Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-882/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 1059 saylı torpaq sahəsinin adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək mövcud şəhadətnamə üzrə koordinatlar faktiki vəziyyətinə uyğunlaşdırılmaqla torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir (sonuncu dəqiqləşməyə əsasən).
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi aparatının qərarından xx.xx.1998ci il tarixli 03 nömrəli çıxarışa əsasən Məştağa qəsəbəsi 1059 nömrəli 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmışdır. xx.xx.2006-ci il tarixli, JN-29156D nömrəli kod 00500046 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən və Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənərək iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 1998-ci ildən iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində qeydiyyatdan keçirərək mülkiyyət hüququ əldə etmək üçün müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21 -3-30/2- 167/**********600167 nömrəli məktubla qeyd olunan torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış sahəsinin hüdudlarından kənarda yerləşməsini əsas gətirərək imtina etmişdir.
4. Cavabdeh tərəfindən təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 1059 saylı torpaq sahəsinin mərhum X4 adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il, **********67 saylı cavab məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Maştağa tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin, JN- 29156D nömrəli şəhadətnamənin baza məlumatı ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Belə ki, torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış sahənin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Maştağa tərəvəzçiliksüdçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin JN-29156D nömrəli şəhadətnamənin baza məlumatı ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Belə ki, torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış sahənin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fƏrmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yemidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
6. Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 17 mart 1998-ci il tarixli 03 saylı Qərarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır: Ümumi sahə - № 1059; İddiaçı; Bakıxanov qəsəbəsi, Ağayev küçəsi, ev 47, mənzil 42.
7. Torpağın mülkiyyətə verilməsinə dair JN-29156D nömrəli Şəhadətnaməyə əsasən (KOD – ********) Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 17 mart 1998-ci il tarixli 03 saylı Qərarı ilə 0,12 hektar fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 1059 saylı t/s İddiaçı, X1, X2 və X3 mülkiyyətinə verilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 1059 saylı torpaq sahəsinin faktiki olaraq naturada yerləşdiyi koordinatları təqdim edilmişdir. Sahə 1200.0 kv.m təşkil edir.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
22. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
23. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadına uyğundur.
24. Belə ki, hazırkı iddia tələbi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı üzrə iddia tələbinin predmeti analoji xarakterlidir: “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadında qeyd olunmuşdur:
11. ...Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.01,2023-cü il tarixli 2-1 (102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1 (102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1 (102)-1862/2023, xx.xx.2024-cü il tarixli 2-1 (102)-3/2024 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququnun tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.
26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-29156D nömrəli Şəhadətnaməyə əsasən (KOD – ********) Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 17 mart 1998-ci il tarixli 03 saylı Qərarı ilə 0,12 hektar fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 1059 saylı t/s İddiaçı, X1, X2 və X3 mülkiyyətinə verilmişdir.
27. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29156D nömrəli (kod ********) Şəhadətnamə İddiaçı (iddiaçı), X1, X2 və X3 Pirşağı qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəddir və daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.5-ci maddəsi vaxtilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrini əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edir. Qanunun qeyd edilən maddəsində əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin hüququn qeydə alınması üçün əsas hesab edildiyi qeyd edilsə də, artıq qeydə alınmış hüququn təkrar qeydiyyatının aparılması özlüyündə hüquq müəyyənliyi və şəxsin dövlətə olan etimadı ilə bir araya sığmır. Odur ki, qeyd edilən qeydiyyat sənədlərinin mövcudluğu təkrar qeydiyyat aparılmaqla deyil, daşınmaz əmlaka dair çıxarışın verilməsi ilə nəticələnməli və şəxsə müvafiq çıxarışın verilməsindən imtina edilməməlidir.
28. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Maştağa tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin, JN-29156D nömrəli şəhadətnamənin baza məlumatı ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Belə ki, torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış sahənin hüdudlarından kənarda yerləşir.
29. Məhkəmə qeyd edir ki, cavabdeh göstərilən sahənin Maştağa tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissədə və Savalan yaşayış massivinə ayrılmış sahənin hüdudlarından kənarda yerləşməsini təsdiq edən hər hnası dəlili məhkəməyə təqdim etməmişdir.
30. Məhkəmə digər tərəfdən qeyd edir ki, bağların yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.
31. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
32. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
33. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.
34. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla (torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29156D nömrəli (kod ********) Şəhadətnamə üzrə koordinatlarını faktiki vəziyyətə uyğunlaşdırmaqla) iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
35. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
37. X10 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
38. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1059 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29156D nömrəli (kod ********) Şəhadətnamə üzrə koordinatlarını faktiki vəziyyətə uyğunlaşdırmaqla İddiaçı (ümumibirgə) mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva