Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8871/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "əməliyyataxtarış tədbirlərinin dayandırılması və dəymiş zərərin ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əməliyyət-axtarış fəaliyyəti üzrə tədbirlərin dayandırması, iddiaçının mənzilində (evində) quraşdırılmış video, foto, səsyazan vasitələrin çıxarılması, əldə olunmuş məlumatların (səslər, videolar, şəkillər) ləğv edilməsi və məlumatların ötürülməsinın dayandırılması və əməliyyət-axtarış fəaliyyəti nəticəsində iddiaçıya və onun ailəsinə vurulmuş zərərin əvəzi kimi 4.000.000 manatın (dörd milyon) cavabdeh (dövlət) tərəfindən tam şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əməliyyət-axtarış üzrə tədbirlər 2020-ci ildən başlayaraq tətbiq edilir. İstintaq orqanları tərəfindən Azərbaycan Respublikasının qanunlarının tələblərinə cavab verməyən aşağıdakı hərəkətlər görülür: iddiaçının və onun ailə üzvlərinin daimi şəkildə (özlərin şəxsi evlərində, mənzilində, iş yerində, avtobus və ya digər nəqliyyət vasitələrində, yolda) güdülməsi, telefon danışıqlarına və (və ya) evdə aparan söhbətlərə qulaq asılması, iddiaçının telefonunda 164 üçüncü şəxs lisenziyaları əks olunur, səs yazan (texniki) vasitələrinin (video çəkilişi aparan cihazların) şəxsi mülkiyyət hesab edilən ünvan 1 ünvanında yerləşən mənzildə və ailənin digər evlərində quraşdırılması, iddiaçının yaşayış yerinə mütəmadi şəkildə baxışların keçirilməsi. Bu hərəkətlər iddiaçının razılığı olmadan həyata keçirilir, hətta onun bu barədə xəbəri olmamışdır. Cavabdehin (və ya onun nümayəndələrinin) qərarları iddiaçıya təqdim edilməmişdir. Əməliyyət-axtarış fəaliyyətinin səlahiyyəti olmayan şəxslər, o cümlədən, iddiaçının işlədiyi yerlərdə digər işçilər, tanışlar tərəfindən aparılmasını qeyd etmək məqsədəuyğundur. İddiaçı 2022 il aprel-may tarixlərində BM Morrison Partners hüquq şirkətində işləyən digər işçilərin qeyri-adi (şübhəli) hərəkətlərinə, söhbətlərinə fikir vermişdir. Onların gizli şəkildə əldə edilimiş iddiaçının şəxsi həyatı, ailə sirri barədə məlumatı var idi (ofisdə video çəkilişinin aparılması 24/7). Sonuncu iş yerində isə, işəgötürən göndərilməmiş emaillərin məzmunu ilə necəsə tanış olmuşdur və bu barədə öz rəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İddiaçı cavabdeh orqan tərəfindən onun və onun ailə üzvlərinin güdüldüyü, səs yazan (texniki) vasitələrin (video çəkilişi aparan cihazların) köməyilə telefon danışıqlarına və (və ya) evdə aparan söhbətlərə qulaq asıldığını iddia edərək bu cür əməliyyat tədbirlərinin ləğv edilməsini, bununla əlaqədar dəymiş zərərin ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. -445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 445.1.3. texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; 445.1.4. binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; 445.1.5. texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; 445.1.6. insanların güdülməsi. -449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. -449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. -449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, “ilk əvvəl nəzərə alınmalıdır ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Bu Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 122.1 və 449.2-ci maddələri ilə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin ümumi dairəsi müəyyən edilmiş, habelə məhkəməyə şikayət vermək hüququnun subyektləri dairəsinə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər aid olunmuşdur. Odur ki, CPM-in 449.2.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququnun subyektləri sırasına aid olunan «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər»in müəyyənləşdirilməsi məsələsində həm bu Məcəllənin 122.1-ci maddəsinin, həm «Cinayət prosesinin iştirakçıları»na aid olan şəxslərin kimdən ibarət olmasından bəhs edən (CPM-in ikinci bölməsinin) müddəaları, həm də 95.6.12-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, CPM-in 449.2-ci maddəsində göstərilən şəxslər hər bir halda bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərlə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar”. Məhkəmə yuxarıda adıçəkilən normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının əməliyyat axtarış tədbirləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin qərar, hərəkət və ya hərəkətsizliyi “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan 3.2.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyət olmaqla inzibati icraat hesab olunmur. İş üzrə cavabdeh qismində qoyulmuş orqanla iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Bundan əlavə iddia tələbinin ikinci hissəsi- dəymiş ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanuna əsasən bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Qanunun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: (...) -7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndində göstərilmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əməliyyat axtarış tədbirləri nəticəsndə dəymiş ziyanın ödənilməsi ilə bağlı tələb də inzibati məhkəmə icaatının predmetini təşkil etmədiyindən mümkün hesab edilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələbi cinayət prsosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayətprosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-nin 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək, eləcə də birinci tələbdən asılı olan əməliyyat axtarış tədbirləri ilə bağlı vurulmuş zərərin ödənilməsi tələbi üzrə aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "əməliyyataxtarış tədbirlərinin dayandırılması və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8871/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8871/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver