Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8888/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair texniki pasport verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********57-06301-083923 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 yanvar 2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən ümumi sahəsi 69.60 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair texniki pasportunun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********57-06301- 083923 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 yanvar 2021 -ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən ümumi sahəsi 69.60 kv.m-dən ibarət qeyri yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı daşınmaz əmlakın texniki pasportunun alınması məqsədi ilə 27 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ********** saylı, 27 fevral 2024-cü il tarixli məktubu ilə daşınmaz əmlaka dair yerləşmə sxeminin olmaması səbəbindən texniki pasportunun verilməsindən imtina olunmuşdur. Belə ki, həmin daşınmaz əmlak üzərində iddiaçının hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq onun adına bu barədə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmiş, dövlət reyestrində hüquqlar qeydiyyata alınarkan həmin daşınmaz əmlakın texniki göstəricələrini əks etdirən texniki pasport da verilməlidir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin imtina məktubunda gətirmiş olduğu əsaslar qanunun tələblərinə ziddir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın texniki göstəricilərini ifadə edən texniki pasport verilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair arxiv qovluğunda notarial qaydada təsdiq edilmiş bölgü sxemi və texniki pasport olmadığı üçün texniki pasportun tərtib edilməsi mümkün deyil.
4. Cavabdeh məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********57-06301-083923 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən ümumi sahəsi 69.60 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********46 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən qeyriyaşayış sahəsinə dair arxiv qovluğunda notarial qaydada təsdiq edilmiş bölgü sxemi və yerləşməsini müəyyən edən texniki sənəd olmadığı üçün texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Bundan əlavə iddiaçının bildirdiyinə görə qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbənin qapısı bağlı olduğundan idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2012-ci il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, 8 mərtəbəli qeyri-yaşayış binasının 6-cı mərtəbəsində yerləşir. Daşınmaz əmlakın sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 69,6 kv.m təşkil edir.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, obyektin yerləşdiyi 6-cı mərtəbənin giriş qapısının açarının bina (Amay) rəhbərliyində olduğu məlum oldu. Binanın rəhbərliyi iddiaçının 3 il yarım əmlak vergisi və kommunal borcları ödəməməsi səbəbindən obyektə daxil olmağa icazə vermədi. Eskiz tərtib olunmasına şərait yaradılmadı.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsini xahiş etmişdir.
13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2021ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
14. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış İddiaçı qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X1 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188)
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi.
16. Qeyd edilən normaların məzmunundan görünür ki, daşınmaz əmlakın üzərində qeydiyyatın aparılması ilə bağlı hərəkətlər hüququn qeydiyyata alınaraq çıxarışın və texiki pasportun verilməsi ilə tamamlanmış hesab edilir.
17. Odur ki, daşınmaz əmlaka dair hüquq qeydə alındığı təqdirdə texniki sənədin verilməsi vahid bir prosesin tərkib hissəsi olmaqla qeydiyyatın tamamlanmasına xidmət edir.
18. Məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış mövcud olduğundan (çıxarışın mötəbərliliyi mübahisələndirilmir), iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair texniki sənədin (texniki pasportun) verilməsini tələb etməyə dair qanuni gözləntisi yaranmışdır.
19. Cavabdeh tərəfindən qeyd edilən obyektə vaxtilə baxış keçirilmiş və 8 mərtəbəli qeyriyaşayış binasının 6-cı mərtəbəsində yerləşməsi, daşınmaz əmlakın sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 69,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq
21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva