət illəri təqvimi hesablama ilə 15 il 05 ay 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmus qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının güzəştli hesablanma daxil olmaqla pensiya hüququnun əldə edilməsi müddəti “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunundan əvvəl yarandığı üçün, cavabdehin Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 144-cü bəndinə istinad edilməsi əsaslı hesab edilə bilməz. Cavabdehin həmin mövqeyi həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyinə də zidd olmaqla, tamamilə əsassızdır və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş pensiya təminatı hüququnun pozulmasına yönəlmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı cavabdehin nümayəndəsi iştirak etmir.
9. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, iddiaçının güzəştli hesablanma daxil olmaqla pensiya hüququnun əldə edilməsi müddəti buraxıldığı 24 aprel 2006-cı il tarixə imtiyazla - 20 il, 00 ay 24 gün təşkil etdiyindən, bu isə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunundan sonrakı dövrə təsadüf etdiyindən iddia tələbi əsaslı hesab edilə bilməz.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
20. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
21. X6 Məhkəməsinin presedent hüququna əsasən: - Beləliklə, keçmiş Pelleqrin doktrinasını (bax: Pelleqrin Fransaya qarşı [GC], № 28541/95, § 67, AİHM 1999Vİİİ) sonralar Eskelinen testi kimi tanınan prosesə çevirərkən (bax: Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı). [GC], № 63235/00, § 62, AİHM 2007İİ), Məhkəmə dövlət işçilərin müəyyən kateqoriyalarına gəldikdə, dövlətin məhkəməyə müraciətə nəzarətdə maraqlı olduğunu tanıyaraq qeyd etdi ki, “bu, ilk növbədə Məhkəmə deyil, Razılığa gələn Dövlətlər, xüsusən də, səlahiyyətli milli qanunverici orqan üçündür ki, fərdin maraqlarının itirilməli olduğu dövlətin suverenliyinə xas olan diskresiya səlahiyyətlərinin həyata keçirilməsini əhatə edən ictimai xidmət sahələrini açıq şəkildə müəyyən etməlidir” (ibid., § 61). - Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı işdə Polis əməkdaşlarının xüsusi müavinət almaq hüququ ilə bağlı mübahisələrə Konvensiyanın 6-cı maddənin tətbiq edilməsinin mümkünlüyü dövlət qulluqçuları ilə əlaqədar olan işdə Məhkəmənin qəbul etdiyi yeni yanaşma olmuşdur. -Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05); -Beləlkiklə, məhkəmə müəyyən edir ki, hazırki iddia iddiaçının sabiq polis əməkdaşı kimi pensiya hüququ ilə bağlı olduğundan məhkəməyə müraciət hüququ təmin olunmaqla Konvensiyanın 6-cı maddəsinə əsasən “mülki hüquq və vəzifələr” başlığı altında baxıla bilər.
22. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara şamil edilir.
24. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
25. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.
26. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən:
1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.
27. Məhkəmə müəyyən edir ki, iddiaçının daxili işlər orqanlarında xidmət müddəti 12 sentyabr 1992-ci ildən 24 aprel 2006-cı ilə qədər təqvimi -15 il, 05 ay 05 gün imtiyazla - 20 il, 00 ay 24 gün təşkil edir, yəni güzəştli (imtiyazlı) hesablama ilə 20 təqvim ili 01.09.2004-cü il tarixə qədər tamam deyi, odur ki, iddiaçının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur.
28. Məhkəmə hesab edir ki, iddiaçının vəziyyətinə münasibətdə qanunun zamana tətbiqi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında aydın ifadə edilmişdir.
29. Odur ki, qeyd edilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu olmadığından, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili tamam olmadığından cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
30. Eyni zamanda məhkəmə iddiaçıya münasibətdə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsasların olduğunu da müəyyən etmir.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva