Məhkəmə qərarları › İş №2-1(112)-8818/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8818/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8818/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka (fərdi yaşayış evi) məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka (fərdi yaşayış evi) məxsusluq barədə arayışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Massiv, 138 saylı evin X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 840 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 3, saylı evin, 138 saylı mənzili X5 ayrılmışdır. xx.xx.1971-ci ildə onunla X1 arasında nikah bağlanılmışdır. xx.xx.2009-cu il tarixdə X8 vəfat etmişdir. Vəfat etmiş X1 adına vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. O, X1 vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 3 saylı evin, 138 saylı mənzilinə dair müvafiq hüquqların qeydiyyata alınması ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin yazılı (mülahizəsi) etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı). DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin yazılı etirazı (mülahizəsi) onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki pasportun baş planında sahəsinin 3 tərəfinin qonşu sahə olduğu qeyd edilsə də, faktiki olaraq 2 tərəfi yoldur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyi barədə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Qaradağ Rayon XDS-nin İK-nin “İstisna hal kimi vətəndaşların qeydiyyata alınması” barədə 269 saylı, xx.xx.1989-cu il tarixli Qərarının surətindən müəyyən olunur ki, Ermənistan SSR, Qafan rayonundan gəlmiş X1 8 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına pasport qeydiyyatına alınması qərara alınmışdır. Bakı şəhəri İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun və evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasının surətindən müəyyən olunur ki, 1966-cı ildə inşa edilmiş fərdi yaşayış evi 179 kv. metrdən ibarət olmaqla, evin yerləşdiyi torpaq sahəsinin 215,9 kv. metr təşkil edir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ № 324999 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin 05 ayının 07 günündə 202 № ilə qeyd edilmişdir. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, № 1582 saylı məktubunda göstərilmişdir ki, X1 vəfat etməsi ilə əlaqədar 2012-ci ildə onun vərəsələrindən İddiaçı Elyas qızı, X9, X6, X2, X10 və X11 notariat ofisinə müraciət etmişdirlər. Qaradağ rayonu İHB-nın xx.xx.1993-cü il tarixli 840 nömrəli sərəncamına əsasən mərhum X5 Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv,ev 138 ünvanda ayrılmış torpaq sahəsinə və üzərindəki evə hüquqmüəyyedici sənəd çıxarış (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü) verilməsi xahiş olunmuşdur. Hüquqmüəyyedici sənəd çıxarış (texniki pasport,torpaq sahəsinin planı və ölçüsü) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-48- 2F/2-B-09207/2023 saylı məktubu ilə iddiaçıya təqdim edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin “Qanunsuz tikilmiş fərdi yaşayış evlərinin qeydiyyata alınması barədə” xx.xx.1993-cü il tarixli, № 840 saylı sərəncamın təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər XDS İK-nin 17 fevral 1989-cu il tarixli “Bakı şəhərində fərdi yaşayış tikintilərinin nizamlanması” barədə qərarına istinad olunaraq, X1 yaşadığı 1955-ci ildə tikilmiş Bakı şəhəri, Lök-Batan qəsəbəsi, 3-cü massiv, 138 №-li qanunsuz tikilmiş fərdi yaşayış evinin qeydiyyata alınmasına icazə verilmişdir. Həmin fərdi yaşayış evi 3 otaqdan ibarət olmaqla yaşayış sahəsi 42,2 kv. m., köməkçi sahəsi 47,7 kv.m., həyətdə anbar sahəsi 6,1 kv.m., həyətyanı torpaq sahəsi 366 kv.m-dir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etirbarnamə üzrə nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № **********85 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 138 saylı evə dair arxiv qovluğunda X1 adına Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü tarixli 840 nömrəli sərəncamı və xx.xx.1993-cü il tarixli o/7188 nömrəli arayış mövcuddur. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № **********07 saylı cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilən texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki pasportun baş planında sahəsinin 3 tərəfinin qonşu sahə olduğu qeyd edilsə də, faktiki olaraq 2 tərəfi yoldur. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında 2-1 (112)-8818/2024 saylı, inzibati iş mövcuddur, lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********60 saylı cavab məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,03665 ha və faktiki olaraq 0,03743 ha təşkil edir. “A” tikilisi 1 mərtəbəlidir. Fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq Yaşayış sahəsi 47,6 kv.metr olan 3 otaqdan, köməkçi sahəsi 42.2 kv.metr, ümumi sahəsi 89.8 kv.metrdir. Torpaq sahəsi hasar daxilindədir. 2 tərəf qonşu, 2 tərəfi yoldur. A tikilisi yerində mövcuddur. Əlavə olaraq ümumi sahəsi 74.5 kv.metr olan yaşayış evi və 15.4 kv.metr köməkçi tikili inşa edilmişdir. Torpaq sahəsi 7.9 kv.metr artıqdır. Faktiki vəziyyətə əsasən baş plan və koordinatlar tərtib olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-48- 2F/2-1758/2024 saylı məktubu ilə Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli , 31 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı və ona əlavə edilmiş 269 saylı qərarının təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. .. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) ...

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İPM: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, № 840 saylı sərəncamı əsasında X1 mülkiyyət hüquqları tanınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri X5 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsasa istinad etmişdir:

1. Təqdim edilən texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin mövcud olması;

2. Texniki pasportun baş planında sahənin 3 tərəfinin qonşu sahə qeyd edilməsinə baxmayaraq olaraq 1 tərəfinin yol xəttinin olması. Məhkəmə ilk öncə iddia tələbinin hüquqi əsası qismində iştirak edən sərəncama nisbətdə qeyd edilməlidir ki, fərdi yaşayış evi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, № 840 saylı sərəncamı əsasında 1955-ci ildə tikilmiş Bakı şəhəri, Lök-Batan qəsəbəsi, 3-cü massiv, 138 №-li qanunsuz tikilmiş fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüquqları tanınmışdır. Göründüyü ki, fərdi yaşayış evi səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında mülkiyyət hüquqları tanınmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş fərdi yaşayış evinin ölçüləri göstərilmişdir. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mərhum əri X3 mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Sərəncamın hüquqi qüvvəsinə gəldikdə isə Məhkəmə qeyd edir ki, sözügedən sərəncam ləğv olunmadığından, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən iddia etdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Qaradağ Rayon XDS-nin İK-nin “İstisna hal kimi vətəndaşların qeydiyyata alınması” barədə 269 saylı, xx.xx.1989-cu il tarixli Qərarının surətindən müəyyən olunur ki, Ermənistan SSR, Qafan rayonunda gəlmiş X8 8 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına pasport qeydiyyatına alınması qərara alınmışdır. Bu isə özlüyündə onu sübut edir ki, iddiaçı mərhum əri X8 erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların dairəsinə düşür. Bu mövqeydə isə məhkəmə qeyd edir ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanı təşkil edir. Belə ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə aşağıdakilar qərara alınmışdır:

1. Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası" əsasında verilən "Qaçqın" statusu öz qüvvəsində saxlanılsın;

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrıayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər. 7.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. Belə ki, cavabdeh tərəfindən verilmiş imtinanın əsasında duran ikinci hala münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın (çıxarışın) verilməsi ilə bağlı olduğundan torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəndlərin olub-olmamasının müəyyən edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə son olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum atasının Ermənistan Respublikasından 1988-1992-ci illərdə çıxarılıb-çıxarılmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır ki, belə k, Qaradağ Rayon XDS-nin İK-nin “İstisna hal kimi vətəndaşların qeydiyyata alınması” barədə 269 saylı, xx.xx.1989-cu il tarixli Qərarı qüvvədə olduğundan, Məhkəmə hesab edir ki, yerli icra hakimiyyəti öz səlahiyyətli çərçivəsində müvafiq araşdırma aparmış və araşdırmanın nəticəsində iddiaçının mərhum ərinin fərdi yaşayış evinə dair qeydiyyata alarkən onun Ermənistan Respublikasından Qafan rayonunda gəldiyinə istinad edərək öz mövqeyini nümayiş etdirmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Cavabdehin imtinasının əsası kimi qeyd etdiyi təqdim edilən texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin mövcud olması və texniki pasportun baş planında sahənin 3 tərəfinin qonşu sahə qeyd edilməsinə baxmayaraq olaraq 1 tərəfinin yol xəttinin olması isə iddia tələbinin təmin olunmasına istina etmir. Odur ki, cavabdeh tərəfindən əsas hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, № 840 saylı sərəncamı əsas götürülməli olduğu halda, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yanlış praktika əsasında Bakı şəhəri İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportu əsas olan hüquqmüəyyənedici sənəd qismində göstərilməklə onun əsasında göstərilmiş texniki göstəricilərə əsasən imtina edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən tərtib xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,03665 ha və faktiki olaraq 0,03743 ha təşkil edir. Fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq Yaşayış sahəsi 47,6 kv.metr olan 3 otaqdan, köməkçi sahəsi 42.2 kv.metr, ümumi sahəsi 89.8 kv.metrdir. Belə olan halda isə məhkəmə hesab edir ki, məhkəmə tərəfindən əsas hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilən Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, № 840 saylı sərəncamına əsasən fərdi yaşayış evinin perimetrik ölçü fərqi müəyyən olunmur. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən fərdi yaşayış evinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X5 məxsusluğu haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar