Məhkəmə qərarları › İş №2-1(112)-882/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-882/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-882/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının ixtisasa yiyələnməsi barədə sertifikatın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının ixtisasa yiyələnməsi barədə sertifikatın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı bir azərbaycanlı kimi orta və ali təhsilini Ukraynada almışdır. Sonradan Azərbaycan Respublikasına qayıtmışdır. Bütün təhsil mərhələlərini Ukraynada keçmişdir. Ali təhsilini M.Qorki adına Donetsk Milli Tibb Universitetində almış və həmin təhsil müəssisəsinin verdiyi diplom Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Ona 2207 nömrəli “tibb və əczaçılıq” fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnamə ona hər hansı ixtisaslaşma sənədi vermir. O, tibb üzrə bütün mərhələləri keçərək müvafiq ixtisaslaşma dərəcəsi almışdır. Bununla əlaqədar o, hazırkı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. Lakin Nazirlik məsələnin həllindən imtina etmişdir. Qurumun imtina məktubunda qeyd edilir ki, ixtisaslaşma rezidentura əsasında aparılır. Lakin iddiaçının təhsil aldığı müddətdə əldə etdiyi sertifikatdan aydın görünür ki, o, həmin vaxt təhsil aldığı Universitetdə ixtisaslaşma dərəcəsi almışdır. Ukraynanın Səhiyyə Nazirliyi ona 2134 saylı sertifikat təqdim edərək oftalmologiya ixtisası üzrə mütəxəssis olduğunu bildirmişdir. Ərizəyə əlavə edilmiş çoxsaylı sənədlərdən də görünür ki, o (iddiaçı), oftalmoloq ixtisasına yiyələnərək Ukrayna Səhiyyə Nazirliyindən müvafiq sənəd almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əsassız olaraq illərlə aldığı təhsili, ixtisas biliklərini nəzərə almadan ona müvafiq sənədi verməkdən imtina etmişdir. Bu ixtisasa yiyələndiyi halda, onun daha 5 il əlavə təhsil almasına ehtiyac qalmır. Göstərilənlərə və İPM-in 14, 58, 68-ci maddələrinə əsaslanaraq, iddiaçının oftalmologiya ixtisasına yiyələnməsi barədə sertifikatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə 25 noyabr 2020-ci il tarixdə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - iddiaçı X2 iddia tələbi əsassız və qanunsuzdur, rədd edilməlidir. İlk öncə işin faktiki halları ilə bağlı qeyd olunur ki, X4 AR Səhiyyə Nazirliyinin rəsmi internet informasiya xidmətindən istifadə edərək elektron qaydada müraciət ünvanlamışdır. Müraciət «Vətəndaşların müraciəti haqqında» AR Qanununa əsasən obyektiv şəkildə araşdırılmış və elektron qaydada əsaslandırılmış imtina cavabı verilmişdir. «Təhsil haqqında» AR Qanununun 1.0.38-ci maddəsinə əsasən rezidentura – tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması hesab edilir. Həkim-mütəxəssis vəzifəsi isə, müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. AR Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən «Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası»na əsasən Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üzrə Komissiyanın yaradılması və onun haqqında əsasnamə 28 avqust 2007ci il tarixli 80 nömrəli əmrlə təsdiq edilmişdir. «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın 3.6-cı yarımbəndinə əsasən rezidentura təhsil proqramları AR Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır. Rezidentlərin yekun attestasiyası AR Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır. Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkimmütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. İddiaçı X4 AR Səhiyyə Nazirliyi tərəfindən verilən 8 may 2019-cuil tarixli “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə” şəhadətnamə ilə baza ali tibb təhsili “müalicə işi” ixtisası üzrə tibb (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. Lakin iddiaçının ölkə ərazisindən kənar oftalmologiya üzrə aldığı təhsil proqramı ölkəmizdəki rezidentura təhsilindən fərqlidir. AR Nazirlər Kabinetinin 18 mart 2009-cu il tarixli qərarına əsasən 2011-ci ildən etibarən Azərbaycan Respublikası ərazisində həkim-mütəxəssislərin hazırlığı rezidentura vasitəsilə aparılır. Göründüyü kimi, iddiaçının ölkədən kənar almış olduğu təhsili rezidentura təhsilinin müddəti və təhsil proqramına uyğun gəlmədiyinə görə Səhiyyə Nazirliyi tərəfindən qanunamüvafıq olaraq qeyd olunan ixtisas üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmasından imtina olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X2 iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə 30 iyul 2020-ci il tarixdə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı X4 1 senyabr 2010-cu il tarxdə M.Qorki adına X6 Universitetinə daxil olmuş 20 iyun 2016-ci il tarixdə həmin təhsil müəssisəsini bitirərək baza ali tibb təhsili diplomu almışdır. AR Səhiyyə Nazirliyi tərəfindən 8 may 2019-cu il tarixdə 2207 saylı tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə baza ali tibb təhsili “müalicə işi” ixtisası üzrə şəhadətnamə verilmişdir. Lakin Azərbaycan Respublikasında həkim, cərrah, ginekoloq olmaq üçün mütləq rezedenturanı oxumaq lazımdır. Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. İddiaçı X2 rezidentura təhsili olmadığından “Oftalmologiya ixtisasının qeydiyyata alınaraq sertifkat verilməsi”nə dair iddia tələbi əsassızdır. Həkim-mütəxəssis üçün rezidentura mütləq şərtdir. AR Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»na əsasən Azərbaycan Respublikası ərazisində həkim-mütəxəssis ixtisasları üzrə hazırlığ rezidentura vasitəsilə aparılır. Klinik ordinatura və internatura təhsili üzrə hazırlıq proqramlarının məzmunu və müddəti rezidentura təhsilindən fərqli olduğu üçün respublikadan kənar klinik ordinatura və internatura üzrə təhsil qanunvericiliyə əsasən qəbul edilmir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq X2 iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Təhsil haqqında» AR Qanununun 1.0.38-ci maddəsinə əsasən rezidentura – tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Həmin Qanunun 1.0.51-ci maddəsinə görə həkim-mütəxəssis – müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 22.6-cı maddəsinə görə ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşəixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən «Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası»na əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ” barəsindəki 46-cı maddəsinin 5-ci abzasına uyğun olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə, aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını araşdırır, lazım olan tədbirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir. Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın (AR NKnın 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmişdir) 3.6-cı yarımbəndinə əsasən rezidentura təhsil proqramları Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır. Həmin Qaydaların 4.11-ci bəndinə görə yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında həkim-mütəxəssis ixtisasları üzrə hazırlığ rezidentura vasitəsilə aparılır və təhsil standartları bu hazırlıq mərhələsini rezidentura təhsili ilə şərtləndirir. Belə olan halda iddiaçı X3 tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə baza ali tibb təhsili “müalicə işi” ixtisası üzrə şəhadətnamə verilsə də, nə qədər ki, o, rezidentura təhsili almamışdır, oftalmologiya ixtisasına yiyələnməsi barədə sertifikat verilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin imtinası qanuna zidd qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının ixtisasa yiyələnməsi barədə sertifikatın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14, 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının ixtisasa yiyələnməsi barədə sertifikatın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar