Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8838/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh1nə qarşı “operator kimi uçota alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xarici ölkələrə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq operator kimi uçota alınmasının cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3169/2024 saylı qərardadı ilə, inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 8.1.2-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə göndərilərkən, iddiaçının hüquqi ünvanının sonradan dəyişməsinə və hazırda Bakı şəhərində olmasına istinad olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən işin Bakı İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi düzgün olmamışdır. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən ərazi aidiyyətinin müəyyən edilməsi üçün haqlı olaraq İPM-in 8.1.2-ci maddəsinə istinad olunsa da, iddianın xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə aidiyyət qaydalarına riayət edilməklə verildiyi, yəni sözügedən maddənin tələbinə uyğun olaraq iddiaçının hüquqi ünvanı (Abşeron rayonu) üzrə verildiyi halda, iddiaçının hüquqi ünvanının sonradan, iş məhkəmənin icraatında olarkən (mübahisəsiz haldır) Bakı şəhərinə dəyişilməsi əsas götürülməklə aidiyyəti üzrə göndərilməsi ilə bağlı gəldiyi qənaət doğru olmamışdır. Nəzərdən qaçırılmamalıdır ki, iş üzrə tərəflər əvəz edilməmiş, sadəcə sonradan iddiaçının hüquqi ünvanının dəyişməsi ilə iş Bakı İnzibati Məhkəməsinə aid olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, MPM-in qeyd edilən normasının tətbiqi İPM-in 1.2-ci maddəsinə uyğundur. Belə ki, sözügedən məsələ nə İPM-də başqa cür tənzimlənməmişdir, nə də İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd deyildir. MPM-in 44.1-ci maddəsinin əhəmiyyəti məhz hazırkı halın, yəni hər ünvan dəyişikliyində işin məhkəmələr üzrə göndərilməsinin qarşısını almaqdır. Əgər bu maddə nəzərə alınmazsa, hazırda olduğu kimi, iddiaçının hüquqi ünvanı Gəncə şəhərinə dəyişdikdə Gəncə İnzibati Məhkəməsinə, sonradan yenidən Abşeron rayonuna dəyişdikdə Sumqayıt İnzibati Məhkəməsinə və s., yəni sonsuzadək işin göndərilməsinə səbəb olacaqdır. Bundan əlavə əgər sözügedən maddə mövcud olmasaydı, məhkəmələr iş icraatında olarkən və qərar qəbul edərkən daim işin hələ də aidiyyət qaydalarına əsasən ona aid olduğunu yoxlamalı olardı. İddiaçının işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatət verməsi də həmin maddənin tətbiqini istisna edə bilməz. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsi deyil, Sumqayıt İnzibati Məhkəməsidir. Yəni MPM-in 44.1-ci maddəsinin tələbinə əsasən, mahiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində həll edilməlidir. Odur ki, məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh1nə qarşı “operator kimi uçota alınma” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8838/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8838/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver