Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8823/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı Bahadur oğlunun, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehlərin nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bahadur oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (X13 Alayına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində verilmiş 04.10.2020-ci il tarixli Ə358 ş/h- 033-20 nömrəli əmrin ləğv edilməsi və onun xidmət etdiyi Daxili İşlər Nazirliyi X13 Alayına işə bərpa olunması və işləməyi hər ay üçün bərpa olunana qədər ona ödəniləcək əmək haqqının caavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilin aprel ayından Daxili İşlər Nazirliyinin X10 Alayında polis serjantı olaraq xidmətə başlamış, 4 oktyabr 2020-ci il tarixə qədər Daxili İşlər Nazirliyinin X10 Alayında polis əməkdaşı olaraq xidmət etmişdir. Azərbaycan Respublikasında keçirilən yerli və beynəlxalq tədbirlərin keçirilməsi zamanı layiqli xidmətlər göstərmişdir. Xidmət etdiyi illər ərzində layiqli xidmətimə görə dəfələrlə şəxsi işinə tikilməklə təşəkkürnamələrlə təltif olunmuşdur. 2013-cü ilin aprel ayından Daxili İşlər Nazirliyinin X10 Alayında polis serjantı olaraq xidmətə başladığı vaxtdan 4 oktyabr 2020-ci il tarixə qədər iddiaçının barəsində hər hansı intizam tənbehi və ya xəbərdarlıq, töhmət verilməmişdir. Lakin 4 oktyabr 2020-ci il tarixdə xidmət etdiyi Daxili İşlər Nazirliyinin X1 zəng edilərək işdən azad olunmağı ilə bağlı məlumat verilməklə işə gəlməməyini bildirmişlər və zəng edən əməkdaşdan işdən çıxarılmağının səbəbini soruşanda bildirmişdir ki, səbəbini əmri alanda biləcəkdir. İddiaçının həmin tarixdə səhhətində problem olduğundan və bununla bağlı tabeçiliyində olduğu rəhbərliyə telefonla məlumat vermiş, sonradan iş yoldaşlarından öyrənmişdir ki, onun işdən çıxarılmağı barədə əmri xidmət etdiyi Daxili İşlər Nazirliyinin X10 Alayının müvafiq bölmələrində elan etmişlər. İddiaçı bu məlumatı aldıqdan sonra tabeçiliyində olduğu rəhbərliyə dəfələrlə müraciət etmiş, lakin 01.06.2021-ci ildə işdən çıxarılmağı barədə müvafiq əmrin təsdiq olunmuş surətini almağa nail olmuşdur. Əmrdə qeyd etmişlər ki, iddiaçı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlər etdiyinə görə işdən azad edilmişdir. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərin nədən ibarət olduğu haqqında iddiaçıya hər hansı məlumat və bildiriş verilməmişdir və həmin əmr əsassız və qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 20 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Eyni zamanda iddia ərizəsində göstərilən cavabdehin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində cavabdeh kimi həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 Alayını nəzərdə tutduqlarını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 Alayının 04.10.2020-ci il tarixli, Ə286-033-20 əmrindən görünür ki, “Polis haqqında” Qanunun 29-cu maddəsinin, DİN-in 15.10.2015-ci il tarixli “06" nömrəli əmrinin, 28.09.2020-ci il tarixil Q29-001-20 nömrəli Qərarının, “DİO əməkdaşlarının etik davranış Kodeksi”nln 1, 2, 14, 17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nln 3.2-cl bəndinin tələblərini pozaraq 03.10.2020-ci il tarixdə Bakı şəhəri ərazisində komendant saatı rejimi qaydalarının kütləvi halda pozulması İlə elaqədar DİN-in rəhbərliyinin göstərişi əsasında Alay komandiri tərəfindən şəxsi heyətə verilmiş “Qığılcım” toplanış siqnalı ilə çağırılmasına baxmayaraq əsaslı səbəb olmadan çağırışa gəlmədiyinə, eyni zamanda xidməti vəzifəsindən sui-istifadə edərək komendant saatı rejimi qaydalarını kobud şəkildə pozduğuna, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe nümayiş etdirdiyinə, bu hərəkətləri ilə daxili İşlər orqanları əməkdaşının adına və nüfuzuna xələl gətirdiyinə görə Alayın 4-cü patrul bölüyünün polis nəfəri polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-cl maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hazırkı iddiaya cavab verməli olan orqan deyil. Belə ki, mübahisələndirilən inzibati akt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 Alayı tərəfindən qəbul edilmişdir. Bu kontekstdə, iddia Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayıla bilməz. Digər cavabdehə qarşı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 Alayının 04.10.2020-ci il tarixli, Ə286-033-20 əmri xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Qeyd edilən xüsusat iddiaçı tərəfindən təsdiq edilmişdir, lakin əmrin surətini gec almasına istinad etmişdir. İddiaçının mübahisələndirilən həmin aktın surətini rəsmi qaydada gec almasına gəldikdə isə, məhkəmənin mövqeyi görə, iddiaçı həmin aktdan xəbərdar olmuş və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 26.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin tərəfindən ötürülməməsinə istinad etsə də, iş materialları ilə tam təkzib edilmişdir. Digər iddia tələblərinə (işə bərpa və əmək haqqının ödənilməsi) münasibətdə isə məhkəmə bildirir ki, əsas iddia tələbindən (əmrin ləğv edilməsi) asılı olduğundan, birinci tələbin mümkün sayılmaması sonrakı iddia tələbinin də mümkün hesab olunmaması üçün əsas yaradır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bahadur oğlunun cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8823/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8823/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver