Məhkəmə qərarları › İş №2-1(112)-888/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-888/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-888/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X8, X2 və X4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: Maraqlı şəxs MMC) “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Maraqlı şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına (zəruri cəlbetmə) cəlb edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Bakı şəhəri İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamın iddiaçıların ünvan 1 ünvanında yerləşən əmlakına aid hissədə etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini, həmçinin X8, X5 və X4 da işə iddiaçı qismində cəlb edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, təqribən 1950-ci illərdən etibarən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlcə iddiaçıların nənə-babalarına məxsus olub, sonradan vərəslik qaydasında valideynlərinə, indi isə özlərinə keçib. İddiaçılar həmin əraziyə əldə etdikləri hüquq əsasında nəsildən nəsilə bütün bu uzun illər ərzində orada fasiləsiz olaraq yaşayıblar. Qanunvericiliyin tələblərinə uyğun formada daşınmaz əmlak iddiaçıların paylı mülkiyyətinə verilib. ******* nömrəli, MH seriyalı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, **********49- 10301 qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində istifadədə olan 0,039 ha torpaq sahəsində yerləşən 2 ədəd, 1 mərtəbəli, 8 otaqlı 105,4 kv.m. yaşayış, 78,6 kv.m. köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 2/12 hissə, Kurzon (indi Quliyeva) Pərvinə Araz qızının 2/12 hissə, İddiaçı1 2/12 hissə, Quliyeva (indi Əliyeva) Günay Mətləb qızının 2/12 hissə, X4 2/12 hissə, İddiaçı3 2/12 hissə adların daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1885 nömrəli vərəqində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edərək xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin də onların mülkiyyəti kimi qeydə alınmasını xahiş ediblər. İddiaçıların tələbləri təmin edilərək onlara yeni çıxarışlar təqdim edilib və həmin çıxarışda torpaq sahəsi üzərində hüququn növü mülkiyyət kimi qeyd edilib. Yaxınlarda iddiaçılara məlum olub ki, Bakı şəhəri İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, iddiaçıların xüsusi mülkiyyətində olan ərazi də daxil olmaqla Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə "xxxx" MMC-nin istifadəsinə verilib. Eyni zamanda Bakı şəhəri İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 31 avqust 2020-ci il tarixli, 1603 saylı icarə müqaviləsinə əsasən, iddiaçıların xüsusi mülkiyyətində olan ərazi də daxil olmaqla qeyd edilən 4,2 ha torpaq sahəsi 49 il müddətinə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə "xxxx" MMC- nin icarəsinə verilib. Birincisi, həmin ərazi əvvəlcədən cavabdehlərin nənəbabalarma məxsus olub, sonradan vərəslik qaydasında valideynlərinə, indi isə özlərinə keçib. İddiaçılar həmin əraziyə əldə etdikləri hüquq əsasında bütün bu uzun illər ərzində orada fasiləsiz olaraq yaşayıblar. Müvafiq dövlət orqanları da müxtəlif hüquqi prosedurlar çərçivəsində iddiaçıların həmin əmlaka olan xüsusi mülkiyyət hüquqlarının legitimliyini tanıyıblar. İkincisi, iddiaçıların həmin torpaq sahəsinə dair istifadə və sahiblik hüquqları daim olub, mülkiyyət hüquqları isə Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına əsasən yaranıb. Belə ki, vərəslik qaydasında fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilə birlikdə onun altındakı torpaq sahəsinə dair müddətsiz istifadə hüququ da iddiaçılara keçib. İddiaçılara 2023-cü ildə verilmiş çıxarışda torpaq sahəsinə dair hüququn növünün mülkiyyət kimi göstərilməsinin hüquqi əsası Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı olduğundan qeyd edilən çıxarışın verilməsi ilə sadəcə cavabdehlərin həmin torpaq sahəsinə 10 yanvar 1997-ci il tarixində yaranmış mülkiyyət hüququnun rəsmiləşdirilməsindən ibarətdir. Mübahisəli ərazi iddiaçıların qanuni istifadəsində və mülkiyyətində olduğu halda, iddiaçıların bu hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, iddiaçıların qanuni istifadəsi və mülkiyyətində olan torpaq sahəsinə dair onların razılığı olmadan həmin ərazinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin istifadəsinə və icarəsinə verilməsi, bununla bağlı Sərəncamın verilməsi və icarə müqaviləsinin bağlanması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin bu qanunsuz hərəkətləri iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən qorunan mülkiyyət hüquqlarını açıq-aşkar kobud şəkildə pozur. Eyni zamanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına almır. 31 avqust 2020-ci il tarixli, 1603 saylı icarə müqaviləsi əsasında iddiaçılara məxsus torpaq sahəsinin də içində olduğu ərazi 49 il müddətinə icarəyə verilməsinə baxmayaraq Bakı şəhəri İcra Hakimiyyəti və ya "xxxx" MMC icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXD Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etməyiblər. Çünki onlar bilirdilər ki, həmin əraziyə iddiaçıların mülkiyyət hüquqları var və bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət tərəfindən qorunduğundan icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina ediləcək. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 46 İddiaçı1, İddiaçı3, İddiaçı2, X8, X2 və X4 paylı mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 164 nömrəli, xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Maraqlı şəxs MMC-nin istifadəsinə verilməsi” barədə Sərəncam ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçünMaraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-836/2024 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs MMC-nin cavabdehlər X5, X9, X6, İddiaçı3, X7 və İddiaçı1 qarşı “çıxarışın etibarsız hesab edilməsi” təəbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 aprel 2024-cü il tarixli sorğuya cavab məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 164 nömrəli, xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Maraqlı şəxs MMC-nin istifadəsinə verilməsi” barədə Sərəncamın verilməsinə əsas olmuş sənədlər təqdim olunmuşdur: -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli məktubuna əsasən Yasamal rayon İcra Hakimiyyəti ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərti ilə həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx"-yə ayrılmasına etiraz olunmamışdır. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən qeyd olunan ünvanda yerləşən 4,2 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz olunmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən həmin torpaq sahəsinin faktiki ölçüsünün 4,20 hektar olduğu müəyyən edilmişdir. Ərazidə yerləşən yaşayış evləri və qeyri-yaşayış sahələri ilə bağlı məsələlərin mövcud qanunvericiliyə uyğun həll edilməsi şərti ilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılmasına etiraz olunmamışdır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən tərtib olunmuş rəydən görünür ki, yaşayış evlərinə keçirilən baxış zamanı əksər mənzillərə daxilindən baxış keçirilməsi üçün şərait yaradılmamış, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı, Ələsgər Ələkbərov, İsmayıl Qutqaşınlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaları tələblərinə cavab vermir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, İnzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. Hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı, nail olmaq istədikləri məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətlərində olan yaşayış sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüquqlarının həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçıların xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçılara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,2 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt iddiaçıların torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçılara aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, mübahisə predmeti olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, həmin torpaq sahəsində yerləşən iddiaçılara məxsus yaşayış sahəsinin sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir. Bu səbəbdən həmin inzibati akt hazırki vəziyyətdə mübahisələndirilən hissədə, yəni iddiaçılara münasibətdə etibarsız hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İddianın mahiyyətinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçıların mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sərəncama bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Nərimanov rayon İcra Hakimiyyəti, mübahisə predmeti olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, həmin torpaq sahəsində yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir. Bu səbəbdən həmin inzibati akt hazırki vəziyyətdə mübahisələndirilən hissədə, yəni iddiaçılara münasibətdə ləğv edilməlidir. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin, “Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında” 18 fevral 2018-ci il tarixli akt və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyri-yaşayış binasında konstruksiyalarda aparılmış sınaqlara dair aktda məhz iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması və ya mövcud şəhərsalma normalarına cavab verməməsi barədə heç bir qeyd yoxdur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Mübahisəyə baxan məhkəmələr tərəfindən iddia rədd edilərkən, nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.” İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamı iddiaçıların ünvan 1 ünvanında yerləşən əmlakına aid hissədə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar