Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8871/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və əvvəlki məbləğin bərpası” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixdə pensiyanın azaldılması barədə qəbul etdiyi inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərarın ləğv ediməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə iş stajı və orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2025ci il tarixdə qəbul etdiyi inzibati akt əsasında pensiya işi qovluğunda olan sənədlər əsasında yenidən yoxlama aparılaraq əmək pensiyanın məbləğinin xx.xx.2008-ci il tarixdən əsassız artırılması qənaətinə gəlinərək pensiyasının məbləği kəskin şəkildə azaldılmışdır. Yenidən hesablama aparılaraq pensiya işi qovluğunda olan məlumatlara əsaslanaraq xx.xx.2006-cı il tarixinədək 26 il 9 ay sığorta stajı hesablanaraq, 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqının 82 faizi əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 268,61 manat müəyyən edilmişdir. Cavabdeh əmək pensiyanın məbləğini indeksləşdirərək xx.xx.2023-cü il tarixdən 327.21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393.33 manata çatdırılması barədə qərar qəbul etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən etmişdir. Narazı qaldığı halda qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət edir. İddiaçı pensiya yaşına çatdıqdan sonra əmək stajı və əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilmiş və müxtəlif illərdə pensiyası artırılaraq, son artırılma 800 manata çadırılmışdır. 2025-ci ilin yanvar ayında 800 manat pensiya almışdır. 2025-ci ilin fevral ayında pensiyası azaldılaraq 393,33 manata endirilmişdir. Cavabdeh təşkilat özünün bildirdiyi kimi 2008-ci ilin yanvar ayının 1-dən 2024-cü ilin 27 dekabr ayına qədər -16 il ərzində artıq hesablamanı görə bilməməyini heç nə ilə əsaslandırmamışdır. Eyni zamanda əsassız artırılmaya əsas olan sənədlər barədə qərarında göstərməmişdir. Hesab edir ki, cavabdehin gəldiyi bu nəticə əsassızdır. Ona görə də pensiyanın azaldılması barədə qərarı ləğv edilməlidir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçıya həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı iddiaçının əmək pensiyasının məbləğinin xx.xx.2008-ci il tarixdə əsassız şəkildə artırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci ol tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçının əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən olunmuşdur. Göstərilən məsələ xx.xx.2024-cü il tarixli pensiyanın yenidən hesablanması haqqında qərarın qeyd hissəsində öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibatı orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibatı icraatın başlanılması üçün əsas hesab olunur. İddiaçının pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək 26 il 9 ay sığorta stajına uyğun olaraq 2004- 2005-ci illər üzrə orta aylıq əməkhaqqınızın 82 faizi əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 268,61 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü ıl tarixdən 327,21 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixdən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393,33 manata çatdırılmışdır.
5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin 152004 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən ömürlük pensiya təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli İNVENTAR saylı qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 811,01 manat və yenidən hesablama nəticəsində (inventarizasiya ilə əlaqədar) 363,86 manat məbləğində müəyyən olunmuşdur. 14.845,47 manat artıqvermə yaranmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablama nəticəsində iddiaçının pensiya məbləği (inventarizasiya ilə əlaqədar) 541,42 manat məbləğində müəyyən olunmuşdur.
8. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarların ləğvi və onların nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
11. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli İNVENTAR saylı qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 811,01 manat və yenidən hesablama nəticəsində (inventarizasiya ilə əlaqədar) 363,86 manat məbləğində müəyyən olunmuşdur.
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
14. Odur ki, iddianın növü mübahisələndirmə növündə iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
17. Cavabdehin dəlillərindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2006-cı il tarixdən iddiaçıya təyin olunmuş və yekunda 811,01 manat məbləğində müəyyən edilmiş yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanaraq iddiaçıya ümumilikdə 14.845,47 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmış və xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona məktub göndərilərək Mərkəzi Filiala dəvət olunsa da, iştirakını təmin etməmişdir, daha sonra əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir.
18. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına uyğundur.
19. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
20. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
21. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.
22. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
23. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.
24. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
25. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
26. İddiaçının pensiya işindən müəyyən edilir ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyası təyin etmiş, bundan sonra inzibati orqan iddiaçını icraata cəlb etməyərək iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul etmiş, pensiya məbləğini xx.xx.2022-ci il tarixdən 268,61 manat, xx.xx.2023-cü il tarixdən 327,21 manat, xx.xx.2024-cü il tarixdən 363,86 manat, xx.xx.2025-ci il tarixdən 363,86 manat müəyyən etmişdir.
27. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır.
28. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, əmək pensiyasının məbləği xx.xx.2008-ci il tarixdən əsassız artırılmışdır.
29. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
30. Həmçinin məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən yanlış hesab edilən xx.xx.2008-ci il tarixdən pensiyanın hesablanması iddiaçının məsuliyyəti deyil və onun təqsiri səbəbindən baş verməyib.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
32. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
33. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
34. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
35. Beləliklə iddia təmin edilməli, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərar ləğv ediməli, müdaxilən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərarı ləğv edilsin. Müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva