Məhkəmə qərarları › İş №2-1(112)-8824/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8824/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8824/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X7, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa edilmiş 3 mərtəbəli, - 6.80 m. səviyyəsində zirzəmi mərtəbəsi, - 3.40 m. səviyyəsində - köməkçi sahə olan və 17 mərtəbəli, - 6.80 m. və - 3.40 m. səviyyəsində köməkçi və texniki sahə olan qeyri-yaşayış binaları üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2004-cü il tarixli dövlət reyestrindən çıxarışına əsasən 1105-T13-3907 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Boks Federasiyası kompleksinin layihələndirilməsinə icazə verilməsi haqqında” 17 may 2012-ci il tarixli 195 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə Gənclər və İdman Nazirliyinə ayrılmış torpaq sahəsinə dair sənədləşmə işləri “Gilan" MMC-yə aid edilmiş və orada həmin cəmiyyət tərəfindən Boks Federasiyası kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. İddiaçı MMC-nin sifarişi əsasında layihəçi tərəfindən tikilməsi nəzərdə tutulan çoxmərtəbəli qeyri-yaşayış binasının eskiz layihəsi tərtib edilmiş və layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, aidiyyəti orqanların texniki şərtlərinə uyğun olaraq qeyri-yaşayış binaları inşa edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 rəyində binaların yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanaqlıq tələblərini ödədiyi bildirilmişdir. Qeyd edilən tikililərin inşaat pasportu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən tərtib və təsdiq edilmiş, binaların kommunal xidmətlərlə təmin edilməsi üçün aidiyyəti dövlət orqanlarından müvafiq icazələr alınmışdır. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, qeyd olunan ünvanda inşa olunmuş və tikintisi başa çatmış qeyri-yaşayış binalarına mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd edilən qeyri-yaşayış binalarının mülkiyyət hüququna dair dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 195 nömrəli sərəncamı ilə Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhələdə İddiaçı MMC-yə torpaq sahəsi ayrılmış və həmin cəmiyyət tərəfindən Boks Federasiyası kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilmiş, İddiaçı MMC tərəfindən Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə inşa edilmiş və tikintisi başa çatmış qeyri-yaşayış binaların layihəsinin inşaat pasportu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2014-cü ildə razılaşdırılmış, binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin rəyi ilə təsdiq edilmiş, binanın qaz, su, kanalizasiya, telefon və digər kommunal xidmətlərlə təmin edilməsi barədə müvafiq aktlar təsdiq edilmişdir. Tərəflərindən sözügedən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə yerləşən əmlak kompleksində eyni əsaslarla 3 qeyri-yaşayış binası inşa edilmişdir. Bu binalardan birinə aid 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2892/2019 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində “Gilan" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bu qərarın icrası olaraq ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən tam mülkiyyət üzrə 32669,7 kv. metr İddiaçı MMC-yə məxsusdur. Digər iki binalara: 1. Bloklar A, B: 3 mərtəbəli, - 6.80 m səviyyəsində - zirzəmi mərtəbəsi, - 3.40 m səviyyəsində - köməkçi sahə; 2.Blok C: 17 mərtəbəli, - 6.80 m. və - 3.40 m. səviyyəsində köməkçi və texniki sahə; mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd edilən qeyri-yaşayış binalarının mülkiyyət hüququna dair dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, çoxmərtəbəli qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən sənədlər toplusuna əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2892/2019 saylı qərarı idarə tərəfindən icra olunaraq sözügedən ünvanda mövcud olan tikililərin bir hissəsi İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan bölgü sxemi tərtib edilərək alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bundan əlavə, təqdim edilmiş layihədə qeyd edilən -2 zirzəmi səviyyəsində yerləşən sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, İPM-nin 48.2-ci maddəsini rəhbər tutilaraq iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X8 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tələb olunan əmlakın qanuni əsaslarla İddiaçı MMC-yə məxsus olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etdiyi üçün, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********952800 №-li reyestdən çıxarışın və İddiaçı MMC-nin nizamnaməsinin (yeni redaksiyada) notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, Cəmiyyət xx.xx.1994-cü il tarixdə 840 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı İstehsal Kommersiya Şirkətinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. İddiaçı MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Xarici İşlər Nazirliyinə aid xx.xx.2009-cu il tarixli, 356 saylı və Gənclər və İdman Nazirliyinə aid xx.xx.2009-cu il tarixli, 369 saylı sərəncamlarında dəyişiklik edilməsi haqqında” 398 №li, xx.xx.2009-cu il tarixli Sərəncamının surətindən müəyyən olunur ki;

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 162 s saylı və xx.xx.2009-cu il tarixli, 117 s saylı sərəncamlarının icrasının təmin edilməsi məqsədilə, Xarici İşlər Nazirliyinin xx.xx.2009-cu il tarixli, 4/18-215/05/09 saylı müraciəti və Gənclər və İdman Nazirliyinin xx.xx.2009-cu il tarixli,1712/R-06/16 saylı razılıq məktubu nəzərə alınaraq: a) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 369 saylı sərəncamının 1.1-ci bəndində aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır. Gənclər və İdman Nazirliyinə, Xətai rayonu, N.Rəfiyev küçəsi,1210 saylı məhəllədə boks, karate və dzü-do zallarının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsi, həmin məhəllədə X.Rüstəmov küçəsindəki torpaq sahəsi ilə əvəzləndirilsin. b) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 369 saylı sərəncamının 1.1-ci bəndində aşağıdakı dəyişiklik edilsin: Xarici İşlər Nazirliyinə, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə diplomatik korpusların tikintisinin layihələndirilməsi üçün ayrılmış 1,0 ha torpaq sahəsi həmin məhəllədə N.Rəfiyev küçəsindəki torpaq sahəsi ilə əvəzləndirilərək, eyni məqsədlə əlavə olaraq 0,53 ha torpaq sahəsi ayrılsın və torpaq sahəsinin ümümi ölçüsü dəqiqləşdirilərək 1,53 ha müəyyən edilsin. 1.1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 356 saylı sərəncamının 1-ci bəndi və xx.xx.2009-cu il tarixli, 369 saylı sərəncamının 1.1 bəndi ləğv edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Boks Federasiyası kompleksinin layihələndirilməsinə icazə verilməsi haqqında” 195 №-li xx.xx.2012-ci il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2012-ci il tarixli, 1149/R-06/16 saylı razılıq məktubunu və İddiaçı MMC-nin xx.xx.2012-ci il tarixli, 271/12 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 398 saylı sərəncamının “a” bəndi ilə Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə Gənclər və İdman Nazirliyinə ayrılmış torpaq sahəsinə dair sənədləşmə işlərinin İddiaçı MMC-yə aid edilməsi və orada həmin cəmiyyət tərəfindən Boks Federasiyası kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2012-ci il 12/99 №-li (10/i-438 №-li) ayrıc aktının surətindən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 195 saylı sərəncamı ilə Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210-cu məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 1,4425 hektar Boks Federasiyası kompleksinin tikintisinin layihələndirilməsinə dair verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin “Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210-cu məhəllədə Azərbaycan Boks Federasiyasına idman kompleksi, inzibati bina və mehmanxana korpusunun tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin X1 nəticələrinə dair” YTNƏŞ 1510 saylı xx.xx.2013-cü il tarixli rəyin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərtib olunmuş layihə sənədləri, respublika ərazisində qüvvədə olan 2.6-1 “Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin; 2.09.04-87 “İnzibati və Məişət binaları” TN və Q-nın; 2.08.02-89 “İctimai bina və qurğular” TN-Q-nın; 2.04.02-84 “Su təchizatı. Xarici xətlər və qurğular” TN və Q-nın; 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın; 2.01.02-85 “Yanğına qarşı normalar” TN və Q-nın; “X2 Qaydaları”nın “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ 05-86) və digər normativ sənədlərin tələblərinə uyğun olduğuna görə, Respublika X11 Xidməti tərəfindən razılaşdırılır. Avtomatik qurğularının quraşıdırılması X11 Xidmətindən xüsusi razılıq (lisenziya) alınmış təşkilatlar tərəfindən həyata keçirilməli olduğu nəzərə çatdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X4 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksinə dair (1-ci mərhələ) verilmiş 16902 №-li, xx.xx.2013-cü il tarixli (Sifarişçi İddiaçı MMC, Layihəçi "xxxx" MMC) rəyin surətindən müəyyən olunur ki, Sifarişçi İddiaçı MMC-nin (Layihəçi "xxxx" MMC) təqdim etdiyi layihələndirmə üçün əsas olmuş-Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 195 nömrəli sərəncamı; İddiaçı MMC-nin baş direktoru C.Muradovun möhür və imzası ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli “Layihələndirmə tapşığına əsasən “Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksi” (1-ci mərhələ) “işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikası qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılması nəticəsinə gəlinmişdir. İddiaçı MMC-nin sifarişi əsasında Boks Federasiyası üçün İdman Kompleksi, Mehmanxana və İnzibati Binaya dair hazırlanmış layihə xx.xx.2014-cü il tarixdə (18/04-78 saylı) Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində layihədə nəzərdə tutulmuş şərtlərlə razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X4 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksində 25 mərtəbəli mehmanxana binası-özülaltı svay və özül hissəsinə dair (2-ci mərhələ) verilmiş 17787 №-li, xx.xx.2014-cü il tarixli (Sifarişçi İddiaçı MMC, Layihəçi “Azərdövləttikintilayihə” DLİ) rəyin surətindən müəyyən olunur ki, Sifarişçi İddiaçı MMC-nin (Layihəçi “Azərdövləttikintilayihə” DLİ) təqdim etdiyi layihələndirmə üçün əsas olmuş- Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 195 nömrəli sərəncamına əsasən “Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksində 25 mərtəbəli mehmanxana binası-özül hissəsi (2-ci mərhələ)” üzrə işçi layihəsi bu rəyin 2-ci bölməsinin tələblərinin növbəti mərhələdə yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X4 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksinə dair (3-cü mərhələ) verilmiş 17787 №-li, xx.xx.2014-cü il tarixli (Sifarişçi İddiaçı MMC, Layihəçi “Azərdövləttikintilayihə” DLİ) rəyin surətindən müəyyən olunur ki, Sifarişçi İddiaçı MMC-nin (Layihəçi “Azərdövləttikintilayihə” DLİ) təqdim etdiyi layihələndirmə üçün əsas olmuş- Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 18/04-78 nömrəli qeydiyyatı ilə (eskiz); Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin xx.xx.2014-cü il tarixli YTNİŞ-1455 nömrəli rəyə əsasən “Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksində mehmanxana binası (İİİ mərhələ) üzrə işçi layihəsi bu rəyin 3cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi razılaşdırılması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X4 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 1210 saylı məhəllədə Boks Federasiyası kompleksində 2 mərtəbəli, 2 yeraltı səviyyəli keçid binasına dair (4-cü mərhələ) verilmiş 19583 №-li, xx.xx.2015-ci il tarixli (Sifarişçi İddiaçı MMC, Layihəçi “Azərdövləttikintilayihə” DLİ) rəyin surətindən müəyyən olunur ki, Sifarişçi İddiaçı MMC-nin (Layihəçi “Azərdövləttikintilayihə” DLİ) təqdim etdiyi layihələndirmə üçün əsas olmuş - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 18/04-241 nömrəli məktubuna (eskiz) əsasən “ünvan 7də Boks Federasiyası kompleksində 2 mərtəbəli, 2 yeraltı səviyyəli keçid binası (4-cü mərhələ) üzrə işçi layihəsi bu rəyin 3-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılması nəticəsinə gəlinmişdir. İddiaçı MMC-nin sifarişi əsasında Boks Federasiyası Kompleksi üçün Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən verilmiş 12826 №-li, 2014-cü il tarixli Torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportunun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən kompleks üçün torpaq ayrılması üçün əsas olmuş sənədlər - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamından çıxarış 195 №-li xx.xx.2012-ci il tarixli; Memarlıq-planlaşdırma göstərişləri 10/1156 №-li xx.xx.2012-ci il tarixli; Situasiya cizgisi 10/1156 №-li xx.xx.2012-ci il; Mühəndisi xətlərə dair texniki göstərişlər 10/1156 №-li xx.xx.2012-ci il tarixli; Mühəndis xətlərin cizgisi 10/1156 №-li xx.xx.2012-ci il tarixli; Topogeodeziya hissəsi Ayrıc Aktı 12/99 xx.xx.2012-ci il; Küləyin il üzrə təkrarlanması cizgisi və cədvəli. Razılaşmalar və texniki şərtlər: Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 04-30/76-25 №-li, xx.xx.2012-ci il tarixli; Azərbaycan Respublikası FHN-nin X11 Xidməti YTNƏŞ-502 №-li, xx.xx.2012-ci il tarixli; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza İdarəsi 15/1445 №-li xx.xx.2012-ci il tarixli; Azərbaycan “Azərsu” SC TC-15/LE-5783 xx.xx.2012-ci il; "xxxx" ASC 07/103-04 №-li, xx.xx.2012-ci il tarixli; Dövlət Neft Şirkəti "xxxx" QSC 11366 №-li, xx.xx.2012-ci il tarixli; "xxxx" MMC TİŞ-3/955 №-li xx.xx.2012-ci il tarixli; "xxxx" ASC TMX-12/0359 №-li xx.xx.2012-ci il; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi **********36 №-li xx.xx.2013-cü il tarixli. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin “ünvan 7də edilmiş İddiaçı MMC-yə məxsus zirzəmili (avtodayanacaq), kürsü mərtəbəsi + on yeddi mərtəbəli otel binasının yanğın təhlükəsizliyi tələblərinə cavab verilməsi haqqında” YTNƏŞ-1510 №-li, xx.xx.2015-ci il tarixli aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğıntexniki müayinədən obyektin qüvvədə olan 2.6.1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşıdırlması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.7-1 “Avtomobil dayanacaqları” DTN-nin; 2.04.02.84 “Su Təchizatı, Xarici xətlər və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X2 Qaydaları”nın 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 113 ünvanında yerləşən, istifadədə olan 0.26181 ha torpaq sahəsi üzərində inşa olunmuş 32669.7 kv. metrdən ibarət qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə (Reyestr N **********68-06301) Daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 8343 nömrəli vərəqində İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı MMC (“Satıcı”) ilə "xxxx" MMC (“Alıcı”) arasında Bakı şəhər İcra Hakimiyyətinin 17 may 2-012-ci il tarixli 195 saylı Sərəncamına əsasən “Satıcı”ya ayrılmış ünvan 4ünvan- Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 113 olan) yerləşən torpaq sahəsində inşa edilmiş Boks Federasiyası Kompleksi ərazisində olan 25 mərtəbəli qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi barədə xx.xx.2019-cu il tarixdə ilkin müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.2-ci bəndində əsasən Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə **********68-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 32669.7 kv. metr satıcıya məxsusdur. “Satıcı” İddiaçı MMC ümumi sahədən 24806 kv. metr sahəni (xx.xx.2020-ci il tarixli bölgü sxeminə əsasən) “Alıcı” "xxxx" MMC-nin mülkiyyətinə verir. Qalan 7863.7 kv. metr sahə isə “Satıcı”nın öz mülkiyyətində qalmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, -,113 ünvanında istifadədə olan 0.0228 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 7863.70 kv. metr olan qeyriyaşayış binası xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə (Reyestr № **********14-06301) İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********99 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətə baxılmışdır. Çoxmərtəbəli qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata adlınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Ünvanda mövcud tikililərin bir hissəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2892/2019 nömrəli qərarına əsasən İddiaçı MMC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya həmin torpaq sahəsində qeyri - yaşayış obyektinin tikintisinə icazə verilmiş və layihəsi təsdiq olunmuşdur. İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi qeyri - yaşayış sahəsi müvafiq orqanlar tərəfindən Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunmuş hesab olunmuşdur. Bundan əlavə iş materiallarından da göründüyü ki, mübahisəli daşınmaz əmlakın bir hissəsinə dair iddiaçının xüsusi mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixdə Daşınmaz əmakın Dövlət reyestrində qeydə alınmış və buna dair çıxarış verilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinin qeydə alınmayan hissəsi) dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Xətai rayonu, X. Rüstəmov küçəsi, 1210 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa edilmiş 3 mərtəbəli, - 6.80 m səviyyəsində - zirzəmi mərtəbəsi, - 3.40 m səviyyəsində köməkçi sahə olan və 17 mərtəbəli, - 6.80 m və - 3.40 m səviyyəsində köməkçi və texniki sahə olan qeyri-yaşayış binaları üzərinə İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 1210 saylı məhəllədə İddiaçı tərəfindən inşa edilmiş 3 mərtəbəli, - 6.80 m səviyyəsində - zirzəmi mərtəbəsi, - 3.40 m səviyyəsində - köməkçi sahə olan və 17 mərtəbəli, - 6.80 m və - 3.40 m səviyyəsində köməkçi və texniki sahə olan qeyri-yaşayış binaları üzərinə İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar