Məhkəmə qərarları › İş №2-1(112)-884/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-884/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-884/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmisi X1 miras qalmış torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X2 X13 X9 üzvlərinin 20 mart 1989-cu il tarixli, 9 saylı qərarı ilə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Türkan qəsəbəsində ayrılmış 500 kv.metr torpaq sahəsinin əmisi, X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum əmisi X1 miras qalmış, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 500 kv.metr olan torpaq sahəsinə vərəsəlik hüququ almaq üçün Xətai rayonu, 40 saylı Notariat ofisinə müraciət edərək vərəsəlik barədə sənəd almışdır. Qeyd olunan torpaq sahəsini adına özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********78 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxivində olan “Kimyaçı” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında hüquq sahibi X3 adı aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər mərhumun adınadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarışın tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,05 ha qeyd edilsə də, faktiki sahə 0,046 ha təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X2 X6 Şurası, TSZ Həmkarlar İttifaqı Komitəsi və TSZ “Kimyaçı” yoldaşlığı bağçılığı üzvlərinin birgə iclasının 09 saylı, 20 mart 1989-cu il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri XDS İK 29 iyul 1988-ci il tarixli 7/417 saylı Qərarı əsasında TSZ-yə ayrılmış 500 kv.metr 29 saylı torpaq sahəsi “Kimyaçı” yoldaşlıq-bağçılığın üzvü X4 ayrılmışdır. Bakı şəhəri XDS İK 29 iyul 1988-ci il tarixli 7/417 saylı Qərarı əsasında X2 Təcrübə- Sənaye Zavoduna ayrılmış 1,91 ha torpaq sahəsinin işçilər arasında 20 mart 1989-cu il tarixində bölünməsi sxemindən görünür ki, X4 29 saylı torpaq sahəsi ayrılmışdır. X2 Təcrübə-Sənaye Zavodunun bağçılıq yoldaşlıq üzvlərinin siyahısına daxil olmaq istəyən işçilər arasında X3 adı 31-ci sırada qeyd olunmuşdur. 21 iyun 1989-cu il tarixdə X4 verilmiş “Kimyaçı” Bağçılıq Təsərrüfatı üzvünün 29 nömrəli şəxsi kitabçasından görünür ki, o, TSZ EA NKPİ-də elektrik vəzifəsində işləmiş, ona 500 kv.metr ölçüdə 29 nömrəli sahə ayrılmışdır. X5 tərəfindən xx.xx.1988-ci il tarixdə üzvlük haqqı ödənilmişdir. 40 saylı notariat ofisi tərəfindən cavabdehə ünvanlanmış məktubda göstərilmişdir ki, iddiaçı xx.xx.2004-cü il tarixdə ölən X3 vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.metr olan torpaq sahəsinə dair X3 adına müvafiq sənəd (çıxarış, texniki pasport) verildikdən sonra onun vərəsələrinin dairəsi müəyyən edilərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Akademik Y.H.Məmmədəliyev adına X2 Təcrübə-Sənaye Zavodunun 94-1/203 nömrəli, xx.xx.2014-cü il tarixli arayışına əsasən Bakı şəhər X11 İcraiyyə Komitəsinin 29 iyul 1988-ci il tarixli, 7/417 saylı qərarı əsasında AMEA NKPİ Təcrübə-Sənaye zavoduna Əzizbəyov rayonu Türkan qəsəbəsində Bağçılıq-Yoldaşlıq Birliyi yaratmaq üçün torpaq sahəsi ayrılmış və həmin qərara uyğun surətdə TSZ-də “Kimyaçı” Yoldaşlıq Birliyi yaradılmışdır. “Kimyaçı” Bağçılıq-Yoldaşlıq Birliyinin bağ-torpaq sahələrinin bölgü sxeminə müvafiq surətdə 500 kv.metr ölçüdə 29 saylı bağ sahəsi TSZ İdarə Şurası, TSZ Həmkarlar İttifaqı Komitəsi və TSZ “Kimyaçı” Bağçılığı üzvlərinin birgə iclasının 09 saylı 20 mart 1989-cu il tarixli protokolu əsasında X4 təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,05 ha olsa da, faktiki olaraq 0,046 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 0,046 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. İdarənin arxivində olan “Kimyaçı” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında hüquq sahibi X3 adı aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Göstərilən torpaq sahəsi (bağ sahəsi) “Kimyaçı” bağçılıq-yoldaşlığın bölgüsünə uyğun gəlir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X3 adına EA-nın Neftkimya proseslərinin təcrübə zavodu “Kimyaçı” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “Kimyaçı” bağçılığın üzvlərinin siyahısında X3 adı qeyd edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Türkan bağ massivi 29 saylı bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarlarla ayrılıb, yol tərəfdən isə sərhədi mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,05 ha, faktiki 0,0460 hadır. Tikili yoxdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı əmisi X3 vərəsəsidir. O, əmisinə TSZ Həmkarlar İttifaqı Komitəsi və TSZ “Kimyaçı” yoldaşlığı bağçılığı üzvlərinin birgə iclasının qərarına əsasən ayrılmış torpaq sahəsinin məxsusluğu barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, idarənin arxivində olan “Kimyaçı” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında X3 adı aşkar olunmamışdır. Bundan başqa, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,05 ha qeyd edilsə də, faktiki sahə 0,046 ha təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Milli X12 X8 Təcrübə- Sənaye zavodu tərəfindən təsdiq edilmiş bağçılıq üzvlərinin siyahısından görünür ki, X3 adı bağçılıq üzvlərinin siyahısında 31-ci sırada qeyd edilmişdir. Həmin zavod tərəfindən təsdiq edilmiş digər sənədlərlə də X4 torpaq sahəsi ayrılması öz təsdiqini tapır. Cavabdehin arxivində olan siyahı ilə bağlı qeyd edilməlidir ki, bağçılıq üzvlərinin siyahıları bəzi hallarda sonradan üzvlərin razılığı ilə dəyişdirilmiş və bəzi üzvlərin çıxması və yeni üzvlərin qəbul edilməsi halları baş vermişdir. Bu səbəbdən siyahılar arasında uyğunsuzluq hallarının olması labüd hesab edilməlidir. İş üzrə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,05 ha olsa da, faktiki olaraq 0.046 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir və “Kimyaçı” bağçılıq-yoldaşlığın bölgüsünə uyğun gəlir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X2 X13 X9 üzvlərinin 20 mart 1989-cu il tarixli, 9 saylı qərarı ilə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Türkan qəsəbəsində ayrılmış 460 kv.metr torpaq sahəsinin iddiaçının əmisi X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X2 X13 “Kimyaçı” Yoldaşlıq Bağçılıq üzvlərinin 20 mart 1989-cu il tarixli, 9 saylı qərarı ilə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Türkan qəsəbəsində ayrılmış 460 kv.metr torpaq sahəsinin X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar