Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-885/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçının mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Onun əlilliyi müddətsizdir. xx xxxxxx 2004-cü il tarixdən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 350 nömrəli sərəncamına əsasən güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. 5 nəfər ailə üzvü var (özü, arvadı, anası, iki övladı). «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində x xxxxxx 2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Nazirlik tərəfindən 2019-cu ilin dekabr ayının sonunda Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli, 96 mənzilli binada iki otaqlı mənzillə təmin olunsa da, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, AR Mənzil Məcəlləsinin 57-ci maddəsinə əsasən yaşayış sahəsi verilərkən ər və arvad istisna olmaqla, ayrı cinsdən olan şəxslərin razılığı olmadan bir otağa köçürülməsi yolverilməzdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən onun ailə üzvlərini (arvadı, uşaqları, valideynləri) yaşadığı yaşayış sahəsinə köçürmək hüququ var. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən uçotda duran vətəndaşlara növbəlilik qaydasına görə uçota alınma tarixi nəzərə alınmaqla verilir. 15 ildən çox növbəliliyi və həmin binada üç otaqlı mənzil olduğu, habelə qanunamüvafiq üç otaqlı mənzillə təmin olunma hüququ olduğu halda, qanuna zidd olaraq iki otaqlı mənzil verilmişdir. «Əlilliyi olan şəxslər haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxslərin mənzil təminatı AR Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürmək üçün lazımi şərait yaradılmasına, hərtərəfli inkişafına təminat verir. Həmin Qanunun 5.0.2-ci maddəsinə əsasən yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturların əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi dövlət siyasətinin əsas prinsiplərindən biridir. İddiaçı ixtisasca hüquqşünasdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yaradıcılıq sahəsi ilə məşğul olan şəxsdir, lazımi şərait yaradılmasına, fərdi qabiliyyətin inkişafına şərait yaradılması ehtiyacı var. Qanunla əlilliyi olan şəxs kimi ona dövlət təminat verir. X1 da ali təhsilli və yaradıcılıqla məşğul olan şəxsdir (yazıçı-jurnalistdir, rəssamdır, ADA-nı bitormişdir). Ailənin bütün üzvləri ali təhsillidir. Mənzil hüququnun pozulması ilə əlaqədar qeyd edilənləri nəzərə alaraq, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxslərə verilən mənzillərin növbəlilik uçotuna götürüldüyü tarixdən (xx xxxxxx 2004-cü il) üç otaqlı mənzillə təmin olunmaq hüququ pozularaq iki otaqlı mənzil verildiyindən, onun əlavə bir otaqlı mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi»nin 1.1-ci bəndində göstərilmişdir ki, Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) «Sosial xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3-cü bəndində həmin Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakılar Sosial Xidmətlər Agentliyinin vəzifələri sırasına aid edilmişdir: - (3.1.16) dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək; - (3.1.30) Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqda sonra məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə cavabdeh qismində AR Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmuşdur. Cavabdeh AR Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxx 2004-cü il tarixdə 5 nəfər ailə üzvü ilə Bakı şəhəri Nizami RİH-də yaşyış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən xx xxxxxx 2019-cu il tarixdə Qarabağ müharibəsi nəticəsində əlilliyi müəyyən olunmuş İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 7, giriş 3, otaq sayı 2 olan 81,92 kvadratmetr sahəsi olan mənzil təhvil verilmişdir. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Bu normadan da göründüyü kimi, mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kvadratmetrdir. Sözügedən normada həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı Qarabağ əlilləri üçün ayrılmış binada üç otaqlı mənzil ailə tərkibi daha geniş olan ailələr üçün nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə, vətəndaşın ailə tərkibi 5 nəfərdən ibarət olduğundan, İddiaçı qanunvericiliyə uyğun olaraq 82 kvadratmetr yaşayış sahəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi o şərtlə verilə bilər ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydınolduğu kimi, adambaşı norma artıq ölçüdə yaşayış sahəsi həmin mənzil bir otaqdan ibarət olduqda verilə bilər. Qeyd olunan yaşayış binasında mövcud olan 2 ortaqlı mənzillərin ümumi sahəsi 84,17, 83.03, 91,03 və 81,92 kvadratmetr, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110,91, 111.07 və 121.73 kvadratmetrdir. Qeyd olunur ki, 36 ədəd bir otaqlı mənzil, 48 ədəd iki otaqlı mənzil və 12 ədəd üç otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzilli imtiyazlı şəxslərə təqdim olunduğundan, binada boş mənzillər yoxdur. Buna görə də vətəndaşın tələbini təmin etmək qeyri-mümkündür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxx 2010-cu il tarixli qərarına əsasən şəxsi, iqtisadi, mədəni və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Nəzərə alınmalıdır ki, sosial kirayə müqaviləsi əsasında mənzillərlə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan aolan minlərlə vətəndaş təmin olunur və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda, ailə tərkibi 5 nəfərdən ibarət olan və norma daxilində yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa üç otaqlı mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, cavabdehin etirazına qarşı yazılı etiraz təqdim etdi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı iki otaqlı mənzillə əlaqədar müvafiq aktı imzalamış, püşkatmada iştirak etmiş, lakin mənzili qəbul etməmişdir. Mənzilin açarları iddiaçıdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İşin məhkəmə araşdırılmasıl ilə məlum olur ki, hazırkı iddiaçı Bakı şəhəri Nizami RİH-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmiş və ona 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş doxsan altı mənzilli yaşayış binasından iki otaqdan ibarət 81,92 kvm sahəsi olan mənzil ayrılmışdır. İddiaçı həmin mənzildə hazırda yaşamasa da, mənzillərin bölüşdürülməsi üzrə müvafiq püşkatma tədbirində iştirak etmiş (aydındır ki, otaqların sayına görə püşkatmalar ayrılıqda keçirilir) və ona verilən iki otaqlı mənzilin açarlarını təhvil almışdır. İddiaçı ona ayrılan mənzildə otaqların sayını az olmasını əsas gətirərək, əlavə bir otaqlı mənzilin də verilməsini tələb edir. Həmin binada olan üç otaqlı mənzillərin sahəsi 105 kv.m, 110,91 kv.m, 111.07 kv.m və 121.73 kv.m-dir. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla ayrılma normasını 16 kvadratmetr müəyyən edərək yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq ünvanda olan çoxmərtəbəli yaşayış binasında mövcud olan üç otaqlı mənzilin ayrılması üçün onun ailə üzvlərinin sayının 5 olması kifayət etmir. Çünki, binadakı üç otaqlı mənzillərdən ən kiçiyinin sahəsi 105 kv.mdir. Ona ayrılmış iki otaqlı mənzilin sahəsi 81,92 kv.m olsa da, köməkçi sahələr (dəhliz və s.) nəzərə alındıqda, bu mənzil də 5 nəfər ailə üzvü üçün (hər birinə 16 kvadratmetr olmaqla) müəyyən edilən sahədən müəyyən qədər azdır. Lakin sözügedən binadakı iki və üç otaqlı mənzillərin normaya münasibətdə fərqlərini və digər şəxslərin də maraqları gözlənilməklə ümumi binanın yaşayış sahəsi ayrılma imkanlarını, habelə ayrılan mənzil iki otaqlı olduğundan AR Mənzil Məcəlləsinin 57.2-ci maddəsində göstərilən halın yaşayış sahəsi verilməsində hazırkı iddiaçıya münasibətdə tətbiqinin yolverilən olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binada iki otaqlı 81,92 kv.m ölçüdə mənzilin verilməsi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri baxmından mütənasib qiymətləndirilir və ona əlavə olaraq bir otaqlı mənzilin verilməsi üçün qanuni əsas mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan AR ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinası qanuna zidd və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68 – 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-885/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-885/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver