Məhkəmə qərarları › İş №2-1(112)-8858/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8858/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8858/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın etibarsız hesab edilməsi və pensiya fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5 ay 12 gün hərbi xidmət müddəti nəzərə alınmaqla natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq pensiyanın yenidən hesablanması və 2013-2024-cü illər üzrə ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair tarixsiz və nömrəsiz qərarın etibarsız hesab edilməsi və 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair tarixsiz və nömrəsiz qərarın etibarsız hesab edilməsi və 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Müdafiə Nazirliyinin “polkovnik-leytenant" rütbəli ehtiyatda olan zabiti, Silahlı Qüvvələrin veteranıdır. 1987-2013-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 2013-cü ildə Müdafiə nazirinin müvafiq əminə əsasən ehtiyata buraxılmış, həmin ildən etibarən də iddiaçıya xidmət illərinə görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. İddiaçı qeyd edir ki, xidmət keçdiyi orqan olan Müdafiə Nazirliyi tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunmuş məlumat vərəqəsinə əsasən xidmət illəri 34 (otuz dörd) il, 5 (beş) ay, 12 (on iki) gün təşkil edir. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən 34 (otuz dörd) il xidmət stajı nəzərə alınsa da, 5 (beş) ay, 12 (on iki) gün xidmət müddəti nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə rəsmi ərizə ilə müraciət edərək pensiya təyinatı zamanı nəzərə alınmamış 5 (beş) ay, 12 (on iki) gün xidmət müddəti nəzərə alınmaqla pensiyanın düzgün hesablanıb ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixində qeydə alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində iddiaçıya rəsmi cavab verilməmişdir. Bunun əvəzində iddiaçı cavabdehdən iki müxtəlif tarixdə fərqli məzmunli smslər almışdır. xx.xx.2024 tarixində ********** nömrəsinə göndərilən sms-də bildirilir ki, “İddiaçı, əmək pensiyanız müraciətinizə əsasən yenidən hesablanaraq 2059.21 manat məbləğində müəyyən edilib”. xx.xx.2024-cü il tarixində ********** nömrəsinə göndərilən sms-də isə bildirilir ki, “İddiaçı, əmək pensiyanız müraciətinizə əsasən yenidən hesablanaraq 2038.57 manat məbləğində müəyyən edilib”. İddiaçı eyni zamanda bildirir ki, aprel ayında aldığı pensiyanın üzərinə 6 manat 97 qəpik əlavə edilərək kart hesabına köçürülmüşdür. Cavabdehin bu mövqeyi iddiaçını qane etmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı ərizəsində ona təyin edilmiş hərbi qullquçu kimi əmək pensiyasının düzgün hesablanmadığını, xidmət illərinin 34 il 5 ay 12 gün olduğu halda, bunun cəmi 34 ilinin nəzərə alındığını, buna görə də təminat xərcliyinə düzgün faiz dərəcəsinin tətbiq edilmədiyini iddia etməklə, əmək pensiyasının yenidən düzgün hesablanması və 2013-cü il tarixdən etibarən ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası düzgün hesablanmışdır və iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 01034 nömrəli məlumat vərəqində qeyd olunan 34 il 5 ay 12 gün (təqvimi xidmət illəri 26 il 15 gün, güzəştli xidməti illəri 8 il 4 ay 27 gün) xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən ona 1 sentyabr 2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, müvafiq təminat xərcliyinin 92 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyası müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq 1453,00 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş üzrə icraat materiallarından da aydın olur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti xx.xx.2024-cü il tarixdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası üzrə keçmiş müddət üçün (son 3 il üçün) hesablanmış ümumilikdə 89,20 manat fərq məbləği cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixdən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 2038,57 manat məbləğində müəyyən edilib. Beləliklə aydın olur ki, İddiaçı əmək pensiyası inzibati orqan tərəfindən düzgün hesablanmışdır.

6. Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 lömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət nüddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan»mn 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsinə göndərilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən vəzifə maaşınız - 605,00 manat, rütbə maaşınız - 134,00 manat, xidməti ilə görə 30 faiz əlavəniz - 221,70 manat,və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat, məharət dərəcəsinə görə 25 faiz 151,25 olmaqla cəmi təminat xərcliyi 1175,95 manat təşkil edir. 34 il xidməti ilinə görə təminat xərcliyinin 92 faizi, yəni 1081.87 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş sizə da 01034 nömrəli məlumat vərəqində qeyd olunan 34 il 5 ay 12 gün (təqvimi xidmət illəri 26 il 15 gür güzəştli xidməti illəri 8 il 4 ay 27 gün) xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən ona 1 sentyabr 2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasın uyğun olaraq, müvafiq təminat xərcliyinizin 92 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtləri yaşa görə əmək pensiyası təyin edilib. Müraciətlə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, əmək pensiyası yenidən hesablanaraq 1453,00 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmə pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, laki həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çox üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 89,20 manat fərq məbləği cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğini həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 2038,57 manat məbləğində müəyyən edilib.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddiaçıya dair 01034 nömrəli məlumat vərəqində qeyd olunan 34 il 5 ay 12 gün (təqvimi xidmət illəri 26 il 15 gün, güzəştli xidməti illəri 8 il 4 ay 27 gün) xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən iddiaçıya 1 sentyabr 2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, müvafiq təminat xərcliyinin 92 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Müraciətlə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, əmək pensiyası xidmət illərindəki natamam ildəki iş stajı ayları nəzərə alınmaqla yenidən hesablanaraq 1453,00 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 89,20 manat fərq məbləği cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 2038,57 manat məbləğində müəyyən edilib.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 01034 nömrəli məlumat vərəqində qeyd olunan 34 il 5 ay 12 gün (təqvimi xidmət illəri 26 il 15 gün, güzəştli xidməti illəri 8 il 4 ay 27 gün) xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən ona 1 sentyabr 2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, müvafiq təminat xərcliyinin 92 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyası müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq 1453,00 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 89,20 manat fərq məbləği cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb.

10. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fonduna təqdim olunan MN-01034 nömrəli Məlumat vərəqinə əsasən İddiaçı cəmi iş stajı və xidmət illəri 34 il 05 ay 12 gün (26 il 15 gün təqvimi xidmət illəri və 08 il 04 ay 27 gün güzəştli xidmət illəri) təşkil edir.

11. Azərbaycan Republikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD rayon (şəhər) şöbəsinin əək pensiyası təyin edən komissiyanın xx.xx.2013-cü il tarixli, 13/2446 nömrəli Qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2013-cü il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir.

12. İddiaçı tərəfindən təqdim edilmiş E-sosial – Vahid sosial reyestrdən Çıxarışda Göndərilmiş SMSlər hissəsinə əsasən: “xx.xx.2024 tarixində ********* nömrəsinə göndərilən sms: İddiaçı, əmək pensiyanız müraciətinizə əsasən yenidən hesablanaraq 2038.57 manat məbləğində müəyyən edilib. xx.xx.2024 tarixində ********* nömrəsinə göndərilən sms: İddiaçı, əmək pensiyanız müraciətinizə əsasən yenidən hesablanaraq 2059.21 manat məbləğində müəyyən edilib”.

13. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-7- 2864/2024 nömrəli Qərarına əsasən hesablama tarixinə qədər İddiaçı pensiya məbləği 2031,60 manat və yenidən hesablama nəticəsində 2059,21 manat məbləğində müəyyən olunmuşdur. Pensiya faizi 93,25

14. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” tarixsiz və nömrəsiz Qərarına əsasən hesablama tarixinə qədər İddiaçı pensiya məbləği 2031,60 manat və yenidən hesablama nəticəsində 2038,57 manat məbləğində müəyyən olunmuşdur. Cəmi: İş stajı və xidmət illəri İl Ay Gün 34 5 12 20 il 50 % 14 il 42% Pensiya faizi 92,00

15. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

16. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. Hazırki iş üzrə iddiaçı pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdeh orqanın tarixsiz və nömrəsiz qərarının etibarsız hesab edilməsini və 2014-2024cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsini tələb etmişdir.

18. İddia tələbi “qərarın etibarsız hesab edilməsi” hissəsində müəyyən etmə və ya tanınma haqqında iddiaya, “pensiya fərqinin ödənilməsi” hissəsində isə öhəliyin icrası haqqında iddiaçıya aiddir.

19. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

20. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

24. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iş üzrə iddia tələbə iki hissədən ibarətdir: 1) İddiaçı münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdeh orqanın tarixsiz və nömrəsiz qərarının etibarsız hesab edilməsi; 2) 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin İddiaçı ödənilməsi.

25. Məhkəmə ilk növbədə İddiaçı münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdeh orqanın tarixsiz və nömrəsiz qərarının (inzibati aktın) etibarsızlığını qiymətləndirir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.

62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-7-2864/2024 nömrəli Qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablama nəticəsində 2059,21 manat məbləğində müəyyən olunmuş (hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat) və xx.xx.2024 tarixində iddiaçıya bununla bağlı məlumat xarakterli sms göndərilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyası bir daha yenidən hesablanaraq 2038,57 manat məbləğində müəyyən olunmuş və hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat kimi qeyd olunmuşdur (tarixsiz və nömrəsiz qərara əsasən). Yenidən hesablama ilə bağlı xx.xx.2024cü il tarixdə İddiaçı məlumat xarakterli sms göndərilsə də, yenidən hesablama ilə bağlı qərarın nömrəsi tarixi müəyyən edilməmişdir.

28. Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı münasibətdə əmək pensiyasının 2038,57 manat müəyyən olunmasına dair cavabdeh orqanın qərarının tarixi (eləcə də nömrəsi) faktiki olaraq qeyd edilməsə də, iddiaçıya yenidən hesablama ilə bağlı sms xx.xx.2024-cü il tarixdə göndərildiyindən müvafiq qərarın (pensiyanın 2038,27 manat müəyyən olunması ilə bağlı) İddiaçı münasibətdə əmək pensiyasının 2059,21 manat müəyyən olunmasına dair xx.xx.2024-cü il tarixli qərardan sonra qəbul edilmiş olduğu nəzərə alınır. Odur ki, mübahisələndirilən tarixsiz və nömrəsiz qərar qəbul edilərkən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar qüvvədə olmuş və İddiaçı təyin edilmiş pensiya məbləği 2059,21 manat müəyyən edilmişdir.

29. İddiaçıya əmək pensiyasının yenidən hesablanması nəticəsində ona təyin olunan pensiya məbləğinin 2038,27 manat müəyyən olunması ilə bağlı yalnız xx.xx.2024-cü il tarixli sms nəticəsində məlumat əldə etmişdir.

30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı münasibətdə əmək pensiyasının məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının tarixsiz və nömrəsiz qərarı “İnzibati icraat haqqında” Qanunun 59.1.3, 59.1.4-cü maddələrinin tələblərinə cavab vermədiyi üçün həmin Qanunun 65.1.3-cü maddəsinə əsasən etibarsız hesab edilməlidir.

31. Məhkəmə nəzərə alır ki, İddiaçı münasibətdə əmək pensiyasının 2059,21 manat müəyyən olunmasına dair xx.xx.2024-cü il tarixli qərar onun marağını təmin etməklə düzgün hesablama aparılmışdır. Belə ki, Əmək pensiyaları haqqında qanunun 20.14.1-ci maddəsinin mövcud redaksiyasına əsasən: 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır.

32. Odur ki, iddiaçının 34 il 5 ay 12 gün xidmət illərinə görə təminat xərcliyi (25 ilə görə 65%+ 25 ildən yuxarı hərbi xidmətin (9 il) hər ilinə görə 27% + 5 aya görə 1,25%) ən azı 93,25% nəzərə alınmalı idi (12 günə görə əlavə 0,1%). Təminat xərcliyinin 1573,9 manat olduğu nəzərə alınarsa, həmin məbləğin 93,35% hissəsi 1469,23 + maddi yardım 10% olmaqla 146,92 + 2023-cü il üçün indeksləşdirilmiş məbləğ (14,7%) olmaqla 237,57 manat + 2024cü il üçün indeksləşdirilmiş məbləğ (11,2%) 207,61 manat 2061,35 manat təşkil etməlidir.

33. İddia tələbinin ikinci (2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi) hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, mübahisənin yaranmasının səbəbi iddiaçının pensiya təyinatı zamanı natamam ildəki iş stajının (05 ay 12 gün) ümumi staja daxil edilib-edilməməsi ilə bağlıdır.

34. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fonduna təqdim olunan MN-01034 nömrəli Məlumat vərəqinə əsasən İddiaçı cəmi iş stajı və xidmət illəri 34 il 05 ay 12 gün (26 il 15 gün təqvimi xidmət illəri və 08 il 04 ay 27 gün güzəştli xidmət illəri) təşkil edir. Müvafiq məlumat vərəqi əsasında Azərbaycan Republikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2013-cü il tarixli, 13/2446 nömrəli Qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2013-cü il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir.

35. Məhkəmə qeyd edir ki, İddiaçı münasibətdə xx.xx.2013-cü il tarixdə əmək pensiyası təyin edilərkən natamam ildəki iş stajına görə əlavələr nəzərə alınmamışdır. İddiaçının müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyası müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının (05 ay) nəzərə alınmadığı müəyyən edilmiş və natamam ildəki iş stajı aylarına görə əlavələr də nəzərə alınaraq iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Lakin cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad olunaraq yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməli olduğu qeyd edilmişdir.

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan redaksiya); 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla (xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan redaksiya); 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir.

37. Məhkəmə qeyd edir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” ifadəsi əlavə edilməklə qanunvericilik normalarının tətbiqində yeni qayda yaradılmamış, müvafiq əlavə qanunun normasının məzmununun izah edilməsi məqsədi daşımışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə kimi olan redaksiyasında 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərdə tutulduğu qeyd edilmişdirsə, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə normanın məzmunu daha aydın ifadə edilərək tam ildəki iş stajına görə əmək pensiyasına əlavələr 3 faiz hesablandığı üçün natamam ildəki iş stajına görə əlavələrin ayların sayına görə 1 il (12 ay) üçün nəzərdə tutulmuş 3 faizə mütənasib olaraq müəyyənləşdirilməli olduğu izah edilmişdir (dəqiqləşdirilmişdir).

38. Məhkəmə nəzərə alır ki, normativ hüquqi aktların mətnində edilmiş dəyişikliklərin (və ya əlavələrin) hamısı yeni qanunvericilik normalarının (və ya tətbiqi qaydasının) yaradılması məqsədi daşımır, bəzi hallarda normanın mətnindəki texniki xətaların aradan qaldırılması, aydın olmayan hissələrin dəqiqləşdirilməsi, natamam hissələrin izah edilməsi üçün qanunvericilik normalarına əlavə və ya dəyişikliklər edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində “3 faizi” sözlərinin “2 faizi” sözləri ilə dəyişdirilməsi nəticəsində qanunvericilik normasının tətbiqinin yeni qaydası müəyyənləşdirilsə də, “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” ifadəsi əlavə edilməklə normanın məzmunu dəqiqləşdirilmişdir (izah edilmişdir).

39. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə əsasən normativ hüquqi aktların qəbul edilməsində və qüvvəyə minməsindən sonra onların icrasının lazımi təşkili – qəbul edilmiş aktların məzmununun icraçıların diqqətinə vaxtında çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən rəsmi şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin nəşri, aktların icrasının maliyyə, madditexniki, hüquqi və təşkilati-texniki təminatı, aktların icra müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.

40. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə izah (dəqiqləşdirmə) xarakterli əlavənin məhz xx.xx.2017-ci il tarixdən (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə) qüvvəyə minməsi iddiaçının hüququnun dəqiqləşdirmədən öncə mövcud olmaması və ya məhdudlaşdırılması kimi qəbul edilə bilməz.

41. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının qanunvericilikdə mövcud olan hüququnun tətbiq edilməməsi (məhdudlaşdırılması) cavabdeh orqanın məsuliyyət sferası ilə əhatə olunur.

42. İddiaçının 34 il 5 ay 12 gün xidmətinə dair dəqiqləşdirilmiş məlumat vərəqi Müdafiə Nazirliyi tərəfindən 2014-cü ildə cavabdeh quruma təqdim edilmişdir.

43. Odur ki, iddiaçı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajının nəzərə alınmaması nəticəsində 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsini tələb etməkdə haqlıdır.

44. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası zamanı son üç il üzrə müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilmiş məbləğ nəzərə alınmalıdır.

45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı etibarsız hesab edilsin. İddiaçı natamam ildəki iş stajının (5 il 12 ay) nəzərə alınmaması nəticəsində 2014- 2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar