Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-887/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 2021 kv.m ibarət olan torpaq sahəsinin və orada yerləşən evin mövcud layihə əsasında İddiaçı adına mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər (layihə, mütəxəssis rəyi, sərəncam) onun mübahisə predmetini təşkil edən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün kifayət qədər mötəbər sənəddir. İddiaçı müvafiq olaraq bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında idiaçının adı aşkar olunmamışdır. Həmçinin iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə müvafiq ünvanda yerləşən daşınmaz əmlaka idarənin mütəxəssisləri tərəfindən yerli baxışın keçirilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, iddiaçının hazırki iddia tələbi iki hissədən ibarətdir:
1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması;
2. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasıdır. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi uzun illərdir ki onun qanuni istifadəsindədir. İddiaçı iddia olunan torpaq sahəsinə münasibətdə hüquqların yarandığını iddia etsə də, həmin torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda səciyyələnmiş sənədlərdən birinin olmasını şərtləndirmişdir: İcarə müqavilələri Sərəncamlar Orderlər Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Hazırki işdən isə görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən torpaq sahəsinin (iddia olunan) iddiaçıya ayrılmasını təsdiq edən nə üzvlük kitabçası, nə üzvlərin iclasının protokolu, nədəki kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı aşkar olunmamışdır. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçı X1 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli “Torpaq sahəsinin ayrılması” ilə bağlı sərəncamını təqdim etsə də, həmin sərəncam torpaq sahəsinin məhz iddiaçıya ayrılmasını təsdiq edən sənəd deyildir. Çünki həmin sərəncam ümumi olaraq müxtəlif müəssisələrin müraciətləri əsasında torpaq sahələrinin ayrılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı iddia olunan torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici sənədə malik olmamışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının yaranmasını torpaq sahəsinin uzun illər ərzində onun istifadəsində olması ilə əsaslandırır. Eyni zamanda Məhkəmə qeyd edir ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmədiyindən, hüquqmüəyyənedici sənədlər mövcud olmadan torpaq sahəsinin uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhadə olunmadığından cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibət bildirir. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən torpaq (bağ) sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır və bu halı onunla əsaslandırır ki, həmin fərdi yaşayış evinə dair eskiz layihəsi tərtib olunmuş, fərdi yaşayış evinin inşası həmin eskiz layihəyə uyğun həyata keçirilmişdir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda da qeyd olunduğu kimi fərdi yaşayış evinin xx.xx.2013-cü ildən əvvəl və ya sonra tikilməsindən asılı olmayaraq, yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri hüquqmüəyyənedici sənədlərdən biri qismində torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd çıxış edir. Lakin, iddiaçı mülkiyyət hüquqlarını reallaşdırmaq istədiyi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici sənədə (üç hüquqdan birini təsdiq edən sənəd: mülkiyyət, istifadə, icarə) malik deyildir. İddiaçının torpaq sahəsinə münasibətdə təqdim etdiyi yeganə dəlil isə X1 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli “Torpaq sahəsinin ayrılması” ilə bağlı sərəncamdır ki, bu sənəd yuxarda da qeyd olunduğu kimi hazırki mübahisə üzrə şəxsin mülkiyyət, istifadə və ya icarə hüquqlarının mövcudluğunu sübut etmir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının fərdi yaşayış evinə münasibətdə təqdim etmiş olduğu eskiz layihəsi də hüquqmüəyyənedici sənəd hesab olunmur. Belə ki, qanunvericilik yaşayış sahəsinə münasibətdə təkcə eskiz layihəsinin mövcudluğunu deyil, həmin eskiz layihənin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmasını nəzərdə tutmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş eskiz layihəsindən isə görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən torpaq (bağ) sahəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş eskiz layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, iddiaçının həm torpaq (bağ), həmçinin də həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov