Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8860/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına qarşı təhsil müddətinin iş stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına qarşı təhsil müddətinin sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı ildə 57 yaşdan təyin olunmuş güzəştli şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1976-cı ildə Bakı Neft Texnikumuna daxil olmuşdur. xx.xx.1982-ci il tarixində texnikumun əyani şöbəsini bitirmişdir. xx.xx.1982-ci ildə X3 qəbul olunmuşdur. xx.xx.1987-ci ildə institutun əyani şöbəsini bitirmişdir. İşlədiyi sahələr neft sənayesi ilə əlaqədar olduğu üçün, o, xx.xx.2016-cı ildə 57 yaşı tamam olanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Bunu onun əmək kitabçasında aparılan qeydlər təsdiq edir. Hal-hazırda güzəştli şərtlərlə pensiya alır. “Əmək pensiyaları haqqında” Qanuna əlavə vətəndaşın əyani təhsil müddəti (ali, orta və texniki peşə təhsili) qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Onun da, xx.xx.1976-cı ildən xx.xx.1987-ci ilə kimi 11 ilə qədər sığorta stajı vardır. O, sığorta stajının hesablanması ilə əlaqədar cavabdehə 3 dəfə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarla ona əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında imtina göndərmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X5 filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesabanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi ilə bağlı xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən iddiaçıya təqdim edilən imtina cavab məktubunda güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçıya 8 dekabr 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bundan əlavə bildirilmişdir ki, xx.xx.2022 tarixli **********7 № li qərar əsasında İddiaçı pensiya məbləği yenidən hesablanaraq 982.71 manat məbləğində məyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil ədilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. Bu səbəbdən, pensiyanın hal-hazırda İddiaçı “güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi üzrə yenidən hesablanması mümkün deyil. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan “Güzəştli şərtlərə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 dekabr 2020-ci il tarixli, **********0 nömrəli, xx.xx.2021-ci il tarixli, **********9 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktublarının surətlərindən görünür ki, iddiaçının müraciətlərinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Tümen Sənaye Universiteti Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05-1830/1-416 nömrəli arxiv arayışının surətindən görünür ki, xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən Leninskiy komsomol adına Tümen Sənaye Universitetində neft qaz sənayesi faktultəsinin “Neft və qaz yataqları kəşfiyyatının texnologiyası və kompleks mexanizasiyası” ixtisası üzrə əyani əsasda təhsil almışdır. Təhsil dövrü 23 avqust 1982-ci il tarixdə 1-ci kurs HP-82-4 qrupuna tələbə sıralarına qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, əmr 1015/C, 01 iyul 1987-ci il tarixdə təhsilin başa çatması ilə əlaqədar tələbə sıralarından xaric edilmişdir. xx.xx.1987-ci il tarixli, əmr 1015/c. Arayış 1982-1987-ci illər üzrə tələbələrin şəxsi heyəti üzrə əmrlər əsasında verilmişdir. Təhsili bitirdikdən sonra Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı dağ mühəndisi ixtisası üzrə ali təhsil barədə 10 iyun 1987-ci il tarixli, 2694 nömrəli qeydiyyatla, HB № 389516 nömrəli diplom verilmişdir. İşdə olan Tümen Sənaye Universiteti tərəfindən verilmiş НВ seriyalı, 389516 nömrəli, xx.xx.1987-ci il tarixli, 2694 qeydiyyat nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Tümen Sənaye Universitetində neft qaz sənayesi faktultəsinə daxil olmuş, 1987-ci ildə həmin fakultənin “Nəft və qaz yataqları kəşfiyyatının texnologiyası və kompleks mexanizasiyası” ixtisası üzrə bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 134 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 24 avqust 1976-cı il tarixində 302 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 21 aprel 1977-ci il tarixində 141 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 30 avqust 1979-cu il tarixində 346 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 07 may 1982-ci il tarixində 282 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft-texniki” ixtisas dərəcəsi və DT-İ № 785232 saylı fərqlənmə diplomu verilmişdir. İşdə olan Bakı Neft Texnikumu tərəfindən verilmiş DT-İ № 785232 saylı fərqlənmə diplomunun surətindən görünür ki, İddiaçı 1976-cı ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1982-ci il tarixdə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft-texniki” ixtisası verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 535 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş pensiya işinə baxış keçirilərkən pensiya işində ümumiyyətlə iddiaçının təhsil müddətinin sığorta stajına daxil edilərək yenidən hesablanması barədə qərar aşkar edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” 09 dekabr 2020-ci il tarixli, **********0 nömrəli, xx.xx.2021-ci il tarixli, **********9 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubları almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində (sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun təhsil aldğı müddətin iş stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddia tələbinin keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Leninskiy Komsomol adına Tümen Sənaye Universitetində təhsil aldığı və Bakı Neft Texnikumunda təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8860/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8860/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver