Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8861/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və tutulmuş pensiyasın geri qaytarılaraq pensiyanın əvvəlki məbləğinin bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutmalara son qoyulması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında “Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, tutulmuş pensiyasın geri qaytarılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, netf sənayesində üzün müddət əvvəlcə qazmaççı köməkçisi, sonra isə qamaçı işləməklə xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə pensiyaya çıxmışdır. 2021-ci ilin sentyabr ayında pensiyanın 20% kəsildiyindən cavabdehə şikayət ərizəsi yazmaqla pensiyanın tam ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanmış 19 noyabr 2021-ci il tarixli **********1 saylı məktubda aparılmış audit yoxlaması zamanı ona xx.xx.2009 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaitinin ödənildiyini müəyyən edildiyini bildirmişlər. İddiaçı fikirləşdi ki, dövlət orqanıdır, yəqin həqiqətən də ola bilsin ki, artıq pul ödənilmişdir, ona görə də həmin pulun ondan tutulması barədə yazılı razılıq ərizəsi verdi. Cavabdeh tərəfindən yenidən ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-1- 74697/2024 saylı məktub ünvanlanmış, həmin məktubda 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixdə pensiya təyin olunmalı olduğu halda 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixdə pensiya təyin olduğunu qeyd etməklə yenidən pensiyanın azaldılacağını bildirməklə ondan razılıq ərizəsini almağa çalışmışlar. İddiaçı cavabdehin hərəkətlərini tamamilə qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Görünüdüyü kimi cavabdeh tərəfindən ona ödənilən pensiyanın kəsilməsi üçün heç bir qanuni əsas yoxdur, bu maddi hüquq normalarının və Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə tamamilə ziddir.
4. Cavabdehin iddiaçıya ünvanladığı “inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Fililala dəvət haqqında” xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququnuza yenidən baxılması zamanı sizə artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Belə ki, sizə vaxtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2009cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi və müvafiq alt sistemdə mövcud olan məlumatlara əsasən qeydiyyat ünvanınız Qaradağ rayonu olduğu halda, sizə pensiyanın vaxtilə Fondun Səbail rayon şöbəsi tərəfindən təyin olunduğu aşkar olunub. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 17 aprel 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.”
5. Cavabdeh tərəfindən maraqlı şəxsin (iddiaçının) imzası olmadan tərtib edilən xx.xx.2024cü il tarixli aktda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-74697/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə araşdırma zamanı, vaxtilə 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən təyin edilməsi və müvafiq alt sistemdə mövcud olan məlumatlara əsasən qeydiyyat ünvanı Qaradağ rayonu olduğu halda, pensiya vaxtilə Fondun səbail rayon şöbəsi tərəfindən təyin olunduğu barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur.
6. Cavabdehin iddiaçıya ünvanladığı “pensiya məbləğindən tutulma haqqında” xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış audit araşdırmaları zamanı sizə adıçəkilən şöbə tərəfindən heç bir əsas olmadan xx.xx.2009 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 34927,89 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd edilən artıq ödənilmiş vəsait “X2 Alt Sistemi”ndə 30 avqust 2021-ci il tarixdə **********8 nömrə ilə qeydiyyata alınmış pensiyanızdan tutulmanın aparılması ilə bağlı yazılı razılıq ərizənizə əsasən qanunvericiliyin tələblərinə uyğun qaydada xx.xx.2021-ci il tarixindən hər ay əmək pensiyanızdan (3411,10 manat) 20 faiz miqdarında (682,22 manat) tutularaq büdcəyə bərpa edilir.”
7. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı “əmək pensiyasından tutulma ilə bağlı” xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Audit araşdırması nəticəsində sizə artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir. 01 sentyabr 2021-ci il tarixindən etibarən 24 avqust 2021-ci il tarixli ərizənizə əsasən hər ay 682,22 manat məbləğində tutulur.”
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Qanunun xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1- ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçının Mərkəzi Filialda mövcud olan şəxsiyyət vəsiqənin surətinin düzgünlüyündə əsaslı şübhələr yaranmışdır. Belə ki, 27 iyul 2009-cu il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Səbail rayon şöbəsinə müraciət edərkən təqdim etdiyi AZE № 00029542 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri İstiqlaliyyət küçəsi, ev 45, mənzil 19 olduğu, vəsiqəni verən orqanın adı Bakı-Səbail RPİ, ailə vəziyyəti subay, vəsiqənin verilmə tarixi xx.xx.2005-ci il olduğu və qan qrupu A(İ)RH+ göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Lökbatan qəsəbəsi, keçid 1594, ev 36, mənzil 38, vəsiqəni verən orqanın adı Qaradağ RPİ QvŞV şöbəsi, ailə vəziyyətinin evli, vəsiqənin verilmə tarixi xx.xx.2001-ci il və qan qrupunun ll(+) olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçının şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzasının fərqli olduğu, aşkar edilib. Bundan başqa, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajına 28 il 8 ay 23 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,92 manat (28,73 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 55,56 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006 - xx.xx.2011ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21823,20 manat sığorta kapitalına uyğun 151,55 manat (21823,20:144) və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 292,11 manat (55,56+151,55+85,00) (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 331,35 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq ona xx.xx.2009-cu il tarixinə 1414,67 manat (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 1705,52 manat)) məbləğində əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda araşdırma zamanı, xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15811,12 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 15811,12 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 104 aya (144 ay - 40 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 152,03 manat (15811,12:104) həmin tarixə qanuni əmək pensiyasının (331,35 manat) üzərinə əlavə edilərək 483,38 manat (331,35+152,03) (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 596,60 manat)) iddiaçıya ödənilməli olduğu halda, düzgün olmayan əmək pensiyasının (1705,52 manat) 2004,62 manata (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 2502,53 manat)) artırılaraq iddiaçıya ödənilib. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7336,59 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7336,59 manat sığorta kapitalına Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 138 aya (63 il 6 ay - 58 il 5 ay=61 ay+(144 ay67 ay)) bölünməklə 53,16 manat (7336,59/138) qanuni əmək pensiyasının (596,60 manat) üzərinə əlavə edilərək 649,76 manat (596,60+53,16) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1167,73 manat)) iddiaçıya ödənilməli olduğu halda, düzgün olmayan 2502,53 manat məbləğində əmək pensiyasının 2549,61 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 4519,91 manat)) artırılaraq iddiaçıya ödənilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 366241,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 366241,73 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 116,77 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Həmçinin iddiaçının iştirakı ilə 22 aprel 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə iddiaçıya ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1167,73 manat təşkil edir.
9. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Səbail rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli qərarına əsasən xx.xx.2009-cu il tarixindən ömürlük pensiya təyin edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 3-17-1/3- 3-5471/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 4519,91 manat və yenidən hesablama nəticəsində (inventar (artıqvermə) 50-dən 52-yə çəkilmə 6 illikdə ünvanı saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə təyinat aparılması səbəbi ilə, xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr tam tutulmalı) 1167,73 manat məbləğində müəyyən olunmuşdur.
11. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
12. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddanın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və onun nəticələrinin aradan qaldırılması, yenidən hesablama qərarı ilə tutulmuş məbləğin geri qaytarılmasıdır.
14. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/3-3-5471/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 4519,91 manat və yenidən hesablama nəticəsində (inventar (artıqvermə) 50-dən 52-yə çəkilmə 6 illikdə ünvanı saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə təyinat aparılması səbəbi ilə, xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr tam tutulmalı) 1167,73 manat məbləğində müəyyən olunmuşdur.
15. İddianın növü mübahisələndirmə növündə iddiadır.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.
19. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.
20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.
21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.
22. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.
23. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.
24. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
25. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir.
26. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi.
27. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur.
28. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir.
29. Belə ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə təyin edilmiş pensiyanın məbləği məhz orta əmək haqqına istinadla hesablanır.
30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
31. Hazırda mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır.
32. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir.
33. Məhkəmə qeyd edilən mövqeni qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı.
34. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir.
35. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı).
36. xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Məsələn, son dövrlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı da həmin təcrübəyə əsaslanaraq şəxsə 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli olduğu qənaətinə gəlmişdir.
37. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur.
38. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarları).
39. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadı, 40-cı bənd).
40. Məhkəmə hesab edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır.
41. Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir.
42. “İnzibati icraat haqqında” Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
43. Məhkəmə hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: -inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: i) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ii) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; iii) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (i)və (ii) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (iii) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur.
44. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir.
45. Yenidən hesablamanın aparılması de fakto yüksək məbləğdə pensiya təyin olunması ilə bağlıdır və təyin olunmuş pensiya məbləği iddiaçının mülkiyyətidir (iddiaçı artıq 14 ildir həmin hesablama əsasında pensiya alır) və yenidən hesablama həmin mülkiyyətə müdaxilədir. Həmin müdaxilənin isə qanuni əsası yoxdur. Belə ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır.
46. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz.
47. Məhkəmə hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz.
48. Etirazda da qeyd olunduğu kimi iddiaçının əmək pensiyası yenidən hesablanaraq aşağı məbəğdə təyin olunması ilə yanaşı iddiaçıya xx.xx.2009-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 366241,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 366241,73 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 116,77 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Həmçinin iddiaçının iştirakı ilə 22 aprel 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə iddiaçıya ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib edilmişdir.
49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
50. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
51. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.
52. İddiaçının əmək pensiyasından tutulma ” 3-17-1/3-3-5471/2024 nömrəli xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının 13-cü bəndindəki qeydinə müvafiq olaraq xx.xx.2011-xx.xx.2024-cü illəri əhatə edən dövrə şamil edilməklə 116,77 manat təşkil edib və həmin məbləğ 51.01 manat olmaqla bir ay ərzində iddiaçıdan tutulub.
53. Əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır, həmin aparılmış tutulma qanunsuz hesab edilməli və tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır.
54. Beləliklə iddia təmin edilməli, əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/3-3-5471/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, tutulmuş pensiyasın geri qaytarılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləği bərpa edilməlidir.
55. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
56. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-5471/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva