Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8820/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, mənzil sahəsi qanun pozuntuları ilə özəlləşdirildiyindən və onun mənzil sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ pozulduğundan, mənzil sahəsinin özəlləşdirilməsinə dair razılığını bildirməsinə dair qanunun tələblərinə əməl edilmədiyindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı (yeni qaydalarla AZ 1130, Bakı şəhəri., ünvan 5 mənzilin özəlləşdirilməsinin ləğv edilməsini, mənzil sahəsinə X2 mülkiyyət hüququnun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, **********3-05301- 093069 daşınmaz əmlakın dövlət reyestri ilə qeydə alınmasının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı (yeni qaydalarla AZ 1130, Bakı şəhəri, ünvan 5 mənzilinin özəlləşdirilməsinin və mənzil sahəsinə X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, **********3-05301-093069 reyestr nömrəsi ilə qeydə alınmasının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzili Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1024 nömrəli sərəncamına əsasən 25 fevral 2001-ci il tarixli 023931 nömrəli order ilə X7 verilmişdir. X12, həyat yoldaşı X9 və ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi ev 91, mənzil 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışlar. İddiaçı 24 dekabr 2005-ci il tarixdə X10 oğlu X17 ilə nigaha daxil olmaqla ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu 24 dekabr 2005-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilinə köçmüşdür. 21 fevral 2013-cü il tarixdə iddiaçı ailə üzvləri X17 (keçmiş həyat yoldaşı) və övladları X13, X14 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin, 86 saylı mənzil sahəsinə qeydiyyata alınmışdır. Həmin şəxslərin mənzil sahəsində qeydiyyatda olmaları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışı ilə təsdiq olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X17 ilə nikahları pozulmuşdur. Nikahlarının pozulmasına baxmayaraq iddiaçı övladları ilə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin, 86 saylı mənzilində yaşayır. 2023-cü ilin sonları - 2024-cü ilin əvvəllərində ona keçmiş həyat yoldaşı tərəfindən bildirilmişdir ki, yaşadığı mənzil sahəsini özəlləşdirmək istəyir. Mənzil sahəsinin özəlləşdirilməsi üçün iddiaçının razılıq ərizəsinin olmasının tələb olunduğunu bildirərək notarial qaydada təsdiq edilmiş ərizə verməyini istəmişdir. İddiaçı ona bildirmişdir ki, onda mənzil sahəsini iddiaçının adına özəlləşdirmişdir. Rəhimov Əsəd isə iddiaçıya bildirmişdir ki, mənzil sahəsi özəlləşdirildikdən sonra ona 2 otaqlı mənzil alıb verəcəkdir. İddiaçı da ona bildirmişdir ki, əvvəlcə 2 otaqlı mənzili adına alıb versin, iddiaçı ondan sonra yaşadığı mənzil sahəsinin onun adına özəlləşdirilməsinə ərizə verəcəkdir. Bir müddət sonra Binəqədi rayon məhkəməsindən ünvanına daxil olmuş bildirişdən məlum olmuşdur ki, kirayəçisi olduğu, övladları ilə yaşadığı mənzil sahəsini keçmiş qaynanası X2 adına özəlləşdirmişlər. X9 isə məhkəməyə iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilindən çıxarılmağı, mənzili boşaltmağı, mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməyi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Aparılan araşdırma ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin, 86 saylı (yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, giriş 130, M3, m2) mənzili X2 adına özəlləşdirilmiş və mənzil sahəsinə dair mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, **********3-05301-093069 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdehə ərizə ilə müraciət olunmuş, cavabdeh məhkəməyə müraciət etməsini bildirmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ X11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 023631 saylı order əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququna dair aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2000-ci il tarixli 7 nömrəli protokoldan görünür ki, "xxxx" MTK-nın üzvü X7 order verilməsinə razılıq verilmişdir. -“Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1024 saylı sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2000-ci il tarixli, 7 №-li protokolu təsdiq edilmişdir. -023931 nömrəli, xx.xx.2001-ci il tarixli orderdən görünür ki, ünvan 3 ünvanında yerləşən 4 otaqlı sahəsi 62,3 kv.m olan 86 saylı mənzili X3 ailəsi ilə birlikdə (5 nəfər) istifadəsinə verilmişdir. Orderə əsasən ailə tərkibi: Rəhimov.H.S (özü), Rəhimova.Ç.H (arvadı), Rəhimov T.H (oğlu), Rəhimov L.H (oğlu), Rəhimova.L.H (oğlu). - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X14 qeydiyyatdadırlar. - Nikah haqqında 215902 nömrəli şəhadətnamədən görünür ki, X17 ilə İddiaçı xx.xx.2005-ci ildə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. - Nikahın pozulması haqqında xx.xx.2019-cu il tarixli, 325054 nömrəli şəhadətnamədən görünür ki, X17 və X4 arasında olan nikah ləğv edilmişdir. -X5, X8 və X6 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar ünvan 4 ünvanında yerləşən mənzilin X2 adına özəlləşdirilməsinə razı olduqlarını bildirmişlər. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26, mənzil 86 (yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilə X2 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı hazırda 86 saylı mənzilə istifadə hüququ olduğu halda razılığı olmadan X2 mülkiyyət hüququnun qeydə alınmasının qanunsuz olduğunu iddia edərək, onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İstinad olunan normalardan görünür ki, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı qeydiyyat orqanına o şəxslərin razılıqları təqdim edilir ki, həmin şəxslər ərizəçi ilə birlikdə yaşamış və həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərdir, yaxud müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərdir. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə mübahisənin həlli iddiaçının üçüncü şəxs ilə birlikdə yaşamış və həmin mənzil sahəsinə (evə) hüququ olan şəxs olub olmamasının müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5260/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim İlkin Əliyev) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini, mənzilə istifadə hüququnun olması əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının həmin qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, “...64.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli mənzil dövlət və ictimai mənzil fondu evi deyildir. Belə ki, iddiaçının mərhum əri H.Rəhimov 1998-ci il tarixdə Kooperativə üzvlüyə qəbul edilmiş və payına uyğun ona mənzil verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında verilən xx.xx.2001-ci il tarixli order icarə müqaviləsinin mövcudluğunu təsdiq edən sənəd kimi yox, Mənzil-tikinti kooperativi evində X11nin icraiyyə komitəsinin əvəzinə (hansı ki müstəqillik dövründə onun səlahiyyətlərini artıq İcra hakimiyyətləri həyata keçirirdi) mənzillərə köçmək üçün verilən sənəd kimi çıxış etmişdir. Bu isə mənzil qanunvericiliyinin həmin vaxt tələbinə uyğun olaraq, Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinin mənzil-tikinti kooperativlərinin fəaliyyətinə nəzarət funksiyasından irəli gəlirdi. Halbuki, Kooperativin əmlakı onun üzvlərinin xüsusi mülkiyyəti hesab edilirdi. xx.xx.1999-cu il tarixli AR qanunu ilə təsdiq edilmiş və 2000-ci ilinin iyunun 1 də qüvvəyə minmiş Mülki Məcəllənin qəbulundan sonra, yəni xx.xx.2003- cü il tarixdə “Kooperasiya haqqında” AR qanunu qüvvədən düşmüşdür və kooperativlərlə bağlı məsələlər Mülki Məcəlləyə uyğun tənzimlənmişdir. Mülki Məcəlləyə xx.xx.2005-cü il tarixli qanunla edilmiş dəyişikliyə əsasən ona əlavə edilmiş 178.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Odur ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan həm mülki qanunvericiliyə, həm mənzil qanunvericiliyinə, həm də digər qanuna əsasən iddiaçının mərhum əri kooperativin üzvü olduğundan həmin mənzilin mülkiyyətçisi hesab edilirdi.
65. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından isə cavabdeh köçdüyü mənzilin mülkiyyətçisinin digər ailə üzvü hesab edildiyindən, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi. Lakin belə bir razılaşma olmadığından cavabdehin istifadə hüququ yaranmamışdır
66. Nikah münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus mənzildə onun iradəsinə zidd olaraq yaşamaqda davam etmiş, bu isə Mülki Məcəllənin tələblərinə zidd hesab edilir. Mülkiyyətçinin razılığı olmadan yaşayış sahəsində qalmaq və oradan istifadə etmək qanunsuz istifadə sayılır və belə halda şəxsin mənzildən istifadə hüququ yarana bilməz.
67. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh 2021-ci ildə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməklə, hətta əvvəlcədən mövcud olmuşdursa belə, mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Mülki qanunvericiliyə əsasən, şəxs digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə, başqa mənzildən istifadə hüququnun davam etməsi üçün əsas qalmır. ... 71. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması isə onun mənzilə istifadə huquqlarının yaranması anlamına gəlmir, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
72. Cavabdeh apellyasiya şikayətində, həmçinin istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olmasını göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ mövcud deyildir, bu baxımdan onun kompensasiya ilə bağlı mövqeyi də əsassızdır.” Göründüyü kimi, mülki mühakimə icraatı qaydasında iddiaçının 86 saylı mənzilə hər hansı bir hüququnun olmaması öz təsdiqini tapmışdır. Belə olan halda aydındır ki, iddiaçının 86 saylı mənzilə hüququ olmadığından C.Rəhimovanın həmin mənzilə dair mülkiyyət hüququ qeydə alınakən iddiaçının razılığı tələb olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi və faktiki əsası mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova