Məhkəmə qərarları › İş №2-1(112)-884/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-884/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-884/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh AR İİN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu madəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış, ona VÖEN və ƏDV bildirişi verilmişdir. Qurum faktiki olaraq səhiyyə sahəsində sair fəaliyyəti ilə məşğul olmuşdur, mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. MMC-də 2006-cı ildən hal-hazıradək bir neçə dəfə səyyar vergi yoxlamaları keçirilmiş və onun sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə 30 yanvar 2019-cu il tarixdən 28 yanvar 2020-ci il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama yanvar 2017 – noyabr 2018 tarixləri əhatə etmişdir. Bütün sənədlər təqdim edilməsinə baxmayaraq 29 yanvar 2020-ci il tarixdə akt tərtib edilərək yenidən həmin dövrə əlavə vergilərin hesablanmasl barədə **********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərar çıxarılmışdır. Yoxlanılan dövr üçün 883.842,12 manat ƏDV, 2017-ci il üçün 88.913,33 manat mənfəət vergisi, MDSS – İşəgötürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 2017 – 2018-ci illər üçün 203.159,62 manat, işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə 2018ci il üçün 3.609,54 manat, 2017 – 2018-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 105.637,85 manat, cəmi 1.285.162,46 manat vergilərin azaldılması müəyyən edilmiş, bütün bunlara müvafıq 642.581,25 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlama aktı tərtib edilərkən vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, qanunsuz dövriyyə formalaşdırılmışdır, əsassız vergilər hesablanmışdır. Əlavə hesablanmış vergilər vergi orqanı tərəfindən Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, hüquqi əsaslara söykənməyən, müəssisəyə məxsus olmayan, müəssisədən götürülməsi təsdiq olunmayan təxəyyül cədvəl əsasında aparılmışdır ki, bu da sonda şəffaf sahibkarlıq fəaliyyəti göstərən müəssisənin ehtiyacı olan şəxslərə xidmət göstərilməsini dayandırmış, kütləvi şəkildə insanların hüquqlarını məhdudlaşdırmışdır. Hər hansı fakt olmadığından, yoxlama zamanı müəssisənin vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir. Vergilər hesablanarkən heç bir analoji vergi ödəyicisinin göstəricilərinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Yoxama aktında əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlama 12 ay ərizində aparılmış və vergilər elektron fayllarda olan məlumatlara əsasən hesablanmışdır. Bu məlumatlardan isə MMCnin məlumatı olmamışdır. Yoxlama zamanı bütün sənədlər (mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, qaimə-fakturalar və s.) təqdim edilmiş, mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarında tərtib olunmuşdur. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar isə, vergi orqanına yoxlama gününədək təhvil verilmişdir. Sənədlər təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən AR Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə, tərtib olunmamışdır. Vergi orqanının 16 mart 2020-ci il tarixli qərarında AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə zidd olaraq, vergi ödəyicisinə müvafiq izahat verilməmiş, pozuntunun şəraiti və s. əks olunmamışdır. Qərar səthi və formal şəkildə hazırlanmışdır. Bununla «İnzibati icraat haqqında» AR Qanununun 61-ci maddəsinin və AR Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunanlar qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır (Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə). Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat – adi exsell cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu halda da, həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab olunarsa, yenə də həmin məlumat qanuni qayılaraq istifadə oluna bilməz. Çünki Vergi Məcəlləsinin 43.2.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş və rəy tərtib edilməmiş, həmçinin AR Vergi Məcəlləsinin 38 – 39-cu maddələrinin tələblərinə də tam olaraq riayət edilməmişdir. Göstərilənlərə və Konstitusiyanın 59, 73-cü maddələrinə, İPM-in 68 – 70-ci maddələrinə əsaslanaraq, cavabdehin 16 mart 2020-ci il tarixli qərarının ləğv olunması xahiş edilir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 10 iyun 2020-ci il tarixli məktubunda iddiaya qarşı etiraz olunaraq aşağıdakılar bildirilir: - İddiaçı MMC-nin iddiası təmin edilməməlidir. Belə ki, vergi orqanının 15 yanvar 2019-cu il tarixli qərara əsasən "xxxx" MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 29 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında 16 mart 2020-ci tarixli **********198355 nömrəli qərar qəbul edilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə MMC taktiki olaraq səhiyyə sahəsində sair fəaliyyət ilə məşğul olmuşdur. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan döv üzrə 1.285.162,46 manat məbləğində vergilərin (mənfəət vergisi 88.913,33 manat, ƏDV 883.842,12 manat, muzdli işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5.637,85 manat, MDSS 203.159,62 manat, İşsizlik sığortası üzrə rüblük hesabat 3.609,54 manat) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş, 621.663,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2017-ci üzrə mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 84.850,24 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 150.304,54 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 89.312,37 manat, sosial sığorta haqları 19.648,72 manat, fiziki şəxslər üzrə icarə haqqı 4.200 manat, enerji xərcləri 350,06 manat, su və kanalizasiya xərcləri 5.761,06 manat, rabitə xərcləri 9.785,73 manat, xidməti üzrə xərclər 658,97 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 1.963,64 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 732,64 manat, əmlak vergisi 1.891,35 manat və nəticədə zərər 65.454,30 manat göstərilmişdir. Məlum olmuşdur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2 noyabr 2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-dən elektron daşıyıcılar və sənədlər götürülmüş və 28 noyabr 2018-ci il tarixli akta əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 qutu sənədlər, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusu (fləş kart) təhvil verlmişdir. Yoxlama ilə məlum olmuşdur ki, müəssisənin mühasibat uçotunda elektron daşıyıcılarda aparılmış səhiyyə xidmətlərinin satışı, eləcə də vergi bəyanmamələrində həmin əməliyyatlar üzrə dövriyyələr əks etdirilməmişdir. Elektron daşıyıcılardakı materialların araşdırılması nəticəsində gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən müəssisənin gəlirinin 2017-ci il üzrə 2.667.399,81 manat təşkil etdiyi müəyyən edilmişdir. Ciddi hesabat blanklarından istifadə etməməklə göstərilmiş 2.582.549,57 manat (2.667.399,81 – 84.850,24 manat) məbləğində xidmətlərin alış sənədlərinin təqdim edilmədiyindən və müəssisədən götürülmüş elektron daşıyıcılarda və sənədlərdə belə sənədlər aşkar edilmədiyindən, müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mənfəət vergisinə cəlb edilən mənfəət 2017-ci il üzrə AR Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə uyğun olaraq AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 444.566,64 manat (2.667.399,81/(100 + 20) x 20) hesablanmışdır. Yoxlama ilə 2017-ci il üzrə 88.913,33 manat (444.566,64 x 20%) məbləğində mənfəət vergisi hesablanmış, 65.454,30 manat zərər azaldılmışdır. Təqdim edilmiş ƏDV bəyannamələrində 18%-lə vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 176.204,83 manat, ondan hesablanmış ƏDV 31.716,87 manat, əvəzləşdirilən ƏDV 12.199,26 manat, büdcəyə ödənilməli ƏDV 19.517,61 manat göstərilmişdir. 2 noyabr 2018-ci il tarixli qərara əsasən MMC-dən götürülmüş və 28 noyabr 2018-ci il tarixli aktla vergi orqanına təhvil verilmiş elektron daşıyıcıdakı məlumatlar üzrə müəssisənin ƏDV məqsədləri üçün 18%-lə vergi hesablanan əməliyyatlar üzrə ümumi dövriyyəsinin 5.086.438,85 manat, ondan hesablanmış ƏDV-nin 915.558,99 əvəzləşdirilən ƏDV-nin 12.199,26 manat, büdcəyə ödənilməli ƏDV-nin 903.359,73 manat olduğu müəyyən edilmişdir. Büdcəyə çatası ƏDV 883.842,12 (903.359,73 – 19.517,61) manat məbləğində azaldılmışdır. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 53, ümumi əmək haqqı fondu 177.313,15 manat, orta aylıq əmək haqqı 144,86 manat olmaqla əmək haqqından 1.295,7 manat gəlir vergisi tutulmuşdur. Elektron daşıyıcılardakı məlumatlar üzrə müəssisə tərəfindən nuzdlu işlə əlaqədar 1.020.492 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edildilmişdir. MMC tərəfindən muzdlu işlə əlaqədar ödənilən gəlir üzrə göstəricilər mühasibat uçotuna qismən daxil edilmiş, təqdim edilmiş vergi bəyannamələrində tam məbləğdə öz əksini tapmamışdır. Yoxlama ilə müəssisə tərəfindən muzdlu işlə əlaqədar ödənilən gəlirlərdən ödəmə mənbəyində 106.883,71 manat vergi hesablanmışdır. 2018-ci ilin noyabr ayı uzrə elektron daşıyıcıda məlumatlar olmadığından, kənarlaşma müəyyən edilmədi. 2018-ci ilin noyabr ayı üzrə 49,84 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin hesablandığını nəzərə alaraq, yoxlama ilə 106.933,55 manat vergi hesablanmışdır. “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən əmək haqqı və gəlirlər 160.998,96 manat göstərilmiş və sosial sığorta haqqı 40.174,75 manat hesablanmışdır. Elektron daşıyıcıdakı məlumatlar əsasında müəssisə tərəfindən muzdlu işlə əlaqədar 973.337,48 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edilmiş və həmin gəlirlərə yoxlama ilə 243.334,37 manat sosial sığorta haqqı hesablanmışdır. Beləliklə, müəssisə tərəfindən məcburi dövlət sosial sığortası 203.159,62 (243.334,37 – 40.174,75) manat məbləğində azaldılmışdır. 2018-ci ilin İ – İİİ rübləri üzrə "xxxx"lara əsasən MMC-də əmək haqqı və gəlirlər 71.386 manat göstərilmiş və işsizlikdən sığorta haqqı 713,86 manat hesablanmışdır. Yoxlama ilə 2018-ci ilin İ – İİİ rüblərində 432.340 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edildi və həmin gəlirlərə yoxlama ilə sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizi olmaqda, cəmi 4.223,4 manat işsizlikdən sığorta haqqı hesablandı. Beləliklə, müəssisə tərəfindən işsizlikdən sığorta haqqı 3.609,54 (4.323,40 – 713,86) manat məbləğində azaldılmışdır. Yoxlama zamanı AR Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar aşkar olunduğundan, toplanmış materiallar aidiyyəti üzrə göndərilmişdir. Xeyli sayda şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə cinayət işi başlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 20 avqust 2020-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - (1-ci sual) Səyyar vergi yoxlaması zamanı hüquqi şəxs İddiaçı MMC-yə 29 yanvar 2020-ci il tarixli tarixli aktla mənfəət vergisi, ƏDV, MDSS, işəgötürənlər – muzdlu işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə vergi, işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) tutulan vergilərin hesablanmasına əsas olmuş işdə olan sənədlər qanunvericiliklə ciddi hesabat blanklarının tələblərinə uyğundurmu? İşdə olan mühasibat və uçot sənədləri vergi və mühasibat uçotu tələblərinə cavab verirmi? - (2-ci sual) işdə olan sənədlər əsasında İddiaçı MMC-nin səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə münasibətdə bütün növ vergilər üzrə azalma məbləğləri nə qədər təşkil edir. - (3-cü sual) səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz əksini tapırmı? Əgər bu hal iş materiallarında olan məsələlərdə öz əksini tapırsa, hansı sənədlərdir? AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 19 mart 2021-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilir: - (1-ci və 2-ci suallar üzrə) 29 yanvar 2020-ci il tarixli səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin hansı vergitutma obyektinə və vergitutma bazasına əsasən hesablandığı müəyyən olunmadı. Eyni zamanda, 29 yanvar 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında yoxlama ilə müəyyən olunmuş hesablamaların müəssisəyə aid elektron daşıyıcı (flyaş kart) və müxtəlif mühasibat sənədləri əsasında aparıldığı qeyd edilmişdir. Beləliklə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 29 yanvar 2020-ci il tarixli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə 88.913,33 manat məbləğində mənfəət vergisinin, 883.842,12 manat məbləğində ƏDV-nin, 105.637,85 manat məbləğində MÖVM-in, 203.159,62 manat məbləğində MDSS-in və 3.609,54 manat məbləğində işsizlik sığortasının az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin, “fləş kart” məlumatları və ya “qara mühasibatlıq” sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “fləş kart” məlumatları və “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan halda, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin öz hesabatları qəbul edilə bilər; - (3-cü sual üzrə) 29 yanvar 2020-ci il tarixli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 29 may 2021-ci il tarixli məktubunda ekspert rəyinə aşağıdakı məzmunda mülahizə bildirilir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Ekspertiza qarşısında qoyulacaq suallar barədə” 24 avqust 2020-ci tarixli vəsatətlə təqdim edilmiş suallardan əlavə, 24 sentyabr 2020-ci il tarixli vəsatətlə aşağıdakı suallar da (sənədlər əlavə edilməklə) ekspertizaya göndərilməsi üçün məhkəməyə təqdim edilmişdir: 1) “Qara mühasibatlıq” sənədlərinin mötəbərliyi qəbul edildiyi halda iddiaçı tərəfindən mübahisələndirilən qərarla hesablanmış hər bir vergi tədiyyəsi üzrə vergi məbləği düzgün hesablanmışdırmı? 2) “Qara mühasibatlıq” sənədlərinin mötəbərliyi qəbul edildiyi halda mübahisələndirilən qərarla hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmazsa, vergi ödəyicisinin vergi öhdəliyi və yayındırılmış vergi məbləği nə qədər təşkil edir? Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ekspert rəyi ilə razılaşmır və hesab edir ki, rəy hazırkı iş üçün mötəbər sübut hesab oluna bilməz. Ekspert qoyulmuş suallara dair işin faktiki halları üzrə düzgün tədqiqat aparmadan əsassız rəy vermişdir. Ekspert rəyinin də digər sübutlarla yanaşı qiymətləndirilməsi məhkəmənin səlahiyyətinə aiddir. Ekspert vəzifə səlahiyyətlərindən kənara çıxaraq verdiyi rəydə elektron dayışıcılarda təqdim edilmiş sənədlərin mötəbər sübut olmamasını qeyd edir. Vergilərin hesablanmasına əsas olmuş sənədlərin mötəbərliyinə qiymət verilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətinə aiddir. Rəydə müvafiq sənədlərin mötəbər olmadığı qeyd edilməklə, vergi ödəyicisinin özünün verdiyi hesabatların qəbul edilməsinin bildirilməsi tamamilə əsassızdır və ekspert qarşısında qoyulmuş halın aydınlaşdırılmasını əks etdirmir. Rəydə səyyar vergi yoxlaması aktında “fləş karf”da olan məlumatların hansı sənəd və ya məlumat olmasının aktda qeyd edilməmədiyi qeyd olunur. İddiaçı MMC-dən götürülmüş elektron fayllarda olan maaş cədvəllərində işçilərin adı, soyadı, atasının adı, işlədiyi şöbə, işi və ya vəzifəsi, işə başladığı tarix, cəmi hesablanan məbləğ, müxtəlif tutulmalar və digər hesablamalar göstərilmişdir. Bu cədvəllərdə göstərilən əmək haqqları müəssisənin hesabatlarda göstərdiyi əmək haqqlarından, hətta müəssisənin gəlirindən bir neçə dəfə çoxdur. Ekspert rəydə xərc sənədlərinin iş materiallarında əks olunduğunu qeyd etməsinə baxmayaraq, hansı sənədlərin xərc sənədləri olması barədə araşdırma və qeyd aparmadan sənədlərin adı, tarixi və rekvizitlərinin iş materiallarında qeyd olunduğunu bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, ekspert aydınlaşdırılmalı olan halları tam araşdırmamış və suallara mahiyyəti üzrə əsaslandırılmış cavab verməmişdir. Göstərilənlərə və İPM-in 1.2, 29.1, 58.7-ci maddələrinə, Vergi Məcəlləsinin 1.4, 67.1-ci maddələrinə, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» AR Qanununun 3, 13-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 101, 102-ci maddələrinə, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında» Təlimatın 3.5.4-cü bəndinə əsaslanaraq, Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli 9/3649 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçınn nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, hazırkı məhkəmə icraatında müvafiq qərardadla alınmış ekspertiza rəyi ilə vergi orqanının heç bir qanuni sənədə və dəlilə istinad olunmadan vergilər hesablaması sübut edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı MMCnin 2017-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayınadək olan dövr üzrə fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçı səhiyyə sahəsində sair fəaliyyətlə məşğul olmuşdur. Yoxlama zamanı sənədlər təqdim olunsa da, vergi orqanının müvafiq qərarı ilə İddiaçı MMC-dən elektron daşıyıcılarda məlumatlar götürülmüşdür. Həmin elektron daşıyıcılarda aparılmış səhiyyə xidmətlərinin satışının müəssisənin mühasibat uçotunda, eləcə də həmin əməliyyatlar üzrə dövriyyələrin vergi bəyanmamələrində əks etdirilməməsi səbəbindən, elektron daşıyıcılardakı məlumatlara istinad olunaraq müəssisənin dövriyyəsi müəyyənləşdirilmiş və qurumun həmin dövriyyə üzrə mənfəətinin birbaşa müəyyənləşdirilməsi mümkün olmadığından, AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarını rəhbər tutaraq, müvafiq dövr üzrə iddiaçının mənfəəti müəyyən edilmişdir. Cavabdeh DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin yoxlamanın əhatə etdiyi dövr üzrə müəyyənləşdirilmiş mənfəəti əsasında yoxlamanın nəticələri üzrə quruma əlavə vergi məbləğlərinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə 16 mart 2020-ci il tarixli **********198399 nömrəli qərar qəbul olunmuşdur. Sözügedən qərarla İddiaçı MMC-yə 88.913,33 manat mənfəət vergisi, 883.842,12 manat ƏDV, 105.637,85 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 203.159,62 manat məcburi dövlət sosial sığorta haqları, 3.609,54 manat işsizlikdən sığorta haqları hesablanmış və ümumilikdə bu məbləğlərə AR Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. İddiaçının dəlilləri – cavabdeh inzibati orqanın istinad etdiyi elektron daşıyıcılardakı məlumatlar əsas götürülməklə vergi ödəyicisinin dövriyyəsinin müəyyənləşdirilməsi və həmin dövriyyədən vergilərin hesablanması qanunsuzdur. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyənləşdirilmiş müddət hədlərini aşmaqla 12 ay ərzində aparmışdır. Məhkəmə icraatında alınmış ekspertiza rəyi də sübut edir ki, vergi orqanı heç bir qanuni sənədə və dəlilə istinad etmədən vergilər hesablamışdır. Həmin vergilərin hesablanmaası barədə qərar qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh inzibati orqanın dəlilləri – vergi orqanı tərəfindən iddiaçıya məxsus elektron daşıyıcıdakı məlumatlar onun yoxlanılan dövr üzrə fəaliyyətini əks etdirir, müəssisənin sözügedən məlumatlar əsas götürülməklə dövriyyəsi və həmin dövriyyə üzrə xərc sənədlərinin olmaması səbəbindən AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri (ƏDV, mənfəət, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin vergilərin hesablanması barədə qərar qanunidir və iddia rədd edilməlidir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən 16 mart 2020-ci il tarixli qərarın surətinin vergi ödəyicisi İddiaçı MMC-yə 28 mart 2020-ci il tarixədək (qəbul olunduğu tarixdən 12 gün ərzində) 12 AR Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində göstərilən üsullardan hər hansı biri ilə çatdırılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənləri və iddia ərizəsinin 28 aprel 2020-ci il tarixdə məhkəməyə təqdim olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmış sayıla bilməz. İddiaçı hazırda cavabdehin 16 mart 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxılmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 16 mart 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103-cü maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. «Mühasibat uçotu haqqında» AR Qanununun 2.1.11-ci maddəsinə görə ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Məhkəmə iş üzrə alınmış 19 mart 2021-ci il tarixli ekspert rəyində vergi ödəyicisi kimi İddiaçı MMC-yə əlavə vergi məbləğlərinin hesablanması üzrə dövriyyənin müəyyənləşdirilməsində istinad olunmuş elektron daşıyıcıda (fləş kartda) olan məlumatların ilkin uçot sənədi və ya mühasibat uçotu sahəsində nəzərdə tutulan digər sənədlərin tələblərinə cavab verməməsi mövqeyi ilə razılaşır. Lakin rəydə qeyd olunan digər xüsusata – həmin məlumatların məhkəmə icraatında sübut kimi qiymətləndirilməsi məsələsinə gəldikdə, nəzərə alınmalıdır ki, bu qiymətləndirmə qanunvericiliklə məhkəmənin səlahiyyətlərinə aiddir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən – sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 58-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı pozuntuları qeyd edir: 1) Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Yoxlama aktından görünür ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının müddətinin dayandırılması barədə “8” dəfə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1 – 38.7.5-ci maddələrində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Bundan başqa, yoxlama zamanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərar da qəbul edilməklə yoxlamanın müddəti müəyyən dövr artırılsa da, qərardan sonra hansı tədbirlərin həyata keçirilməsi və nəticələrin əldə olunması barədə hazırkı məhkəmə icraatında cavabdeh tərəf heç bir sübut təqdim etməmişdir. Belə hal isə, səyyar vergi yoxlamasının müddətinin əsassız olaraq uzadılması qənaətini yaradır; 2) Vergi qanunvericiliyinin müddəaları (VM 67-ci maddəsi) vergi ödəyicilərinə müvafiq hallarda, o cümlədən səyyar vergi yoxlaması zamanı əlavə vergi məbləğlərinin hesablanması üçün istifadə oluna bilən əlaqəli məlumatların dairəsini müəyyən edir, belə məlumatları əldə etmək mümkün olmadıqda isə, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanmasını nəzərdə tutur. Əlaqəli məlumatlara isə, vergi ödəyicsinin əvvəlki hesabat dövrləri üzrə vergi bəyannamələri, gəlirləri, xərcləri, mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak, istehsal və təqdim etdiyi malların (işlərin, xidmətlərin) fiziki həcmi, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər barədə rəsmi məlumatlar, aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar daxildir. Cavabdeh inzibati orqan isə, apardığı səyyar vergi yoxlamasında əlavə vergi məbləğlərini hesablayarkən yuxarıda sadalanan “əlaqəli məlumatlar”dan hər hansı birinə istinad etməmiş, eləcə də bu məlumatların mövcudluğuna toxunmadan, habelə xronometraj metodu ilə müşahidə aparılması və ya “mənbəyi bəlli olan” digər məlumatlara əsaslanmadan iddiaçıya müvafiq illər üzrə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyəyə əlavə vergi məbləğləri hesablamış, maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdehin istinad etdiyi “elektron daşıyıcı”dakı məlumatlara gəldikdə isə, bu məlumatlar rəsmi xarakterli olmadığından, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulan “əlaqəli məlumatlar” kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bununla da, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarının qanuni əsaslarla qəbulunu sübut edə bilməmişdir; 3) Cavabdeh inzibati orqanın (vergi orqanının) 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilibedilməməsi barədə ümimiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərarı qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar