Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8834/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu 12 mart 2006-cı il təvəllüdlü Hümbətli Murad Vəkil oğlunun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu, 12 mart 2006-cı il təvəllüdlü Hümbətli Murad Vəkil oğlu ilə ünvan 2 ünvanında pasport qeydiyyatında olmuşlar və binanın sökülməsi ilə bağlı həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. O, ünvan 3 ünvanına pasport qeydiyyatına alınmış və uzun müddətdir ki, bu ünvanda yaşayaraq, təsərrüfat aparırlar. Qeyd edir ki, 15 yaşı tamam olmuş oğlu bu ünana qeydiyyata alınmamışdır. Göründüyü kimi, onun valideyini, qanuni nümayəndəsi kimi, o, qeyd edilən ünvanda qeydiyyatdadır və uşağın da, yaşayış yeri onun yaşadığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Göründüyü kimi, bu ünvan uşağının daimi yaşayış yeridir və bu ünvana qeydiyyata alınması hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Bu fərdi yaşayış evinin mülkiyyət vəsiqəsi olmasa da, yaşayış massivində yerləşir, ünvan, nömrə verilmişdir. Kommunal xərclər qəbul edilir. Uşağın fərdi yaşayış evinə qeydiyyata alınmaması hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Belə ki, hərbi qeydiyyata alınması üçün uşağın şəxsiyyət vəsiqəsi, yaşadığı ünvana qeydiyyata alınması tələb edilir. Uşağın bu ünvana pasport qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişlər, lakin, əsassız olaraq imtina edilmişdir. Onların qeydiyyata alınmaları ilə bağlı tədbir görülməmişdir. Uşağı qeydiyyata almamaqla cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 26.10.2021-ci il tarixli, 059-39999-1221 nömrəli məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.07.2021-ci il tarixli, 059- 23896C nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən Hümbətli Murad Vəkil oğlunun ünvan 4 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər-hansı təqdim edilmədikdə Hümbətli Murad Vəkil oğlunun göstərilən ünvana tərəflərindən qeydiyata alınması qanunamüvafiq deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüquqları vardir. İşdə olan notariat qaydasında təsdiq edilmiş Bakı şəhər Səadət Sarayı tərəfindən verilmiş AZ-İ seriyalı, 208928 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 04.07.1969-cu il təvəllüdlü Hümbətov Vəkil ilə xx.xx.1974-cü il təvəllüdlü İddiaçı 13.12.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan notarial qaydada təsdiq edilmiş GEO seriyalı, 20AC40915 nömrəli pasportun surətindən görünür ki, 04.07.1969-cu il təvəllüdlü Hümbətov Vəkil Gürcüstan Respublikasının vətəndaşıdır. İşdə olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 739843 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hümbətli Murad Vəkil oğlu 12.03.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Hümbətov Vəkil, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, 12.03.2006-cı il təvəllüdlü Hümbətli Murad Vəkil oğlu 26.07.2015-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər 23.08.2010-cu il təvəllüdlü Hümbətli Polad Vəkil oğlu və 24.08.2007-ci il təvəllüdlü Hümbətli Arzu Vəkil qızı qeydiyyatdadırlar. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı 04.06.2019-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, ünvan 7 ünvanda qeydiyyatda olan digər şəxs 20.08.1960-cı il təvəllüdlü X1r. İşdə olan notarial qaydada təsdiq edilmiş **********193 nömrəli, 12.10.2021-ci il tarixli ərizədən görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan X3 və İddiaçı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə Hümbətli Murad Vəkil oğlunun qeydiyyata alınmasına razıdırlar, etiraz etmirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, İddiaçı qeydiyyatda olmaqla yaşadığı ünvan 8 ünvanında, onunla birlikdə, yetkinlik yaşına çatmayan 12.03.2006-cı il təvəllüdlü övladı Hümbətli Murad Vəkil oğlu faktiki olaraq yaşayır. Hazırda həmin ünvanda qeydiyyatda olan İddiaçı və X3 notarial qaydada razılıq ərizəsi təqdim edərək, 12.03.2005-ci il təvəllüdlü Hümbətli Murad Vəkil oğlunun sözügedən ünvana qeydiyyata alınmasına etiraz etmədiklərini bildirirlər. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının övladı 12.03.2006-cı il təvəllüdlü Hümbətli Murad Vəkil oğlunun ünvan 8 ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, o, qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan 12.03.2006-cı il təvəllüdlü oğlu Hümbətli Murad Vəkil oğlunun ünvan 8 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8834/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8834/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver