Məhkəmə qərarları › İş №2-1(112)-8856/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8856/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8856/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı Mübarək qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X7) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı Mübarək qızı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, **********92 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü fərqi mövcuddur. Əlavə olaraq, müvafiq daşınmaz əmlaka dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-2921/2024 saylı inzibati iş mövcuddur, lakin qanuni qüvvəsini almış yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanında yerləşən 234,90 kv.m həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin onun istifadəsinə və mülkiyyətinə ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 234,90 kv.m həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X5 və X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin mövqeyi İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında xüsusi mülkiyyətinə fərdi yaşayış evi alaraq, ora köçmüşdür. Hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Həmin mənzil A və В tikilisindən ibarətdir. A tikilisində X5 və X7 yaşayırlar. В tikilisində isə onun mənzili yerləşir. xx.xx.2022-ci il tarixdən hal-hazırki cavabdehdən çıxarışı vardır. Lakin həyətyanı istifadə üçün həmin torpaq sahəsindən istifadə etmək ona və ailə üzvlərinə çətinlik törədir. Ona görə də onun ünvanına ayrı ünvan verilməsinə dair inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda onun mübahisələndirdiyi torpaq sahəsinin bölünməsinə dair cavabdehə rəsmi müraciət etmişdir, cavabdeh xx.xx.2024-cü il tarixli **********92 saylı cavabla onun müraciətinin təmin olunmasından imtina etmişdir. Bu səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ Məhkəmənin əsaslandırması Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 (“A” tikilisidən 2 otaq (y/s – 40.4 kv.m, k/s – 5.1 kv.m və “saraydan” – 16.0 kv.m), X1 (“A” tikilisindən 2 otaq, y\s-39.6 kv.m, k\s-26.0 kv.m, "saraydan" 46.7 kv.m; tikilisi açıq eyvandan 15.0 kv.m və yarımzirzəmi-38.9 kv.m) və X2 ("B" tikilisi və "açıq eyvandan" 27.5 kv.m, yarımzirzəmi-18.3 kv.m) paylı mülkiyyətində olmuşdur. Çıxarışa əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.02275 ha olmaqla, dövlət mülkiyyətində olmuş, paylı mülkiyyətçilərin həmin torpaq sahəsinə istifadə hüququ olmuşdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsindən görünür ki, satıcı X6 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus “B” tikilisi və açıq eyvandan – 27.5 kv.m, yarımzirzəmi – 18.3 kv.m hissəsini İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və açıq eyvandan – 27.5 kv.m, yarımzirzəmi – 18.3 kv.m hissəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınaraq ona bu barədə çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli texniki pasportundan görünür ki, evin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi – 0.06574 ha, tikintialtı sahə - 0.03332 ha, digər sahələr – 0.03242 ha müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, döngə 2, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin ərazisi bir tərəfdən yol, bir tərəfdən dalan, iki tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Cavabdehin **********00 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi texniki pasporta əsasən və faktiki olaraq 0.06574 ha təşkil edir. Torpaq sahəsi üzərində **********12-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş (“A” literli ümumi sahəsi 150.0 kv.m, “B” literli ümumi sahəsi 84.9 kv.m) fərdi yaşayış evləri mövcuddur. Sözügedən A literli fərdi yaşayış evinə bitişik sahədə əlavə köməkçi otaqlar inşa edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü fərqi olsa da, ümumi konfiqurasiyası texniki pasportda uyğundur. İddiaçı hazırda paylı mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məcəllənin 215.3-cü maddəsinə görə paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, 8 saylı fərdi yaşayış evi hazırda İddiaçı, X4 və X1 paylı mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə onların istifadəsindədir. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyət hüququ üzrə torpaq sahəsinə payın bərabər müəyyən edilməsini deyil, ½ hissəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin o, bununla bağlı digər mülkiyyətçilərin razılığını nə inzibati orqana, nə də məhkəmə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əgər iddiaçı istifadəsində olan torpaq sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edirsə, bunun üçün ilk əvvəl digər paylı mülkiyyətçilərin razılığını təqdim etməlidir. Əgər belə razılıq yoxdursa, onda həmin torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması tələbi ilə mülki məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bir neçə şəxsin istifadəsində olan torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Bu baxımdan əgər torpaq sahəsində kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisənin analogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı hüquqi marağına uyğun nəticəsinin əldə edilməsi üçün ilk əvvəl digər paylı mülkiyyətçilərin razılığını əldə etməli, belə razılıq olmazsa, ümumi məhkəməyə müraciət edərək torpaq sahəsindən istifadə qaydalarını müəyyənləşdirməlidir. İddiaçı yalnız həmin sənədləri təqdim etdikdən sonra, onun 8 saylı evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ yaranacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar