Məhkəmə qərarları › İş №2-1(112)-885/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-885/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-885/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuşdur. 04 yanvar 1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. 30 sentyabr 1987-ci il tarixdə 180 saylı əmrlə "xxxx" ASC-nin “Tikinti hissələri” zavodunun nəqliyyat sexində yükləyici peşəsində işləmişdir. 15 mart 2004-cü il tarixə kimi orada yükləyici peşəsində çalışmışdır. Həmin zavodda işlədiyi müddətdə tikinti materialı kimi sement yüklənib-boşaldılması işinə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə işlədiyi "xxxx" Dövlət Şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 14-cü bölməsinin tikinti materialları istehsalı “a” bəndinə əsasən “sement yüklənməsi ilə məşğul olan yükləyicilər” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin və istehsalatların siyahısına daxil edilmişdir. O, 17 ildən çox əmək şəraiti xüsusilə zərərli və ağır olan istehsalatda çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi beş il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun 60 yaşı, xx.xx.2024-cü ildə tamam olmuşdur. O, uzun müddət zərərli istehsalat sahəsində çalışması işlədiyi qurumun rəsmi arayışı ilə mübahisəsiz təsdiq olunur. Cavabdeh isə heç bir əsas olmadan qüvvədə olan qanunun tələbinə əməl etmir, nəticədə onun Konstitusiya ilə təsbit olunan və dövlət tərəfindən qorunan pensiya təminatı hüququ kobud surətdə pozulur. Hesab edir ki, onun cavabdeh tərəfindən pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı 10 yanvar 2024-cü il tarixdə Filiala ərizə ilə müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filial tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə- 28400/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını ntəyin edilməsindən imtina cavabı verilmişdir. Sözügedən imtinada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı (14) bölməsinin sement istehsalı sahəsi (14.1) bəndində sement yüklənməsi ilə məşğul olan yükləyicilər vəzifəsi nəzərdə tutulduğu qeyd olunmuşdur. İş materiallarında olan iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 2 fevral 2022ci il tarixli 11 nömrəli arayışında “Tikinti-hissələri” zavodunun nəqliyyat sexində yükləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda onun işlədiyi sahənin sement istehsalı sahəsinə aid olub-olmaması, eyni zamanda yükləyici əvzifəsində işlədiyi müddətdə sement yüklənməsi ilə məşğul olub-olmaması barəsində hər hansı məlumat göstərilməmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli qərarına əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-112-Ə-28400/2024 nömrəli məktubla imtina edilmişdir.

8. İş materiallarına iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi bilet, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası, "xxxx" ASC “Tikinti-Hissələri” Zavodu tərəfindən verilmiş 11 nömrəli, xx.xx.2022-ci il tarixli “Güzəştli arayış” əlavə edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 aprel 2024-cü il tarixli, 3-17-1/2- 84537/2024 nömrəli “Müraciətə yenidən baxılması haqqında” məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14) sement istehsalı sahəsi bəndində (14.1) sement yüklənməsi ilə məşğul olan yükləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, ona dair "xxxx" ASC-nin 2 fevral 2022-ci il tarixli 11 nömrəli arayışında xx.xx.1987-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Tikinti-hissələri” zavodunun nəqliyyat sexində yükləyici vəzifəsində işlədiyi qeyd olunub. Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərardadının icrası məqsədilə sözügedən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialaın mütəxəssisi tərəfifndən yerində dəqiqləşdirilməsi üçün işlədiyi vəzifəsinin xarakterinə dair yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin “Tikinti-hissələri” zavodu avtomobil yollarının, tunellərin, körpülərin, hidrotexniki qurğuların, yaşayış və sosial mədəni obyektlərin inşası üçün istehsalat-texniki təyinatlı məmulatların və məhsulların istehsalını yerinə yetirmişdir. Həmin müəssisədə sementr istehsalı fəaliyyəti mövcud olmamışdır. Müəssisə sementi kənarda almaqla özündə lazımi tikinti məmulatlarını istehsal etmişdir. Bu fakt "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd edilən sement istehsalı sahəsinə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məktubda istinad olunan akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmşdir.

11. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 01/M nömrəli, xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı Səhmdar Cəmiyyətin struktur bölməsi olan “Tikinti hissələri” zavodunda xx.xx.1987-ci ildən xx.xx.2004-cü ilə qədər yükləyici peşəsində işlədiyi iş stajı 16 il 4 ay təşkil edir. Onun çalışdığı sahə və gördüyü işlər öz xarakterinə və funksiyasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 14cü bölməsinin (tikinti materialları istehsalı) 14.1-ci yarım bölməsinin (sement istehsalı) a) yarımbəndində nəzərdə tutulmuş sement yüklənməsi ilə məşğul olan yükləyicilər peşəsinə uyğundur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının xx.xx.2024-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

19. İddiaçıya məxsus hərbi biletinə, əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu cavabdehin imtinası və etirazının dəlilləri bir daha təsdiq edir.

20. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən cavabdehə və məhkəməyə təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun “Tikinti hissələri” zavodunda xx.xx.1987-ci ildən xx.xx.2004-cü ilə qədər işlədiyi yükləyici peşəsinin gördüyü işlər baxımından öz xüsusiyyətlərinə və funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 14-cü bölməsinin (tikinti materialları istehsalı) 14.1-ci yarım bölməsinin (sement istehsalı) a) yarımbəndində nəzərdə tutulmuş sement yüklənməsi ilə məşğul olan yükləyicilər peşəsi ilə uyğunluq təşkil etməsi bildirilmişdir.

21. Lakin, cavabdeh tərəfindən iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda göstərilənlər tam şəkildə tədqiq edilməyərək, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 14-cü bölməsinin (tikinti materialları istehsalı) 14.1-ci yarım bölməsində nəzərdə tutulmuş sahə (sement istehsalı) ilə eyniləşdirilmişdir. Halbuki, istər iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışla, istərsə də, cavabdehin əməkdaşları ilə "xxxx" ASC-nin əməkdaşları arasında tərtib edilmiş birgə aktla təsdiq olunur ki, iddiaçının işlədiyi "xxxx" ASC-nin “Tikinti-hissələri” zavodu avtomobil yollarının, tunellərin, körpülərin, hidrotexniki qurğuların, yaşayış və sosial mədəni obyektlərin inşası üçün istehsalat-texniki təyinatlı məmulatların və məhsulların istehsalını yerinə yetirir, həmin müəssisədə sement istehsalı fəaliyyəti mövcud olmamış, müəssisə sementi kənardan almaqla özündə lazımi tikinti məmulatlarını istehsal etmiş, iddiaçının bu sahədə işlədiyi peşənin xüsusiyyətləri və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 14-cü bölməsinin (tikinti materialları istehsalı) 14.1-ci yarım bölməsinin (sement istehsalı) a) yarımbəndində nəzərdə tutulmuş sement yüklənməsi ilə məşğul olan yükləyicilər peşəsi ilə uyğunluq təşkil edir.

22. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

23. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir.

24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

28. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

29. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

30. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

31. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

33. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar