Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8861/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X1rşı adın və doğumun qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, 13.06.2021-ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və uşağına «Muhammad» adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 15.10.2019-cu il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 13.06.2021-ci il tarixdə övladı doğulmuşdur. Doğumun qeydə alınması və uşağına «Muhammad» adının verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyə göstərən Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin həmin Qeydiyyat şöbəsi müraciətinə 05 iyul 2021-ci il tarixli məktubla cavab verərək uşağın doğumunun qeydə alınmasından və ona «Muhammad» adının verilməsindən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Bu isə onun və övladının hüquqlarının pozulmasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X6 məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuşdur. - 3 saylı Bakı “ASAN Xidmət” X11 tərəfindən verilmiş AZ-İİ 364510 №-li, 15.10.2019cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 15.10.2019-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 23.07.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı, 26.03.2010-cu il təvəllüdlü X16, 17.09.1976-cı il təvəllüdlü X12, 29.08.1964-cu il təvəllüdlü X9 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı “X4-Bakı” MMC tərəfindən tərtib olunmuş 17.06.2021-ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, anası X8, atası İddiaçı olan oğlan uşağı 13.06.2021-ci ildə Bakı şəhərində doğulmuşdur. - X8 tərəfindən notarial qaydada təsdiq edilərək məhkəməyə ünvanlanmış ərizədən görünür ki, tələbləlik illərinin sınağından keçirtdiyi, dünyaya baxışı, əxlaqı və problemlərə pozitiv yanaşma tərzi ilə seçilən 4 illik tələbə yoldaşını özünə həyat yoldaşı seçmişdir. Hər ikisi həsrətlə gözlədikləri bir oğlan övladları dünyaya gəldi. Yoldaşı ilə baxışlarında hədsiz oxşarlıq olduğundan övladlarına adını seçilməsində də istəkləri üst-üstə düşmüşdür. Doğulduğu gündən hər ikisinin arzu və istəyindən irəli gələrək övladlarını “Muhammad” adı ilə çağırırlar. Lakin buna baxmayaraq bu adın rəsmiləşdirilməsi üçün aidiyyatı qeydiyyat şöbələrinə müraciət etsələr də istəklərinə müsbət cavab verilməmişdir. Səbəb isə “Muhammad” adının Azərbaycan dilinə uyğun olmadığıdır. Oxuduğu və bildiyi dövlətin bütün qanunları ailənin möhkəm təməlinə və onun üzvlərinin rifahına xidmət etdiyinin şahidi olmuşdur. Yuxarıda qeyd olunanları və bir gənc ana kimi bu istəyində israrlı olduğunu nəzərə almağı, ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/a967/15 №-li, 05.07.2021-ci il tarixli məktubdan görünür ki, 13.06.2021-ci il tarixdə doğulmuş uşağının doğumun qeydə alınması və uşağa “Muhammad” adının verilməsi barədə şöbəyə daxil olmuş 05.07.2021ci il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının 30.09.2002-ci il tarixli “Dövlət dili haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Odur ki, doğum qeydə alınarkən uşağın adının “Muhammad’’ yazılması imkanları xaricindədir. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 2279-05/15 №-li, 13.07.2021-ci il tarixli məktubdan görünür ki, 13.06.2021-ci il tarixində doğulmuş nəvəsinin adının Vəliyev “Muhammad” Ümid oğlu qeyd edilməsi barədə 13.07.2021-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikasının 30.09.2002-ci il tarixli “Dövlət dili haqqında “ Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Eyni zamanda bildirilir ki, son nəşr olunmuş 2016-cı ilin Azərbaycan dilində şəxs adlarının izahlı lügətində tövsiyyə olunan adlar siyahısında qeyd olunan ad “Məhəmməd “ yazılmışdır. Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti Terminologiya Komissiyasının və AMEA X5 Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Onun seçdiyi ad Azərbaycan Respublikasının dövlət dilinə uyğun olmadığına görə ərizəsini təmin etmək imkanları xaricindədir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı və X8 qızının birgə nikahından 13.06.2021-ci ildə oğlan uşağı anadan olmuşdur. İddiaçı uşağının doğumunun qeydə alınması və ona «Muhammad» adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh “«Muhammad» adının Azərbaycan dilinin orfoqrafık qaydalarına uyğun olmadığından müraciətin təmin edilməsinin imkan xaricində olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. - 3.4-cü maddəsinə əsasən insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. - 3.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün ... məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. - 54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. “Azərbycan Respublikasında Dövlət dili haqqında” Qanunun Preambulasına əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. - 1.2-ci bəndinə əsasən Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur. - 2.1.10.-cu və 2.1.11-ci bəndlərinə əsaəsn müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mentzen Latviyaya qarşı” iş üzrə qərarındakı hüquqi mövqeyinə görə, "Mentzen" soyadının "Mencena" olaraq köçürülməsi zamanı Latviya orqanları bir tərəfdən soyadın yazılı formasını uyğunlaşdırmaq, digər tərəfdən isə adın tələffüzünü Latviya qrammatikasının xüsusiyyətlərinə uyğunlaşdırmaq məqsədi daşıyan xarici mənşəli soyadların və adların istifadəsini tənzimləyən qanuni və tənzimləyici müddəaları tətbiq etdilər. Nəticə etibarilə, Məhkəmə, iddianın adın məcburi dəyişdirilməsi deyil, adın istifadəsinin tənzimlənməsinə aid olduğunu düşünür. Məhkəmə qərarda qeyd etmişdir ki, ərizəçinin soyadını pasportuna daxil edərkən Latviya səlahiyyətliləri “tz” affrikativ samitini “c” kimi köçürmüş və adı fleksional sonluqla vermişlər. Məhkəmə bu iki dəyişikliyin ayrı-ayrılıqda araşdırılmasını vacib hesab etməmiş, sadəcə qeyd etmişdir ki, uyğunlaşdırılmış yazılı forma (“Mencena”) ilə orijinal yazılı forma (“Mentzen”) arasındakı görmə fərqi adi müşahidəçiyə həmin soyadların eyni soyad olubolmadığını şübhə altına almağa imkan verir. Ərizəçi izah etdi ki, onunla əlaqəli bəzi rəsmi sənədlərdə, xüsusən də Alman qurumları tərəfindən verilmiş olan sənədlərdə onun soyadının orijinal versiyası var, buna görə bəzən həm Latviyada, həm də xaricdə olduğu zaman şəxsiyyəti və iki yazılı formanın mövcudluğu onun sosial və peşə həyatında problemlərə və narahatçılığa səbəb ola bilər. Bununla əlaqədar olaraq, Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi həyata hörmət etmək hüququnun digər insanlarla münasibətlərdən istifadə etmək və normal bir ictimai həyat sürmək hüququnu da əhatə etdiyini təkrarlayır (bax: yuxarıda göstərilən Burghartz, s. 28 , § 24, və NiemietzAlmaniyaya qarşı, 16 dekabr 1992-ci il tarixli qərar, Seri A No. 251-B, s. 33-34, § 29). Yuxarıda qeyd edildiyi kimi, “Mentzen” və “Mencena” arasındakı yazılı formalar arasındakı fərq, iki versiyanın bərabərliyinə şübhə doğuracaq qədər böyükdür. Nəticə etibarilə, ərizəçi və əri soyadlarının fərqli yazılı formalarını ehtiva edən müvafiq pasportlarından istifadə etdikdə, bir ailə vahidləri kimi müəyyənləşdirilməsi müəyyən vəziyyətlərdə çətinləşə bilər. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Məhkəmə qeyd edir ki, şəxslərin seçdiyi xarici mənşəli adın və ya soyadın Azərbaycan dilinin lüğət tərkibindəki forması həmin adın orijinal variantından hədsiz fərqlənmirsə, dövlət orqanları tərəfindən həmin adın və ya soyadın Azərbaycan dilindəki formasının qoyulması məqsədəuyğun hesab edilə bilər. Nəzərə alınmalıdır ki, bir dövlətin səlahiyyətli orqanları fərqli bir yazı forması istifadə edən bir ölkədən bir şəxsin adını köçürmək məcburiyyəti qarşısında olduqda əlifbalar arasındakı fərq transliterasiyanı zəruri edə bilər. Adı daşıyan şəxsin ev sahibliyi etdiyi ölkənin bütün sosial münasibətlərinə inteqrasiyasını davam etdirərkən eyni tərcüməni tətbiq etmək üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bununla birlikdə, ən geniş yayılmış metod fonetik transkripsiyadır. Onun məqsədi adın tələffüzünü mümkün qədər onun orijinal formasına uyğunlaşdırmaqdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 23.04.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, “Məhəmməd” adının onomastik adlar sistemində iki forması – “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış formasıdır. Digər formalarda “Muhammed”, “Mühəmməd”, “Mohammad” formaları Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (səh. 825) orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir. Hazırkı işdə isə «Muhammad» adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq yoxdur. Artıq məlum olduğu kimi «Muhammad» adının qoyulmasından imtina edilməsi Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır ki, dilin milli köklərinin və orfoqrafik qaydalarının qorunması da birbaşa olaraq dövlət təhlükəsizliyi mənafeləri ilə bağlıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının övladına «Muhammad» adının qoyulmasından imtina edilməklə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılsa da, bu məhdudlaşdırma qanuni məqsədə yönəlmişdir. Eyni zamanda, iddiaçının övladına qoymaq istədiyi «Muhammad» adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq olmadığından cavabdehin imtinası qanuni məqsədə yönəlməklə yanaşı, həm də həmin məqsədə mütənasibdir. Beləliklə, iddiaçının övladına «Muhammad» adının qoyulmasından imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü bəndinə uyğundur və bu zaman iddiaçının hər hansı bir konstitusion hüququnun pozulmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olduğundan iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8861/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8861/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver