Məhkəmə qərarları › İş №2-1(112)-8876/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8876/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8876/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “16 iyul 2021-ci il tarixli **********8365 nömrəli qərarın ləğv olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Bakı İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli **********8365 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin rəisinin 1ci müavini vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli **********8365 nömrəli Qərara əsasən 1000 min manat məbləğində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021-ci il tarixli DVX seriyalı 006021 nömrəli aktda müştəriyə xidmət göstərildikdən sonra xidmətə görə ödənişin ödənilməsi ilə bağlı çekin dərhal verilmədiyini, daha sonra onlar tərəfindən NKA-ya bərpa edildiyi göstərildi. İddiaçı hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. İddiaçı qanunla nəzərdə tutulan, üzərinə düşən heç bir öhdəlikdən yayınmayaraq, vəzifələrini bacardığı qədər yerinə yetirmişdir. Fəaliyyətə başlamazdan əvvəl qanunvericilikdə göstərildiyi kimi qeydiyyat məsələlərinin hər birini həll etməkləri də bunun göstəricisidir. Təsərrüfat subyektində quraşdırılan və qeydiyyatdan keçirilən nəzarət-kassa aparatları müştərilərə xidmət göstərilən zaman daima işlək vəziyyətdə olaraq, istifadə olunur. Salonda çalışan işçi də sadə insan olaraq fikir dağınıqlığı yaşaya bilər və ya hər hansı vəzifəni yerinə yetirmək, müəyyən hərəkətlər etmək nəzərindən qaça bilər. Vergi xidməti müşavirləri tərtib etdikləri aktda qeyd ediblər ki, müştəri tərəfindən göstərilən xidmətə görə ödənilən məbləğ NKA-da qeydə alınmadı və çek verilmədi. Ola bilər ki, işçinin dərhal bu hərəkətləri etmək nəzərindən yayına bilər, amma bu o demək deyil qısa müddət ərzində ödənilən məbləğ NKA-da qeyd edilməyəcək. Həmçinin Vergi Xidməti müşavirləri aktda yalnız bir müştəri tərəfindən ödənilən məbləğin NKA-da qeyd edilmədiyini göstəriblər. İddiaçı hesab edir ki, əgər qanunvericiliklə üzərlərinə düşən öhdəlikdən yayınmağa çalışsaydılar, bu cür haldan bir neçəsi aşkarlanardı. Aktda yalnız bir halın qeyd olunmağı açıq-aşkar qanunla nəzərdə tutulan heç bir vəzifədən yayınmadıqlarının, üzərlərinə düşən öhdəlikdən boyun qaçırmadıqlarının və işçinin bir anlıq fikir dağınıqlığının təzahürüdür. Vergi xidməti müşavirləri bunları nəzərə almadan, xəbərdarlıq etmədən, akt tərtib edərək, qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda və 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi təsbit edilmişdir. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə tam riayət edilməmişdir. Belə ki, vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 27.05.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsaslan göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin cavabdehin qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu məcəllə ilə yerinə yetirilməməsi cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqeyi artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, nümunə kimi operativ vergi nəzarətin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2-l(102)-510/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli 2-1(102)-1754/2018 nömrəli və 27 noyabr 2019-cu il tarixli 2-1(102)-3327/2019 nömrəli qərarlarını məhkəmənin diqqətinə çatdırmaq istərdim. Həmin qərarların məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərmişdir. Göründüyü kimi, qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Çünki, əgər vergi orqanı qanunun tələblərinə uyğun olaraq vergi nəzarəti zamanı foto və ya video çəkilişdən istifadə etsə idi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntuların həqiqətən mövcud olubolmadığını açıq-aşkar görmək olardı.

4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 001022 saylı protokolun və **********1110 saylı qərarın, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 006021 saylı aktın, Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında **********099 nömrəli, 27.05.2021-ci il tarixli qərarın, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27.05.2021-ci il tarixli çıxarışın, Operativ Vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********1123 nömrəli tələbnamənin və 27.05.2021-ci il tarixli 002444 seriyalı akt və əlavələrinin, izahatların təsdiq olunmuş surətləri ilə birgə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli **********1099 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 27.05.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 27.05.2021- ci il tarixli DVX seriyalı 006021 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 01,06.2021-ci il tarixli **********830600 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 02.06.2021-ci il tarixdə saat 11:52:13-də oxumuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 16.07.2021-ci il tarixli **********8365 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 16.07.2021-ci il tarixli **********896600 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 17.07.2021-ci il tarixdə saat 13:13:25-də oxunduğu müəyyən edilmişdir. Nəzarət kassa aparatına məsul olan işçi fikir dağınıqlığı yaşayaraq xidmətə görə ödənilən məbləği NKA-da qeydiyyata almamışdır. Vergi orqanının əməkdaşları isə bunları nəzərə almadan, xəbərdarlıq etmədən akt tərtib edərək qərar qəbul etmişdir. Bununla bağlı qeyd edilmişdir ki, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin göstərilən xidmət müqabilində qəbul etdiyi məbləği kassaya mədaxil etməməsi bu kimi halların gün ərzində təkrarlanmasına əsaslı şübhələr yaratdığından vergi orqanı tərəfindən OVN tədbiri həyata keçirilmiş və kassa çekinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Hüququn ümumi prinsiplərindən çıxış edərək bildiririk ki, qanunu bilməmək məsuliyyətdən azad etmir və gün ərzində hər bir vergi ödəyicisi tərəfindən belə hallara yol verilməsi dövlət büdcəsinə ödəniləcək xeyli miqdarda vergilərin yayındırılmasına səbəb olur. Həmçinin bildirilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsində müəyyən olunmuş maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarət tədbirləri zamanı tətbiq edilir. Qeyd olunan halda isə operativ vergi nəzarəti 2021-ci ildə həyata keçirildiyindən xəbərdarlıq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Cavabdeh bütün bunlar nəzərə alınaraq, İddiaçıı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iddiaçı iclasın vaxtı və yeri barədə lazımınca məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. İddiaçının iştirakının təmin edilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə növbəti iclasında tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tərəflərinin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salmışdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə növbəti iclasında tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təkrarən məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

II. İddianın geri götürülmüş sayılması

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

9. İddiaçı məhkəmənin 14.09.2021-ci il tarixdə hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə 01.09.2021-ci il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası 25.10.2021-ci il tarixə təyin edilmiş, daha sonra məhkəmə iclası 10.12.2021-ci il tarixə təxirə salınmış, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas 10.12.2021-ci il tarixə təyin edilmişdir, tərəflər eyni qaydada məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.

10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar