Məhkəmə qərarları › İş №2-1(112)-8829/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8829/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8829/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xaiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq ona 57 yaşdan pensiya təyin edilmişdir. Halbuki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan tələb etmək hüququ yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu tələb ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya 01 iyul 2015-ci il tarixindən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 01 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə kişilər üçün 57 yaş müyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə dəqiqləşmə verərək İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əvvəla Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin 55 yaşdan ödənilməsini arzulayır. Doğrudur ki, iddiaçı hazırda əmək pensiyaçısıdır. Məhkəmə icraatı zamanı da təqdim olunmuş pensiya işi ilə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öz təsdiqi tapmışdır. İddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin 55 yaşı tamam olduğu tarixdən pensiya təyin olunduğu vaxtadək (fərq) cavabdeh tərəfindən ödənilməsidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qiymətləndirilməsi məhz aşağıda göstərilən qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla bağlı “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi isə həmin məsələ ilə bağlı qismən fərqli mövqe nümayiş etdirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, -müvafiq işlərə baxan məhkəmələr “Əmək pensiya haqqında” Qanuun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Diqqətəlayiq məqam odur ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur. Məntiqi haldır ki, həmin norma pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Məhkəmə göstərilən müddəaları təhliledici qaydada aşağıdaki formada izah edir: 1) Əgər şəxsin pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranarsa və o, bu hüququn həyata keçirilməsi ilə bağlı 01 iyul 2017-ci il tarixdən sonra müraciət etmişdirsə, ona münasibətdə ödənilməmiş fərq məbləğinin ödənilməsi məhz “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməklə həyata keçirilir; 2) Əgər şəxs pensiya hüququnu 01 yanvar 2019-cu il tarixədək reallaşdırmışdırsa, onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı tələbinin xx.xx.2019-cu il tarixdən əvvəl və ya sonraya aid olması, ona fərq məbləğinin ödənilməsində həlledici məqam qismində çıxış edir. Məhkəmə qeyd edir ki, iddiaçı “əmək pensiyasının təyin edilməsi” ilə bağlı deyil, məhz “əmək pensiyasının yenidən hesablanması”, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyindən, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin müddəaları şamil olunur. Bu səbəbdən də onun tələbinə qiymət verildiyi zaman, mütləq qaydada əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinin xx.xx.2019-cu il tarixdən əvvələ və ya həmin tarixdən sonraya aid olduğu müəyyən edilməlidir. Hazırki iş hallarından isə görünür ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2019-cu il tarixədək cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan ödənilməsi (ona 57 yaşdan pensiya təyin olunduğundan bu tələb əmək pensiyasının yenidən hesablanması qismində çıxış edir) ilə bağlı yalnız 04 mart 2022-ci il tarixdə (imtina məktubunda qeyd olunmuşdur) cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti xx.xx.2019-cu il tarixdən sonraya aid olduğundan, o, pensiya hüququ yarandığı tarixdən asılı olmayaraq mübahisəli dövrlər üçün fərq məbləğinin almaq hüququna malik deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətin 2019-cu il yanvar 1 yanvar tarixinədək edilməməsi şəxsin əmək pensiyasının yenidən hesablanmasına səbəb olması barədə qanunvericiliyin tələblərinin bilinməməsi ilə bağlı olmuşdur. Eyni zamanda, 2019-cu il yanvar 1 yanvar tarixinədək aidiyyəti inzibati orqanlara müraciət edilməmə barədə iddiaçının səhhəti və digər hallarla bağlı hər hansı obyektiv və üzrlü səbəb olmamışdır. Məhkəmə də qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının yenidən hesablanması əsas olan halların, həmin hallar əsasında əmək pensiyasının yenidən hesablanmalı olmasını müəyyən qanunvericilik normalarının bilinməməsinin “onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəb” olub-olmaması barədə qiymətləndirmə aparılması zəruridir və bununla bağlı aşağıdakılar qeyd edilməlidir. Hər nə qədər hazırkı işin faktiki halları ilə bağlı olmasa da Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-ci hissəsində, müəyyən edilmişdir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstition normanın tətbiqi ilə bağlıdır ki, mülki, inzibati xəta, intizam və ya cinayət olmasından asılı olmayaraq məsuliyyət müəyyən hərəkət və hərəkətsizliyin qanunauyğun olmamamasının şəxs tərəfindən bilinməməsi məsuliyyətin istisna əsası qismində çıxış etmir. Eyni zamanda oxşar xarakterli, məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərinin yaranması zamanı da qanunvericiliyin bilinməməsi həmin şəxsin xeyrinə şərh edilməyən hal kimi müəyyən edilmişdir. Bu zaman, ümumiyyətlə qanunvericilik terminin anlayışı qanunvericiliyin əsasını təşkil edən qanunvericilik aktlarını özündə ehtiva etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.2-ci maddəsindən də görünür ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə hüquqi akt dedikdə normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi aktlar başa düşülür. Qanunvericilik sisteminin əsasını normativ hüquqi akt dedikdə isə tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab edilir. Qanunun 2.1-ci maddəsinə görə isə Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir ki, Konstitusiyanın adıçəkilən maddəsindən də müəyyən edilir ki, qanun normativ hüquqi aktdır. Qanunun: 82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. 82.2. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir. 83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi normativ hüquq aktlar, eləcə də qanunlar rəsmi dərc edildiyi vaxtdan müəyyən istisnalarla qüvvəyə minir. Qüvvəyə minmə isə özündə onu ehtiva edir ki, həmin qanunun tələbləri Azərbaycan Respublikasının bütün ərazisində müəyyən istisnalar olmaqla məcburi qüvvəyə malikdir. Qanunun dərc edilməsindən sonra onun hüquqi qüvvəyə minməsinin asılı edilməsində isə məntiq onunla bağlıdır ki, dərc materialları ünvanlanan şəxslər qanunun müddəalarından məlumatlı olsunlar. Təbii haldır ki, rəsmi məlumatlandırma olmadan hər hansı qanunun müddəasının şəxslərə münasibətdə tətbiqindən söhbət gedə bilməz ki, qanunun qüvvəyə minməsi ilə isə ona münasibətdə yaranan hüquq münasibətlərində əhəmiyyətli prinsipin mövcudluğu nəzərə alınmalıdır. Belə ki, istər məsuliyyət müəyyən edən hüquq münasibətlərində (misal cinayət, inzibati xəta və s), istərsə də məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərində qanunvericiliyin bilinməməsi oxşar mahiyyət daşıyır. Hər iki hüquq münasibəti üçün isə oxşar cəhət ondan ibarətdir ki, qanunvericiliyin tələblərinin bilinməməsi vəziyyəti bilməyən şəxsin xeyrinə dəyişməyən hal müəyyən edilir. Necə ki, cinayət qanunu qüvvədə olduğu vaxtdan şəxs müəyyən əməllərin cinayət olmadığını bilməsə belə həmin əməli törədir və cinayət məsuliyyəti daşıyırsa, eləcə də həmin hal mülki hüquq münasibətləri üçün də keçərlidir. Eyni zamanda, inzibati icraatın əsasını təşkil edən publik hüquq münasibətlərinin tərəflərinə münasibətdə də qanunun tələblərini bilməmə oxşar xarakter daşıyır. Hazırkı iş üzrə iddianın təmin edilməməsini məhkəmə də məhz, qanunvericiliyin tələbinin bilinməməsinin “şəxsin iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb” qismində qiymətləndirilməli olmaması qənaətindədir. Belə ki, hüququn prinsiplərindən biri kimi hesab olunur ki, qanun qüvvədə olduğu müddətdə onun tələblərini, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırkı işin faktiki hallarına münasibətdə tənzimləyən normalarının tələblərini həmin Qanunların dərc edildiyi və qüvvəyə mindiyi vaxtdan iddiaçı bilirdi və ya bilməli idi kimi qəbul edilməlidir. Yəni, hüququn əsasında dayanan prinsip onu ehtiva edir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olması ilə bağlı məlumatlı olmuşdur və ya məlumatlı olmalı idi və əgər bununla bağlı narazılığı mövcuddursa inzibati orqana müraciət etməli idi. Bu səbəbdəndir ki, həmin müraciətin edilməməsi səbəbi onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb hesab edilə bilməz. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunduğundan və fərq məbləği həmin vaxtdan ödənildiyindən, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi də (müraciət etdiyi vaxtdan geriyə üç il) mümkün deyildir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar