Məhkəmə qərarları › İş №2-1(112)-8821/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8821/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8821/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında müddətsiz istifadəsində olan 226 kv.m mənzilaltı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi və hüquqların Daşınmaz Əmlak Dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı 1967-ci ildə keçmiş Ermənistan SSR-nin Krosnoselo rayonunda anadan olmuş, ailəlidir və hazırda ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olaraq yaşayır. ünvan 2 ünvanında yerləşən yaşayış binasının hissəsi olan 43 kv.m yaşayış sahəli 2 otaqlı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Bu hüquq xx.xx.2013-cü ildə ********** Qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrinə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Daşınmaz Əmlak üzərində yaranmış hüququ barədə 181 №-li Reyestr kitabının 19413 nömrəli vərəqində müvafiq qeydlər aparılmışdır. Haqqında bəhs etdiyi mənzil XX əsrin 2-ci yarısında Bakı şəhərində taxta konstruksiyalardan inşa edilmiş "Fin" tipli yaşayış binasının hissəsidir. Ona qədər bu mənzilin bir neçə sahibi olmuşdur. Buranı əldə edəndən sonra o, mənzildə heç bir yenidənqurma və tikinti işləri aparmamışdır. Mənzilin kommunal xərclərini, istehlak etdiyi işığın, qazın və suyun haqqını müntəzəm olaraq ödəmişdir. Mənzilin hazırki vəziyyəti və abadlığı onu qane edir və gələcəkdə burada hər hansı bir dəyişiklik etməyi planlaşdırmır. Yaşayış binasının digər payçıları olan qonşularla ümumi istifadədə olan yardımçı və köməkçi sahələr yoxdur. Binanın bərabərhüquqlu payçıları olan qonşuların sərhədlərini mişar daşından hörülmüş divarlar birbirindən ayırır. Eləcə də, hazırki vəziyyətdə hər 3 payçıya xidmət edən istinad divarları, mənzilləri birləşdirən pilləkən meydançaları, birgə istifadədə olan pilləkənlər, liftlər (bina 1 mərtəbəlidir, onun zirzəmisi və şaxtası yoxdur), su anbarları, sanitar qovşaqları, ümumi yanğından mühafizə qurğuları və avadanlıqları yoxdur. Həmçinin binanın daxilində olan və ümumi payçılara xidmət etmək üçün nəzərdə tutulan sanitar-texniki, elektrik, yaşıllaşdırma və abadlaşdırma elementlərindən ibarət ortaq məntəqələr yoxdur. Eləcə də binanın taxta konstruksiyaları ləğv olunmuş, taxtadan çəkilmiş hasarlar daşdan tikilmiş hasarlarla əvəz olunmuşdur. Ona məxsus mənzilin daxili və xarici divarlarının mişar daşından hörülməsi barədə Texniki Pasportda aparılmış qeydlər də göstərilənləri təsdiq etmişdir. Mənzilə verlimiş Texniki Pasportda mənzilinin tikinti altındakı torpaq sahəsi 226 kv.m təşkil edir. Bu sahə ona müddətsiz olaraq istifadəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ona verilmiş sənədlərlə torpağın ona hansı müddətdə istifadəyə verilməsi barədə müddət göstərilmədiyindən hesab edir ki, torpaqdan istifadə hüququ ömürlük olaraq rəsmiləşdirilməlidir. Əlavə olaraq, çöl divarı ilə ətrafla əlaqəsi olmayan bu 226 kv.m sahəyə heç bir fiziki və hüquqi şəxsin iddiası yoxdur və heç bir vaxt mübahisə hədəfinə çevrilməmişdir. O mənzilin altındakı bu torpaq sahəsini özəlləşdirmək və onun üzərində xüsusi mülkiyyət hüququnun tanınmasında istəyir. Elə bu hüququn reallaşmasında ona köməklik göstərilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq cavabdeh adı çəkilən torpaq sahəsi ilə bağli heç bir hüquqmüəyyənedici sənədlər təqdim etmədiyini, həmçinin bu torpaq sahəsinin burada 3 bərabər hüquqla payçılara xidmət etdiyini bildirərək və eləcə də Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 maddəsinin tələblərini rəhbər tutaraq xahişi müsbət qiymətləndirilməmişdir. O, cavabdehin müraciətinə bu cür yanaşma tərzini qəbul etmir. Mənzil Məcəlləsinin bu maddəsinin konkret olaraq onun timsalında tətbiqi mənzilin ətrafında baş verənlərlə ciddi uyğunsuzluq təşkil edir. Belə ki, R.Teymurov 42 ünvanı və onun hissəsi olan mənzil, bina istismara verilən dövrdən bu günə qəhər ciddi dəyişikliklərə məruz qalmışdır. Mənzilinin və xüsusi mülkiyyətinə verilməsini xahis eydiyi mənzilin tikintisi altındakı torpağın binanın digər 2 payçısı ilə ümumi istifadədə olan kommunikasiya, texniki-sanitar, yardımçı sahələr, avadanlıq və qurğular, mühəndis-mexaniki elementləri və dayaq məntəqələri yoxdur. Eləcə də mənzilinin və onun üstündə yerləşdiyi torpaq sahəsinin hüdudları və sərhədləri bəllidir, hər 3 payçının gediş-gəliş yolları ayrı-ayrılıqda və sərbəst şəkildədir və onların sərhədləri mişar daşından hörülmüş hasarlarla bir-birindən təcrid olunmuşdur. "Fin" tipli yaşayış binalarının divarları taxta konstruksiyalardan inşa edilərək istismara verilsə da, bu gün hər 3 payçının daxili və xarici divarları mişar daşından hörülmüş vəziyyətdədir. Hər 3 payçının mənzillərinin dam örtükləri ayrı-ayrılıqdadır, onları ümumi örtüklər birləşdirmir. Hesab edir ki, MM-nin 35-ci maddəsinin 1-ci bəndinin tələbləri Rizvan Teymurov küçəsi 42 ünvanında hazırda mövcud olan vəziyyətə konkret olaraq şamil edilməməlidir və yaranmış vəziyyətdə cavabdeh tərəfindən tamamilə fərqli yanaşma daha məqsədəuyğun olardı. Cavabdehin xahişinə mənfi münasibətinin başqa bir səbəbi mənzilinin altındakı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlərin tərəfindən təqdim edilməməsidir. Hesab edir ki, kifayət qədər sənəd cavabdeh inzibati orqana təqdim edilmişdir. Mənzil onun adına qeydiyyata alınıbsa, altındakı torpaq sahəsidə onun adına qeydiyyatdan keçməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 4 ünvanında olan mənzilin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il, **********29 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1157/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı ünvan 5 ünvanında yerləşən 226 kv.m torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 125.63 kv.m və həyətyanı sahəsi 100.37 kv.m olan evə dair bütün sənədlərin tərtib edilib reyestrdən keçirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması tələbinə dair iddiası təmin edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən yaşayış binasından 24 metr məsafədə yerləşməklə torpaq sahəsinin faktiki ölçüsü 232.6 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınməumatış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə (teleqram) ilə müraciət edərək, məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-M-0165-8/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-M-1827/02- 8/2023 nömrəli imtina məktublarında bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

8. DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” **********14-05101-093001 reyestr npmrəli çıxarışın surətindən görünür ki, ünvan 4, mənzil – xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsudur.

9. İddiaçı tərəfindən həmin mənzilə dair xx.xx.2014-cü ildə tərtib edilmiş 11/328 interyer nömrəli texniki pasport məhkəməyə təqdim edilmişdir.

10. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, M-2 nömrəli məktubun surətindən görünür ki, R.Teymurov küçəsi 42 (keçmiş Paruşkin küçəsi) Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021 -ci ü tarixli 235 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2001-ci il tarixli, 27 saylı əmrinə, eləcədə “Azərneftyanacaq” İstehsalat Birliyinin xx.xx.2001-ci il tarixli, 73 saylı və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001 -ci il taıixli, 14 saylı birgə əmirlərinə uyğun olaraq - Azərneflyanacaq’' İstehsalat Birliyinin balansında olan mənzil fondunun Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilməsi barədə komissiya yaradılmışdır. Təhvil təslim işləri zamanı R.Teymurov küçəsi 42 ünvanla bağlı order sərəncam, Bakı şəhəri X5 qərarı və s. qəbul edilməmişdir. Bu səbəbdən yaşayış sahəsinin altında yerləşən torpaq sahəsini xüsusi mülkiyyətə keçirilməsinə köməklik üçün hər hansı bir arayışın verilməsi səlahiyyətləri xaricindədir.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********47 nömrəli məktubu ilə ünvan 5 ünvanında yerləşən mənzilə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətiləri məhkəməyə təqdim edilmişdir.

12. 120 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən FİN tipli yaşayış binasının 3 payçısı var: İddiaçı, X7 və X2.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

20. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

22. Həmin Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.1.) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.5.) bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Qanunun 10.2-ci və 10.2.2-ci maddələrinə əsasən torpaq sahəsinin planı və ölçüsü qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir

23. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. MühÜm olan arqumentlərdən biri odur ki, qanunvericilik fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqları əvəzsiz olaraq mülkiyyətçilərə verilməsini şərtləndirmiş, mənzil kimi xidmət edən daşınmaz əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsubluğunu tanımışdır. Ümumi paylı mülkiyyət hüququnu ehtiva edən anlayış Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəalarında əks olunmuşdur.

26. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.

29. qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisi sayılır.

30. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxs həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmək hüququna malik olur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır.

31. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək müəyyən etmişdir ki, ünvan 4, mənzil – xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olsa da, həmin mənzil “FİN” tipli yaşayış binası olmuş və digər mənzillər ilə konstruktiv bağlılığı olmuşdur.

32. Belə ki, 120 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda xüsusi ilə qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən FİN tipli yaşayış binası olsa da, onun 3 payçısı olmuşdur (İddiaçı, X7 və X2).

33. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi daşınmaz əmlak mənzil kimi qeydiyyata alındığından, həmçinin həmin mənzilin yaşayış binasının tərkib hissəsi olması arayış ilə müəyyən olunduğundan, o cümlədən ümumiyyətlə mənzilin yerləşdiyi evin altında olan torpaq sahəsinin ayrılmasına dair sənəd mövcud olmadığından iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından söhbət gedə bilməz.

34. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir.

35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar