Məhkəmə qərarları › İş №2-1(112)-8867/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8867/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8867/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qəbul edilmiş **********650400 saylı qərarın dəyişdirilərək xx.xx.2023-cü il tarixdə etmiş olduğu müraciəti əsasında ona geri qaytarılmalı olan ƏDV-nin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdehin dəyişdirilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi kimi nəzərə alınmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, iddiadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələblərinə əsasən imtina etdiyindən ərizəsinin nəzərə alınaraq icraatda olan 2-1(112)-8867/2023 saylı inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddianın əsası olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə MİDA - 143/21/001 nömrəli Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsini bağlayaraq ünvan 1 ünvanında yerləşən almış olduğu mənzil ilə bağlı edilmiş ödənişdən ona geri qaytarılmalı olan ƏDV artıq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi xx.xx.2021-ci il tarixdə bağlanmış MİDA - 143/21/001 nömrəli Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında yerləşən mənzilə görə etdiyi ödənişdən əlavə dəyər vergisinin geri qaytarılması olmuşdur. İddiaçının iddiadan imtina edilməsi haqqında ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən ödənilməsini tələb etdiyi ƏDV məbləği qaytarıldığından iddiadan imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İnzibati prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsinin yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra cavabdehin razılığı olmadan yolverilməz olması ilə məhdudlaşdırmışdır ki, hazırkı işdə bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər, hazırlıq icraatı zamanı iddiadan imtina etmişdir. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55 və 83.3.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” barədə iddiasından imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar