Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-887/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiyasının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 25, 149-cu maddəsinin Vİİ bəndinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolununun 1-ci maddəsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/22- 11246/2024 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, ona 57 yaşdan təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən hesablanaraq 2022-ci ilin yanvarın 1-dək olan minimum pensiya məbləğinə hesabında olan sığorta kapitalı 204 əmsala bölünməklə 2022-ci ilin yanvarın 1dək olan minimum pensiya məbləğinin üstünə gəlməklə; 01 yanvar 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixinədək fərdi hesabında olan sığorta kapitalı 204 əmsalına bölünərək 240 manat məbləğində hesablanmalı müəyyən olunmuş pensiyanın baza hissəsinə isə hesabında qalmış pensiya kapitalı 204 ay əmsalı ilə bölünərək artırılmış pensiyanın baza hissəsinə (240 manatın) üstünə gəlməklə; 29 iyun 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək fərdi hesabında olan sığorta kapitalı 144 ay əmsalı ilə bölünərək 240 manat məbləğində müəyyən olunmuş pensiyanın baza hissəsinin üstünə gəlməklə; 01 fevral 2023-cü il tarixdən isə fərdi hesabda olan sığorta kapitalı 144 ay əmsalına bölünərək 280 manat məbləğində olan pensiyanın baza hissəsinə gəlməklə yenidən hesablanıb ona verilməsini, xx.xx.2018-ci il tarixdən ödənilməmiş pensiyası 2029-cu ildə deyil ən geci 2 il müddətində verilməlidir. Pensiyasının qeyd etdiyi qaydada yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ən qısası 1 il müddətində hesablayıb, ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2018-ci il tarixdən ödənilməmiş pensiyasının 2 il müddətində ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin olunmuşdur. Qərar apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən 2023-cü ilin fevral ayından iddiaçıya güzəştli şərtlərlə 62 yaşdan ayda 718 manat məbləğində pensiya təyin edilmişdir. Lakin yuxarıda qeyd olunan qərar qüvvəyə minəndən sonra ona 57 yaşdan pensiyanın təyin olunması və ona verilən pensiyanın yenidən hesablanaraq 451 manat məbləğində müəyyən edilməsi barədə ona bildiriş gəlmiş, iddiaçı bununla bağlı narazılığını cavabdehə bildirmiş, lakin cavabdeh imtina etmişdir. İddiaçı bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 03 aprel 2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 24 dekabr 2022-ci tarixdən 718,01 manat məbləğində hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 2315,58 manat pul vəsaiti hesablanmışdır. Həmin 2315,58 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Sonradan iddiaçı əmək pensiyasının 57 yaşının tamam olduğu 8 avqust 2018-ci il tarixdən təyin edilərək yenidən hesablanmasının və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişməsi nəticəsində iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli 2-1(102)-1367/2023 qərarı ilə təmin edilərək əmək pensiyasının 8 avqust 2018-ci il tarixdən təyin olunaraq yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ödənilməsi Mərkəzi Filiala həvalə olunmuşdur. Sözügüdən məhkəmə qərarına uyğun olaraq, iddiaçının əmək pensiyası 451,77 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən yenidən hesablanmışdır. Nəticədə keçmiş müddət üçün ödənilməli olan 14415,57 manat pul vəsaiti müəyyən edilmişdir. Həmin 14415,57 manat pul vəsaiti 2023-cü ilin dekabr ayından etibarən hər ay 228,82 manat olmaqla iddiaçının pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. İddiaçının əmək pensiyası həmin tarixdən 451,77 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq pensiya məbləğinin yenidən hesablanması mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdeh onun pensiya məbləğini yenidən hesablayaraq hər ay cüzi məbləğdə hissə-hissə aylıq pensiya məbləğinin üzərinə əlavə edir. Həmin hesablamaya görə ona ödənilməli olan məbləğ 2029-cu ilə qədər ona ödənilib qurtaracaqdır. Lakin, bu ədalətli hesab edilə bilməz. Belə ki, həmin məbləğ hissə-hissə ona ödənilirsə, bu ən uzağı iki il müddətinə həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının hazırkı tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğunu bildirərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hazlrkı iş üzrə iddiaçının cavabdehı qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddiası təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilməsən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1367/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilməsən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin 18 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icrası məqsədilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən yenidən hesablanmışdır. Sonrakı artımlar nəzərə alınaraq hazırda həmin şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 451,77 manat təşkil edir. Həmçinin ona ötən dövr üzrə ödənilməli olan 14415,66 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin 14415,66 manat pensiya məbləği xx.xx.2023xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 228,82 manat olmaqla həmin şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. İPM-ə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (120.1.). Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir (120.2.). Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər (120.3.). Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər (120.4.). Qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 2018-ci ildən etibarən ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi qərara alınmış və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirlmədən saxlanmışdır. Hazırda iddiaçı həmin məbləğin ona ödənilməsi müddətinin qısaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda irəli sürdüyü tələb Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icrası məsələləri ilə bağlıdır. Belə ki, iddiaçı ona ödənilməli olan məbləğin ödənilməsi müddəti ilə razı deyilsə bununla bağlı məhkəmə qərarının icrası məsələlərinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin ərizəyə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına nəzarət proseduru çərçivəsində məhkəmə tərəfindən baxıla bilər. Lakin, iddiaçı bununla bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, qeyd edilən məsələ müstəqil məhkəmə mübahisəsinin predmeti ola bilməz. Göründüyü kimi iddiaçı öz məqsədinə çatmaq üçün düzgün hüquqi müdafiə üsulundan istifadə etməmişdir. İddiaçının tələbi əvvəlcə tamam başqa formada qoyulduğundan məhkəmə tərəfindən iddiaçının hüquqi marağı tam müəyyən edilməmiş, bu isə məhkəmə araşdırmasının uzanmasına səbəb olmuşdur. Məhkəmə araşdırmasının nəticəsi olaraq isə iddiaçının hüquqi marağı müəyyən edilmiş və iddia tələbi buna uyğun dəqiqləşdirilmişdir. Lakin, yuxarıda qeyd edilən məsələlər işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiyasının ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-887/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-887/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver