Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8852/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 30.11.2020-ci il tarixdən pozulmuş (yaşa görə güzəştli şərtlərlə) pensiya hüququnun bərpa edilməsi, DSMF Daxili nəzarət departamenti tərəfindən iddiaçının üzərinə qoyulmuş 15192,36 manat məbləğ ödənişinin ləğv edilməsi, 30.11.2020-ci il tarixdən dayandırılmış pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.09.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 12.09.2002-ci il tarixdən 04.08.2014-cü il tarixədək "xxxx" Yol Xidməti 1 saylı Yol hissəsində yalnız gecə işində, Xüsusi Zərərli iş şəraitində yol fəhləsi peşəsində çalışmışdır. 05.08.2014-cü il tarixdən hal-hazıra kimi "xxxx" QSC-nin Yol Xidmətində yol nəzarətçisi peşəsində işləyir (tuneldə, yalnız gecə, xüsusi zərərli iş şəraitində). İddiaçının peşəsinin əmək kitabçasında yol nəzarətçisi yazılması heç də o demək deyil ki, əvvəlki illərdə işlədiyi (tuneldə, yalnız gecə, xüsisi zərərli iş şəraitində) işlərdən fərqli (peşədə) işlərdə çalışır. Bunu "xxxx" QSC-nin verdiyi A/133 saylı 25 may 2021-ci il tarixli arayışda da bir daha təsdiq edirlər. Yol nəzarətçisi - yol fəhləsi hesab edilir. Yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şaraitində işlədiyinə görə əmək haqqında 24%, gecə saatlarına görə 40% əlavə ödənilir. İddiaçı 06.01.2015-ci il tarixdə 34 il ümumi, 12 il güzəştli şərtlə 52 yaşda, yaşa görə güzəştli pensiya almaq üçün sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə təqdim etmiş, güzəştli şərtlərlə, yaşa görə pensiya almaq üçün, tam qanuni hüququ olduğundan DSMF Nizami rayon şöbəsi 06.01.2015-ci il tarixdən ona yaşa görə güzəştli pensiya təyin etmişdir. 06.01.2015ci il tarixdən 30.11.2020-ci il tarixə kimi tam haqlı olaraq 15192,36 manat mabləğində pensiya almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçıya pensiya təyin olunarkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 12.09.2002- 05.08.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi vəzifə müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya 06.01.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona 06.01.2015-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15192,36 manat artıq pul vəsaitinin Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 29 aprel 2021-ci il tarixli **********1 nömrəli məktubla həmin artıq ödənilmiş 15192,36 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 03 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsinin caabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə birlikdə eyni vəzifədə çalışan iş yoldaşları güzəştli şərtlərlə əmək pensiyasını almaqdadır. Onlara təyin edilmiş pensiya ödənişləri dayandırılmamışdır. Həmçinin iddiaçının çalışdığı vəzifə ilə bağlı oxşar işlər üzrə yuxarı instansiya məhkəmələrinin mövqeyi iddiaçıların xeyrinə olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 aprel 2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” məktubunda göstərilmişdir ki, iddiaçıya pensiya təyin olunarkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 12.09.2002-05.08.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi vəzifə müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya 06.01.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona 06.01.2015- 30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15192,36 manat artıq pul vəsaitinin Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası "xxxx" QSC-nin 14 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Bakı Metropoliteninin Yol xidmətində 12.09.2002-ci il tarixindən 04.08.2014-cü il tarixinədək yol fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti). 05.08.2014-cü il tarixindən bu günədək "xxxx" QSC-nin Yol xidmətində yol nəzarətçisi peşəsində işləyir (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti). İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 19 il 01 ay 01 gün (on doqquz il bir ay bir gün) (12.10.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2.Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Yol nəzarətçisi yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin (yol nəzarətçisinin) əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İş materiallarında olan sənədlərdən və iddiaçının pensiya işinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçıya 06.01.2015-ci ildən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiyası cavabdeh tərəfindən dayandırılmışdır (əmək pensiyasının dayandırılması barədə qərar pensiya işində mövcud deyil), pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir, imtina onunla əsasandırılmışdır ki, iddiaçının 12.09.2002-05.08.2014-cü il tarixləri arasındakı dövr ərzində çalışdığı Azərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiya); 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir; 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra isə fərdi uçot məlumatları əsasında müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.8-ci bəndinə əsasən, Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 52 yaşı tamam olanadək 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 52 yaşı tamam olanadək azı 10 il güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 52 yaşının tamam olduğu tarixə (06.01.2015-cı il) ümumi stajının 20 ildən çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının 12.09.2002-05.08.2014-cü il tarixləri arasındakı dövr ərzində çalışdığı Azərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Metropolitenlər” adlanan 21.5-ci bəndində nəzərdə tutulmuşdur: yalnız gecə vaxtların tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr. İddiaçının əmək kitabçasında qeyd olunmuş 12.09.2002-01.06.2003-cü illərdə yol fəhləsi, 02.06.2003-cü il tarixdən isə yol nəzarətçisi peşəsində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsində nəzərdə tutulmuş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” kateqoriyalı işçilərə aid edilməsi Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli arayışda öz təsdiqini tapmışdır. İş materiallarından göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə "xxxx" QSC tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu koda istinad edilməklə göstərilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun təyin edilmişdir. Belə olan halda cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8852/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8852/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver