Məhkəmə qərarları › İş №2-1(112)-8850/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8850/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8850/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş, lakin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, uzun illər neft-qaz sahəsində çalışmış və ona 2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, o, 2011-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatdığından, qanunla müəyyən edilmiş həm ümumi sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajına malik olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin avqust ayına qədər vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmişdir. 2020-ci ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən əmək pensiyası ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı cavabdehə çoxsaylı müraciətlər edilmiş, heç bir nəticə əldə edilməmiş, 05 may 2022-ci il tarixli cavab məktubunda ona cavabdeh tərəfindən bildirilmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. 2020-ci ilin avqust ayında pensiyası dayandırıldıqdan sonra, cavabdehin əməkdaşları tərəfindən ondan bir sıra arayışlar və sənədlər tələb edilmiş, o da həmin sənədləri qısa müddətdə cavabdehin əməkdaşlarına təqdim etmişdir. Pensiya ödənişi qanunsuz dayandırılmaqla onun sosial təminat hüququ kobudcasına pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurmaqla əlverişsiz şəraitə salınmışdır. O, 2011-ci ildə pensiya hüququ yarandıqdan sonra əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və əmək pensiyası təyinatı üçün sənədlərə baxılaraq qanuni əsaslarla, yəni sığorta stajı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajı, yaşı nəzərə alınmaqla, işlədiyi peşə sahələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə uyğun gəldiyindən, pensiya hüququ yarandığı tarixdən həmin dövrdən qüvvədə olan qanunvericiliyə əsasən ona müvafiq yaşdan pensiya təyin edilmişdir. Cavabdeh orqanla görüşlər zamanı, şifahi olaraq qeyd edilən pensiya təyin edilərkən, təqdim olunmuş sənədlərin qaydasında olduğu və hər hansı bir qanun pozuntusuna yol verilmədiyi bildirilməsinə baxmayaraq, ona bildirmişlər ki, pensiya təyinatı zamanı, saxta sənədlər pensiya işinə daxil edilmiş, əlavə vəsait mənimsənilmişdir. Lakin o, dəfələrlə cavabdehə bildirmişdir ki, həmin sənədlərdən və hər hansı vəsaitdən onun xəbəri yoxdur. O, təqdim edilən pensiya kartından istifadə etmiş və ödənişləri də həmin kartdan çıxarmışdır. Onun pensiya işinə edilən müdaxiləyə görə məsuliyyəti o, daşıya bilməz, bu hal qeyd edilən pensiyanın dayandırılması üçün əsas ola bilməz. Eyni zamanda, hüquq mühafizə orqanlarının araşdırma dövründə pensiya ödənişinin dayandırılması qanunsuz bir hərəkətdir. Əgər iddiaçının təqsiri müəyyən edilməyibsə və ümumiyyətlə onun barəsində cinayət işi mövcud deyilsə, onun pensiyası dayandırıla bilməz. Qanunda belə bir əsas göstərilməmişdir. Buna görə də, ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz və əsassızdır. İki ilə yaxındır ki, onun pensiya ödənişləri dayandırılmış və guya araşdırma aparıldığı bildirilir. Lakin həmin araşdırmanın nə vaxt başa çatacağı bəlli deyil. Onun 63 yaşı var. Heç bir yerdə işləmir və yeganə gəlir mənbəyi aldığı pensiyadır. Həmin pensiyanın kəsilməsi maddi çətinliklər yaratmaqdadır. Onun cavabdehə dəfələrlə etdiyi şikayətlərinin heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçı Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu cavabdeh tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Sözügedən orqandan cavabdehə daxil olmuş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilmişdir. Bu səbəbdən də əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar cavabdehə daxil olduqdan sonra baxılacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe iyin ə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq Sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilib. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinizin bərpa edilib-edilməməsi məsələsinə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin Katibliyindən 3 fevral 2022-ci il tarixlərində daxil olmuş müraciətlərinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar Sizə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarından görünür ki, İddiaçı DSMF Səbail rayon şöbəsi tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsindən İdarənin e-mailinə xx.xx.2020-ci il tarixində daxil olmuş məktuba əsasən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil olmuş 18 may 2022-ci il tarixli 2-1(112)-8850/2022 nömrəli cinayət işi üzrə sorğunuza baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq çərçivəsində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi faktı araşdırılır. Hal-hazırda qeyd edilən cinayət işi üzrə X4 və qeyrilənin barəsində istintaq davam etdirilməklə nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarına əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Əmək pensiyasının bərpa edilməsi üçün iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır, araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir və həmin orqandan Nazirliyə daxil olmuş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilib, ona görə də cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinin bərpa edilibedilməməsi məsələsinə baxılacaqdır. Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq çərçivəsində İddiaçı saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi faktı araşdırılır, hazırda yekun qərar qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı - inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddələrinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçının saxta sənəndlər əsasında pensiya hüququ əldə etməsi faktının araşdırılması qanuni qüvvəyə minmiş yekun qərar olmadan iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması üçün əsas deyildir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilsin və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar