Məhkəmə qərarları › İş №2-1(112)-8867/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8867/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8867/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı protokolların və cərimənin ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin ona məxsus olan **-BT-*** saylı avtomobilinə tərtib etdiyi hər bir protokol üzrə 20 manat cərimə təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli, BNA1967354, xx.xx.2022-ci il tarixli, BNA2022849, xx.xx.2022-ci il tarixli, BNA2111315, xx.xx.2022-ci il tarixli BNA2186684 və xx.xx.2022-ci il tarixli BNA2216938 , xx.xx.2022-cı il tarixli EQ9656641, xx.xx.2022-ci il tarixli EQ9812500 və 09.05 2022-ci il tarixli BNA2180933 saylı protokolların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı Nəqliyyat Agentliyinin 06 may 2022-ci il tarixli, 07-06997/C-06456 saylı cavab məktubunun qanunsuz və əsassız hesab edilməsi, ona məxsus olan **-BT-*** saylı avtomobilə BNA tərəfindən tərtib edilmiş, hər bir protokol üzrə 20 manat cərimə təyin edilməsi barədə xx.xx.2021-ci il, BNA 1967354, xx.xx.2022-ci il, BNA2022849, xx.xx.2022-ci il, BNA2111315, xx.xx.2022-ci il, BNA2186684, xx.xx.2022-ci il, BNA2216938, xx.xx.2022-ci il, EQ9656641, xx.xx.2022-ci il, EQ9812500 və xx.xx.2022-ci il BNA2180933 saylı protokolların və bu protokollar əsasında ona təyin edilmiş cərimələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə ehtiyacı ilə əlaqədar olaraq ona məxsus olan **-BT-*** nömrəli, “Mersedes BENZ GL-300” markalı avtomobil zərurət olanda, yəni evinə bazarlıq edəndə onu evə vermək üçün, xəstə olduqda onu həkimə aparmaq üçün və digər zəruri hallarda evinin qarşısında Dilarə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişdiyi yerdə, Azadlıq pr.18 saylı binanın qarşısında saxlamalı olur. Belə hallarda isə evinin qarşısında quraşdırılmış elektron kamera tərəfindən həmin avtomobilin şəkilləri çəkilərək cəriməyə məruz qalır. Məhz belə vəziyyətdə onun avtomobilinin fotosu BNA tərəfindən xx.xx.2021-ci il, 13.01 2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə həmin kamera tərəfindən evinin qarşısında çəkilərək ona hər bir protokol üzrə 20 manat cərimələr təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli BNA1967354, xx.xx.2022-ci il tarixli BNA2022849, xx.xx.2022-ci il tarixli BNA2111315, xx.xx.2022-ci il tarixli BNA2186684 və xx.xx.2022-ci il tarixli BNA2216938 saylı protokollar tərtib edilmişdir. Eləcə də Asan Pay tərəfindən ona SMS-lə elektron məlumat daxil olmuşdur ki, onun həmin nömrəli avtomobilinə EQ9656641 saylı protokol tərtib olunmuş və 20 manat cərimə edilməsi barədə həmin protokol 23 aprel 2022-ci il tarixdə qüvvəyə minmişdir, habelə 09 may 2022-ci il tarixdə yenə məlumat daxil olmuşdur ki, EQ ******* saylı protokolla 20 manat cərimə edilməyi barədə sənəd 09 may 2022-ci il tarixdən etibarən qüvvəyə minmişdir. Həmçinin 11 may 2022-ci il tarixdə daxil olmuş SMS-də BNA2180933 saylı protokol üzrə xx.xx.2022-ci il tarixdən dəbbə hesablanmasına dair məlumat verilmişdir. “Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə əsasən nizamlanma vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiynində, yol çiyni olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Bakı Nəqliyyat Agentliyinin yuxarıda göstərdiyi protokolları tamamilə qanunsuz və əsassız olmaqla aşağıdakılara əsasən ləğv edilməlidir. Belə ki, ona məxsus olan həmin avtomobili yaşadığı evin qarşısında, yolun kənarında, heç bir kənar hərəkətə mane olmadan, ailə ehtiyacı üçün zəruri olan işlərin görülməsi məqsədilə saxlamışdı. Lakin evin yaxınlığında fəaliyyət göstərən kafenin qarşısında quraşdırılmış elektron qurğu avtomobilin fotoşəkllərini çəkmiş və BNA-da heç bır araşdırma aparmadan, dərhal bu fotoşəkil əsasında, avtomobilinin evinin qarşısında saxlanmasını qanunsuz hesab edərək cəriməyə yönəltmişdir. Ona məxsus olan avtomobilin Diarə Əliyeva küçəsində göstərdiyi yerdə dayanarkən cəriməyə məruz qalmaması üçün müvafiq tədbir görülməsi üçün BNA-ya ərizə ilə müraciət etmiş, lakin bir aydan artıq müddətdir ki, mənə heç bir cavab verilməmişdir. Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişdiyi yerdə, yuxarıda göstərdiyi ünvanda uzun müddətdir ki, ailəsi ilə birlikdə yaşayır. Pasport qeydiyyatı həmin ünvanadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək cərimə tətbiq edilmişdir. Hazırda iddiaçı həmin protokolları və onların əsasında tətbiq edilmiş cəriməni inzibati icraat qaydasında mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. - 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. - 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). - 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisəyə aid olduğundan, inzibati icraat qaydasında baxılmalı olan işlərin tətbiq dairəsi inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığından mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar