Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8845/2022 08.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - İddiaçılar) cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, onların ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixdə 059-14528C-3222 saylı məktubla ərizəni təmin etməkdən imtina etmiş, qanunda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədiyindən qeydiyyata alınmanın qanunazidd olduğu bildirilmişdir. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına İddiaçı2 və İddiaçı1 qeydiyyata alınması öhdəliyinin cavabdeh Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 605 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında vətəndaşlar X1 və X2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincisinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 150 kv.m torpaq sahəsi sahiblik və ondan istifadə hüquqları vətəndaş X2 adına keçirilməsi, ayrılmış ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılmış tikintinin eskiz layihəsi nəzərə alınması qərara alınmışdır. Bundan sonra üçüncü şəxs X4 ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıların anasının (üçüncü şəxsin) həmin yaşayış sahəsi üzərində istifadə hüququnu nəzərə almış, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 605 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamını əsas götürmüş, bununla da üçüncü şəxsin yaşayış sahəsinə qeydiyyatını təmin etmişdir. İddiaçılar hazırda cavabdeh inzibati orqanın imtinasını əsassız sayırlar və bunu onunla əsaslandırırlar ki, üçüncü şəxsin yaşayış sahəsinə qeydiyyata alınmasına etirazı olmadığı halda, cavabdeh iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıların qeydiyyata alınmasını tələb etdiyi ev özbaşına tikili olsa da, həmin evdə başqa şəxslərin qeydiyyatda olub-olmaması məsələsi araşdırılmamış, tələbinin təmin olunmasından imtina üçün əsas kimi göstərilən “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə həm də həmin evə başqa şəxslərin qeydiyyatının olması, evə qeydiyyatı olan şəxslərə münasibətdə bərabərlik hüququnun pozulması meyarları baxımından hüquqi qiymət verməmişdir. Həmin evdə başqa şəxslərin (üçüncü şəxsin) qeydiyyatının aparılması təsdiq olunur. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçıların (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixə təyin edilmiş iclasda onun nümayəndəsinin iştirakı olmadan, şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirilmədən qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçıların mübahisəli ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlərr. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etməmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, korpus 22, 46 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Beləliklə, sadalanan hallardan müəyyən olunur ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak özbaşına tikilidir, həm əmlak, həm də onun yerləşdiyi ünvan qeydiyyata alınmamışdır. İddiaçılar hazırda iddia tələbinin əsası kimi digər şəxslərin həmin ünvana qeydiyyata alınmasına və X2 istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamına istinad edirlər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Lakin həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göründüyü kimi, qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün Qanunun 5-ci maddəsində göstərilən sənədlərin təqdim edilməsini birbaşa tələb kimi müəyyən etmiş və həmin sənədlər təqdim edilmədiyi halda qeydiyyata alınmadan imtina olunmasını təsbit etmişdir. Deməli, bunun əksi qanunaziddir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X3 ayrılmasına gəldikdə, işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 605 nömrəli sərəncamından görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında X1 və X2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 150 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları X2 adına keçirilmişdir. Göründüyü kimi, istinad olunan sərəncam torpaq sahəsi ilə bağlı olmuş, həmin sərəncamda torpaq sahəsinin ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü madədsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıların istinad etdiyi həmin sərəncam Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərə aid edilə bilməz. Beləliklə, sadalananlara əsasən müəyyən olur ki, iddiaçılar qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsələr də, qeydə alınmalarını tələb etdikləri evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən mülkiyyətçinin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8845/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8845/2022
08.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver