Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-887/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 93 saylı binanın, 24 saylı mənzilinə dair yerində aparılacaq ölçüyə uyğun olaraq mənzilin 5 otaqdan ibarət olmaqla ümumi sahəsinin 128,32 kv.m, yaşayış sahəsinin 61,4 kv.m olması göstərilməklə texniki pasportunun tərtib edilməsi üçün cavabdehə etdiyi müraciət sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcud olması əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 93 saylı binanın, 24 saylı mənzilinə dair yerində aparılacaq ölçüyə uyğun olaraq mənzilin 5 otaqdan ibarət olmaqla ümumi sahəsinin 128,32 kv.m, yaşayış sahəsinin 61,4 kv.m olması göstərilməklə texniki pasportunun tərtib edilib verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və iddiaçının vəkili xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 93 saylı binanın, 24 saylı mənzilinə dair qanuni qüvvədə olan məhkəmə qərarlarına və ekspert reyinə uyğun olaraq mənzilin yaşayış sahəsinin 82,6 kv.m, 5 otaqdan, köməkçi sahələrin 42,7 kv.m, ümumi sahəsinin 125,3 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair müvafiq çıxarışın və texniki pasportun tərtib edilib verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 93 saylı binanın, 24 saylı mənzili iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən alındıqdan sonra mənzilə dair mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyesterində Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydə alınaraq Seriya MH №072651 saylı Qeydiyyat Vəsqiəsi verilmişdir. X2 mülkiyyətdə olan mənzilin yaşayış sahəsi və ümumi sahəsi göstərilməyib və həmçinin mənzilə dair Texniki Pasport da tərtib edilib verilməmişdir. Qeydiyyatla bağlı xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, mənzil dövlət reyestrindən yaşayış sahəsi 61,4 kv.m, ümumi sahəsi 117,2 kv.m qeydiyyatdan keçməsinə baxmayaraq mənzilə bitişik əlavə sahə inşa edilmiş və faktiki olaraq mənzilin yaşayış sahəsi 95,9 kv.m, ümumi sahə 127,3 kv.m təşkil edir, belə ki, mənzilin dövlət reyesterində qeydiyyatdan keçən sahəsi ilə, faktiki istifadə olunan sahə arasında fərq mövcuddur. Belə ki, sözügedən əlavə sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, ərizəyə əlavə edilmiş məhkəmə qətnamələri idarəyə rəsmi daxil olmamışdır və məhkəmə qətnamələri ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Cavabdeh inzibati orqanın həmin cavabı ilə mənzilin ümumi sahəsi faktiki sahədən az fərqlə müəyyən edilmişdir. Cavab məktubunda qeyd edilən məhkəmə qətnamələri ilə bağlı bildirilmişdir ki, həmin məhkəmə qətnaməsi ilə Ərazi İdarəsinin məktubunda göstərilən “əlavə sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir” məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2-445/2001 nömrəli iş üzrə 2 mart 2001-ci il tarixli qətnaməsi ilə ekspert rəyinə əsasən İddiaçı, X4 və X3ma qarşı ümumi dəhlizdən yaşayış sahəsinə giriş-çıxış yolunun müəyyən olunmasına dair iddiası təmin olunmuş, Bakı şəhəri. Nizami küçəsindəki 93 saylı evin 24 saylı mənzilindəki sahəsi 22,9 kv.m olan ümumi dəhlizdə yardımçı tikililər sökülmədən, mübahisəli mənzilin 3 və 5 saylı tikililər arasındaki divardan 2,9 m məsafədən, həmin divara paralel olaraq 3,9 m uzunluğunda, 4,2 m hündürlüyündə və 0,1 m qalınlığında arakəsmə hörülməsi, sahəsi 11,3 kv.m olan və 7 saylı yardımçı tikililərlə əlaqəli birləşən birinci hissə cavabdeh X.Rəhimovun və onun ailə üzvlərinin, sahəsi 11,2 kv.m olan və 8 saylı yaşayış otağına əlaqəli birləşən 2-ci hissə İddiaçı və ailə üzvlərinin istifadəsinə verilməsi və həmin hissədən əsas pilləkən qəfəsəsinə giriş-çıxış qapısının açılması qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-390/2002 saylı, 13 mart 2002-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılmış və qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qətnamələri bir neçə dəfə rəsmi qaydada tərəfindən ərizəyə əlavə edilərək cavabdehə təqdim edilsə də, həmin məhkəmə qərarları ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamasma istinadən icra edilməmişdir. Yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli cavab məktubundan əvvəl də müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda da göstərilir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktlarının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə aidiyyatı yoxdur və idarə üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Halbuki,həmin məhkəmə qətnaməsi nəzərə alınmış olsaydı hazırki məhkəmə mübahisəsi yaranmaya bilərdi. Belə ki, eyni məsələ ilə bağlı müraciətinə cavab olaraq cavabdeh tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilir ki, “arxiv sənədlərinə əsasən” sözügedən mənzil 5 otaqlı, yaşayış sahəsi 61,4 kv.m. ümumi sahəsi 117,12 kv.m., faktiki isə 6 otaq, yaşayış sahəsi 95,9 kv.m. ümumi sahəsi 127,30 kv.m. olduğu müəyyən edilmişdir. Mövcud vəziyyətə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi məqsədəuyğundur. Həmin məktubda otaqların sayı, yaşayış sahəsi və ümumi sahə düzgün göstərilməmişdir. Belə ki, cavabdehə təqdim etdiyi sənədlərlə mənzilin ümumi sahəsinin 128,32 kv.m olması öz təsdiqini tapmaqla cavabdeh tərəfindən mənzilin ümumi sahəsinin 117,12 kv.m olması etiraf edilir və həmin sahəyə dair hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququma dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış verilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcud olduğundan texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********31 saylı və xx.xx.2023-cü il tarixli, **********74 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin daxilində rekonstruksiya işləri aparılaraq digər mənzillərlə birləşdirilmişdir. Mənzilin faktiki ölçüsü 127.3 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 117,12 kv.m. mənzil iddiaçının mülkiyyətindədir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2-445/2001 nömrəli iş üzrə 2 mart 2001-ci il tarixli qətnaməsi ilə, İddiaçı X4 və X3ma qarşı ümumi dəhlizdən yaşayış sahəsinə girişçıxış yolunun müəyyən olunmasına dair iddiası təmin olunmuş, Bakı şəhəri, Nizami küçəsindəki 93 saylı evin 24 saylı mənzilindəki sahəsi 22,9 kv.m olan ümumi dəhlizdə yardımçı tikililər sökülmədən, mübahisəli mənzilin 3 və 5 saylı tikililər arasındaki divardan 2,9 m məsafədən, həmin divara paralel olaraq 3,9 m uzunluğunda, 4,2 m hündürlüyündə və 0,1 m qalınlığında arakəsmə hörülməsi, sahəsi 11,3 kv.m olan və 7 saylı yardımçı tikililərlə əlaqəli birləşən birinci hissə cavabdeh X.Rəhimovun və onun ailə üzvlərinin, sahəsi 11,2 kv.m olan və 8 saylı yaşayış otağına əlaqəli birləşən 2-ci hissə İddiaçı və ailə üzvlərinin istifadəsinə verilməsi və həmin hissədən əsas pilləkən qəfəsəsinə giriş-çıxış qapısının açılması qət edilmişdir. İddiaçı hazırda həmin qətnaməyə istinad edərək əlavə sahələrlə birlikdə, yəni mənzilin yaşayış sahəsinin 82,6 kv.m, 5 otaqdan, köməkçi sahələrin 42,7 kv.m, ümumi sahəsinin 125,3 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair müvafiq çıxarışın və texniki pasportun tərtib edilib verilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan mənzilə birləşdirilmiş əlavə hissələrə onun mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə aktları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri kimi təsbit edilsə də, iddiaçının istinad etdiyi qətnamə onun həmin mübahisə predmeti əlavə hissələrə mülkiyyət hüququnun qeydiyyata alınmasının əsası qismində çıxış edə bilməz. Belə ki, sözügedən qətnamə ümumi istifadədə olan dəhlizdən mənzilə giriş-çıxış qaydalarının müəyyən olunması barədədir. Həmin qətnamə ilə ümumi istifadədə olan sahə iddiaçının mülkiyyətinə verilməmişdir ki, hazırda da həmin qətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydiyyat aparılsın. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat artıq qeyd edildiyi kimi, yuxarıda sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi əlavə sahələr üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-887/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-887/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver