Məhkəmə qərarları › İş №2-1(112)-8835/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8835/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8835/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 11 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Nümayəndə xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Nümayəndə əsl İddiaçı MMC ilə əvəz edilməsi və iddia tələbinin “Azərbaycan Trüfel İstehsalçılarının X1” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddiaçı Nümayəndə əsl İddiaçı MMC ilə əvəz edilmiş, iddia tələbinin “Azərbaycan Trüfel İstehsalçılarının X1” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Trüfel İstehsalçılarının X1” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə 4 dəfə müraciət etməsinə baxmayaraq təmin edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Azərbaycan Trüfel İstehsalçılarının X1” İctimai Birliyi xx.xx.2021-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi trüfel istehsalının inkişafına nail olmaq məqsədilə maarifləndirici tədbirləri həyata keçirmək və bu sahənin iqtisadi inkişafına yönəlmiş proqramların həyata keçirilməsinə kömək etməkdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2021-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun nizamnaməsində onun daimi və ya konkret məqsədlə təsis edildiyi müəyyən edilməmişdir. Növbəti dəfə sənədlər xx.xx.2021-ci il tarixdə nazirliyə daxil olmuşdur. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə riayət olunmadığından xx.xx.2021-ci il tarixdə sənədlər geri qaytarılmışdır. Belə ki, qurumun nizamnaməsinin 6.11-ci bəndində sədr müavini vəzifəsi qeyd olunsa da, onun səlahiyyətləri göstərilməmişdir. Sonuncu dəfə qurumun sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Təqdim olunmuş nizamnamənin 5.12-ci bəndində təsisçilikdən çıxarılmanın İdarə heyətinin qərarı ilə həyata keçirilə bilməsi göstərilmişdir. Lakin İdarə heyətinin qərarı ilə təsisçilikdən çıxarılma yuxarıda adı çəkilən Qanunda nəzərdə tutulmadığından sənədlər xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, “Azərbaycan Trüfel İstehsalçılarının X1” İctimai Birliyi xx.xx.2021-ci il tarixdə təsis edilmişdir. İctimai birliyin dövlət qeydiyyatına alınması ilə bağlı sonuncu dəfə qurumun sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim edilmişdir. İdarə heyətinin qərarı ilə təsisçilikdən çıxarılma “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmaması əsası ilə sənədlər xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. İddiaçı hazırda həmin qurumun dövlət qeydiyyatına alınması tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır. Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 16.2-1. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 16.2-2. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir. 16.3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir. 16.4. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun. 11.4-1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir. 11.4-2. Hüquqi şəxs statusu almaq istəyən, habelə yenidən təşkil edilən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən normaların tələbindən göründüyü kimi, qanunvericilik hüquqi şəxs statusu almaq istəyən qurumların dövlət qeydiyyatına götürülməsi qaydasını, müraciət edərkən tələb olunan sənədləri və imtina əsaslarını dəqiq müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş nizamnamənin 5.12-ci bəndində təsisçilikdən çıxarılmanın idarə heyətinin qərarı ilə həyata keçirilə bilməsi göstərilmişdir ki, bu “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Həmin hal “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmışdır. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da iddiaçının hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Bundan başqa, cavabdeh orqan tərəfindən sənədlərin geri qaytarılması barədə məktub “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırıldığından əsassız hesab edilə bilməz. Belə ki, sonuncu imtina məktubu ilə təsis sənədlərindəki (nizamnamə kapitalına dair sənədlər) çatışmazlıqların aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə olmadığı müəyyən edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı MMCnin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar