Məhkəmə qərarları › İş №2-1(112)-8820/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8820/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8820/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bağçının üzvlük kitabçasına əsasən Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il tarixli 4 №-li iclas protokolouna əsasən Quliyeva (Mirələməova) Sədaqət Malikəjdər qızı bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Hövsan “Sahil” bağları Bağçılıq cəmiyyəti bağından 600 kv.metr olan 41 №-li bağ sahəsi daimi istifadə etmək üçün X1 verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, idarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adınız aşkar olunmamış və siyahıda “41” saylı torpaq sahəsi digər şəxsin adına qeyd olunmuşdur. Bundan başqa, torpaq sahəsi sənəd üzrə 600 kv.metr qeyd edilsə də, faktiki sahə 545 kv.metr təşkil edir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ona ünvanlanan imtina (bildiriş) məktubu əsassız hesab edilərək, cavabdeh orqan tərəfindən onun barəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivinin ərazisində yerləşən “41” saylı torpaq sahəsi üzərində yerləşən 545 kv.m (bağçılığın üzvlük kitabçasında 6 sot qeydə alınsa da, faktiki olaraq 545 kv.m olan) sot torpaq ərazisində hüquqların dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdiirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, imtina ilə razı deyil. Ona məxsus olan əmlaka hüquqların dövlət qeydiyyatına alınması hüququ məhdudlaşdırılmış, bununla da kontitusion hüququ sayılan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı “Sahil” bağçılığın üzvlərinin xx.xx.2000-ci il tarixli, 4 № li iclasında qəbul edilmiş qərarla bağçılığa üzvə qəbul edilmiş, onun adına üzvlük kitabçası açılmış və iddiaçıya bağçılıqdan “41” № li, sahəsi 600 kv.metr olan bağ sahasi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə hüquqların dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi bağçının üzvlük kitabçasının əslini təqdim edir. Həmin kitabçada üzvlərin iclas protokolunun tarixi və nömrəsinə istinad vardır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir; 2) İdarədə mövcud olan arxiv siyahısında 41 saylı bağ sahəsi digər şəxsin adına qeyd edilib; 3) sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 545 kv.m təşkil edir; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-və 2-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə bağçılıqyoldaşlıq cəmiyyətinin üzv olmasına dair üzvlük biletinin əslini təqdim etmişdir. Cavabdeh İdarənin təqdim etdiyi bağçılığın arxiv qovluğundan müəyyən edilir ki, bağçılıq Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına əsasən yaradılmış, üzvlərin siyahısı xx.xx.1995-ci ildə olan məlumatlara əsasən tərtib edilmişdir. Bundan sonra bağçılığa dair arxiv qovluğunda başqa siyahı yoxdur. Cavabdeh həmin siyahıya istinad edərək iddiaçının həmin siyahıda adının olmamasını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı 2000-ci il tarixdə bağçılığa üzv qəbul edilmişdir. Belə olan halda, iddiaçının həmin siyahıda adının olması mümkün deyildir. Bağçılığa yeni üzvlər qəbul edildikdən sonra siyahının yenilənməməsi isə iddiaçının təqsiri deyil. İddiaçının bağçılığın üzvü olması mötəbər sübutla, üzvlük kitabçasının əsli ilə təsdiq edilir. Həmçinin müayinə aktından görünür ki, iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək yaşayır. İşin hallarından göründüyü kimi, bağ sahəsi iddiaçının sahiblik və istifadəsindədir, hər hansı digər şəxslərin həmin bağa dair iddiası və müraciəti olmamışdır. Məhkəmə 3-cü halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivinin ərazisində yerləşən “41” saylı torpaq sahəsi üzərində yerləşən 545 kv.m (bağçılığın üzvlük kitabçasında 6 sot qeydə alınsa da, faktiki olaraq 545 kv.m olan) sot torpaq ərazisində hüquqların dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin qeyd olunan imtina əsası da aradan qalxmışdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanan imtina (bildiriş) məktubu əsassız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivinin ərazisində yerləşən “41” saylı torpaq sahəsi üzərində yerləşən 545 kv.m torpaq sahəsinə İddiaçı hüquqların dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar