Məhkəmə qərarları › İş №2-1(112)-8857/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8857/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8857/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 (köhnə nömrə 3007) saylı bağ sahəsinin mərhum X1 adına qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, keçmiş X3 və İstismarı Birliyinin xx.xx.1967-ci il tarixli, 12 saylı protokoluna əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 (köhnə nömrə 3007) saylı bağ sahəsinin icarəyə verilməsinə dair X1 adına xx.xx.1985-ci il tarixli, 14852 saylı müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 (köhnə nömrə 3007) saylı bağ sahəsinin atası X1 adına dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 bağ sahəsinə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, keçmiş X3 və İstismarı Birliyinin xx.xx.1967-ci il tarixli, 12 saylı protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 (köhnə nömrə 3007) saylı bağ sahəsinin icarəyə verilməsinə dair iddiaçının atası X1 adına xx.xx.1985-ci il tarixli, 14852 saylı müqavilə tərtib edilmişdir. Həmin tarixdən X7 vəfat etdiyi 04 iyun 1990-cı il tarixə qədər öz ailəsi ilə bağ sahəsindən istifadə edərək sahibliyi həyata keçirmişdir. Vəfat etdikdən sonra isə 34 ildir ki, iddiaçının istifadəsində olmaqla həmin bağ sahəsinə sahiblik edir. Lakin göstərilən bağ sahəsini mərhum X1 adına sənədləşdirə bilməmişdir. Belə ki, hüquqi qeydiyyata alınması üçün iddiaçı cavabdehə müraciət etmiş, lakin müraciəti müsbət təmin edilməmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, keçmiş X3 və İstismarı Birliyinin xx.xx.1967-ci il tarixli, 12 saylı protokoluna əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 (köhnə nömrə 3007) saylı bağ sahəsinin icarəyə verilməsinə dair X1 adına xx.xx.1985-ci il tarixli, 14852 saylı müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən xx.xx.2024-cü il tarixli yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin döngə nöqtələrini şərti ona aid olduğunu bildirmiş, lakin iddia olunan torpaq sahəsinin şərhədləri şərti olduğundan faktiki kimin istifadəsində olduğunu təyin etmək mümkün olmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən ərazidə mərzçəkmə işləri aparılmamışdır, iddia olunan bağ sahəsi qonşu özəl bağ nömrələrinə və sxematik xəritəyə əsasən bir hissəsi digər bağ sahəsinin (2772 saylı) ərazisinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum X5 məxsus olması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - 407365 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Qurbanquli oğlunun atası İddiaçıdur. - xx.xx.2013-cü il tarixli, 2223 №-li şəhadətnamədən görünür ki, X7 04 iyun 1990-cı ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.1990-cı ildə 94 №-li akt qeydi tərtib olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli, 14 №-li məktubla bildirilmişdir ki, miras əmlak üzərində miras qoyan X1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli sorğuya cavab məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2773 nömrəli bağ sahəsinə dair aşağıdaki sənədlər təqdim olunmuşdur: -xx.xx.1967-cı il tarixli, 14852 №-li bağın icarəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0,25 ha olan 3006 nömrəli bağ sahəsi XDS İcraiyyə Komitəsinin 12 nömrəli, xx.xx.1967-ci il tarixli protokoluna əsasən X5 verilmişdir. - xx.xx.1976-cı il tarixdə Bakı şəhəri Bağlar təsərrüfatı İdarəsinin mühəndisləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X8 idarəyə verdiyi əraziə əsasında gedib bağları yoxlayarkən aşkar edilmişdir ki, icarədar X8 3006 saylı bağa 14852 nömrəli müqavilə bağlamış, özü isə 3007 nömrəli bağda 24,98 kv.metrlik yaşayış mənzili, 5,74 kv.m-lik mətbəx tikintisi vardır və bu bağdan istifadə edir. Həmin 3007 nömrəli bağ sahəsinə (0,25 ha) icarədar X6 17072 nömrəli müqavilə bağlamışdır. Buna baxamayaraq 3008 nömrəli bağ sahəsində ev tikmiş, həmin bağdan istifadə edir. Hazırda 3007 nömrəli bağ sahəsindən X8 istifadə edir. -xx.xx.1976-ci il tarixli, 14852 №-li bağın icarəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0,25 ha olan 3007/2773 nömrəli bağ sahəsi XDS İcraiyyə Komitəsinin 12 nömrəli, xx.xx.1967-ci il tarixli protokoluna əsasən X5 verilmişdir. - Ərizəçi xx.xx.1985-ci il tarixdə Q.Məlikov ərizə təqdim edərək, müqavilənin müddəti qurtardığına görə müqavilənin müddətinin artırılmasını xahiş etmişdir. -xx.xx.1985-ci il tarixli, 14852 №-li bağın icarəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0,25 ha olan 3007/2773 nömrəli bağ sahəsi XDS İcraiyyə Komitəsinin 12 nömrəli, xx.xx.1967-ci il tarixli protokoluna əsasən X5 verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 0.25 ha təşkil edir. Sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur (yaşayışa yararsız). Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazidə mərzçəkmə işləri aparılmamışdır, iddia olunan bağ sahəsi qonşu özəl bağ nömrələrinə və sxematik xəritəyə əsasən bir hissəsi digər bağ sahəsinin (2772 saylı) ərazisinə düşür. İddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 2773 bağ sahəsinə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum X5 məxsus olması barədə arayışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşin faktiki hallarından görünür ki, xx.xx.1967-cı il tarixli, 14852 №-li bağın icarəyə verilməsi barədə müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0,25 ha olan 2772 (3006) nömrəli bağ sahəsi XDS İcraiyyə Komitəsinin 12 nömrəli, xx.xx.1967-ci il tarixli protokoluna əsasən X5 verilmişdir. Daha sonra iddiaçının 2773/3007 saylı bağ sahəsindən istifadə etməsi nəzərə alınaraq, onunla həmin bağ sahəsinə dair 1976-cı ildə müqavilə bağlanmış, 1985-ci ildə həmin müqavilənin müddəti uzadılmışdır. İddiaçı sonuncu müqaviləyə əsaslanaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0,25 ha olan 2773 nömrəli bağ sahəsinin mərhuma məxsus olması barədə arayış verilməsinə nail olmaq istəyir. Lakin cavabdeh İdarənin arxivində saxlanılan sonuncu müqavilədə imza və möhürünün olmadığına istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası formal xarakter daşıyır, çünki İdarənin arxivində saxlanılan xx.xx.1985-ci il tarixli müqavilədə imzanın və möhürün olmaması, həmin müqavilənin hüquqi mötəbərliyini şübhə altına almaq üçün kifayət etmir. Belə ki, mübahisəyə səbəb olan müqavilə, mərhumun adına daha əvvəl bağlanmış və bağ sahəsinin icarəyə verilməsinə dair bağlanmış müqavilələrin ardıcıl hüquqi davamlılığı olaraq qiymətləndirilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, həmin müqavilənin məzmunu, onun hüquqmüəyyənedici sənəd kimi mövcudluğunu təsdiqləyən hüquqi əlaqələr sisteminin tərkib hissəsidir və bu sənədlər bağ sahəsinin mərhum şəxsə ayrılmasını birbaşa olaraq təsdiq edir. Eyni zamanda məhkəmə nəzərə alır ki, müqavilənin mətnində imza və möhürün olmaması, şəxs iradəsinin əks olunması ilə bağlı formal texniki qüsur hesab edilməli, həmin çatışmazlıq tərəfin iradəsindən asılı olmayan halların nəticəsi olaraq qiymətləndirilməlidir. Bu baxımdan, iradənin ifadəsi və tərəflər arasında bağlanmış hüquqi münasibətlərin faktiki təsdiqi kontekstində imza və möhürün mövcud olmaması, müqavilənin hüquqi qüvvəsini itirməsinə səbəb olmamalıdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, bağ sahəsinin iddiaçının mərhum atasına verilməsi ilə bağlı müqavilənin mövcudluğu və faktiki olaraq qüvvədə olması, bağ sahəsi üzərində mərhum X2 hüquqlarının yarandığına dəlalət edir. Cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsas (sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi) isə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Qeyd olunanlardan aydın olur ki, iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə hazırki iddia tələbinin təmin edilməsinə mane olmur. Çünki iddiaçının mərhum atasının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin irəli sürüyü bu əsas da hazırki iddianın təminini istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X9 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 hektar sahəsi olan 2773 bağ sahəsinə dair mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar